Srağagün ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyunları keçirildi. “Sumqayıt” “Zirə”ni, “Qəbələ” isə “Qarabağ”ı qəbul etdi. Bu iki qarşılaşmada yalnız 1 qol vuruldu. O da “qırmızı-qaralar”ın payına düşdü. Qalan 3 komanda isə rəqib qapısına yol tapa bilmədi. Əslində ilk oyunlardan sonra hansısa komandanın ciddi mənada üstünlük qazandığını demək olmur. Baxmayaraq ki, Sənan Qurbanovun yetirmələri qol buraxmadan qalib gəldi. Görəsən, mayın 19-da Naxçıvanda keçiriləcək finala kimin şansı daha çoxdu? Gəlin, hər iki cütün taleyi ilə bağlı durumu gözdən keçirək.
Qeyd etdiyimiz kimi, “Qəbələ” minimal hesabla (1:0) qalib gəldi. Hansı ki, “qırmızı-qaralar” cari mövsüm bütün qarşılaşmalarda “Qarabağ”a uduzmuşdu. Sənan Qurbanovun komandası Ceyms Adeniyinin qolu ilə bu rəqiblə matçlardakı uğursuzluğa son verdi. Ancaq əsas məsələ cavab matçından asılıdı. “Köhlən atlar” cari mövsüm xeyli sayda darmadağına imza atıb. Elə bunlardan biri də “Qəbələ”ylə oyuna təsadüf edib. Odu ki, “qırmızı-qaralar”ın arxayınlaşması onlara baha başa gələ bilər. Bununla belə, şimallılar cavab matçında 1 qol vura bilsə, ağdamlılara 3 qol lazım olacaq. Hər halda, Qəbələdə qeydə alınan hesab Sənan Qurbanovun komandasını bir addım önə keçirib. Onu da nəzərə alaq ki, yarımfinaldan öncə çempionatda “Qəbələ”ni daha çətin sınaq gözləyir. Belə ki, “qırmızı-qaralar” gümüş medal uğrunda mübarizə apardığı “Səbail”lə səfərdə üz-üzə gələcək. “Qarabağ” isə başqa bir yarımfinalçı – “Zirə” ilə üz-üzə gələcək. Qəsəbə təmsilçisinin bütün diqqətini kuboka yönəltdiyi də şübhəsizdi. Bu üzdən Qurban Qurbanovun yetirmələrinin daha az güc itirəcəyini proqnozlaşdırmaq olar. Odu ki, final yolunda “Qəbələ”nin aşkar favorit olduğunu söyləmək düzgün deyil.
“Kapital Bank Arena”da qol səsi çıxmadı və sanki tərəflərdən hər ikisi heç-heçəyə razı idi. Təbii, qalib gəlməsə belə, evdə qol buraxmaması “Sumqayıt”ın üstünlüyüdü. Lakin bu məqam o zaman “kimyaçılar”ın işinə yaraya bilər ki, səfərdə fərqlənə bilsinlər. “Zirə” isə rəqib meydanında fərqlənə bilmədiyinə görə, çox güman, narahatdı. Ancaq ən azı səfərdə uduzmadığı üçün də Samir Abasovun komandasının ümidlərinin yaşadığını söyləmək olar. İlk oyundakı nəticəyə görə cüzi üstünlük “Sumqayıt”ın tərəfindədi. Qeyd edək ki, şənbə günü premyer-liqa çərçivəsində “gənclik şəhəri” təmsilçisi “Neftçi” ilə, “Zirə” isə “Qarabağ”la qarşılaşacaq. Hər iki komandanın rəqibi çempionluq urunda mübarizə aparır. Ancaq çətin ki, komandalar Avroliqaya getmək üçün yeganə yol olan kuboku çempionata qurban versin. Xüsusən son pillədən 6 xal öndə olan qəsəbə təsmilçisi üçün bu fikri söyləmək olar. “Kimyaçılar”ın isə turnir cədvəlinin sonuncusu olmaq qorxusu da var. Buna rəğmən, şənbə günü keçiriləcək matçda Ayxan Abbasovun bəzi rotasiyalara əl atacağı şübhə doğurmur. Xal ehtiyatını artırmaq arzusunu cavab oyunundan sonrakı turlara da saxlamaq olar. Əks halda, “bir əldə iki qarpız tutmaq” cəhdinin acı sonluğu qaçılmaz ola bilər.
Ölkə kuboku
yarımfinal, ilk oyunlar
23 aprel
Sumqayıt – Zirə 0:0
Qəbələ - Qarabağ 1:0
Cavab görüşləri mayın 1-də keçiriləcək:
17.00 Qarabağ – Qəbələ
20.00 Zirə - Sumqayıt
FARİZ