Sizin reklam burada

MOİK-in məşqçisinin yazdıqları Elbrus Məmmədovu özündən çıxardı

Title
MOİK-in məşqçisinin yazdıqları Elbrus Məmmədovu özündən çıxardı
“Tüpürüm sizin məşqçiliyinizə”
Ötən sayımızda MOİK-də baş məşqçinin köməkçisi olan Ramin Nəsibovla “Zaqatala”nın fanatı İnqilab Soltanov arasında “feysbuk”da yaşanan söz duelinin məzmununu diqqətinizə çatdırmışdıq. Qısaca xatırladaq ki, “hərbçilər”in ötən tur “Neftçi-2”yə böyük hesabla uduzmasını xoş qarşılamayan İnqilab bəy Azər Bağırovun çalışdırdığı komandanın bilərəkdən “ağ-qaralar”a məğlub olduğunu qeyd edib. Onun sözlərinə görə, MOİK bilərəkdən uduzub ki, bürünc medallar “Zaqatala”ya yox, “ağ-qaralar”ın ikinci komandasına nəsib olsun.
“Zaqatala”nın fanatının yazıdıqlarına reaksiya verən Nəsibov isə özlərinin haqsızlığa məruz qaldığını, son turlarda hakim qərəzi səbəbindən xal itirdiklərini vurğulayıb. Vaxtilə “Simurq”un da şərəfini qoruyan “bico” ləqəbli veteran bir qədər də irəli gedərək İnqilab bəyə “3 matçdı hakimlər bizi “sürüyür”. Növbəti 3 oyunda da “sürüyəcəklər”, təki çempionluğu “Sumqayıt”a versinlər. Oturmusuz Zaqatalada, heç nədən xəbəriniz yoxdu” mesajını göndərib.
Ramin bəyin yazdıqları əsl araşdırma mövsuzudu. Bu gün Region Liqasında oyun alğı-satqısı ilə bağlı araşdırma aparanlar yaxşı olardı ki, MOİK-in məşqçisini AFFA-ya dəvət edib, yazdıqlarını əsaslandırmağı tələb edəydilər. Ondan birinci divizionda “Sumqayıt-2”nin çempion olması üçün kimlərin “qara işlər gördüyünü” soruşaydılar. Yəqin ki, Nəsibovun əlində hansısa tutarlı faktlar var. Əks halda peşəkar klubun məşqçilər korpusuna daxil olan biri heç vaxt riskə gedib sosial şəbəkədə başqa bir klubun fanatına belə mesaj yazmaz. Ramin bəy bununla həm də “Sumqayıt-2”nin “bostanına daş atıb”. Mövsümün sonunda “kimyaçılar” çempionluğu bayram etsə, artıq Soltanovla yanaşı, MOİK-in məşqçisinin “feysbuk”da yazdıqlarını oxuyan başqa futbolsevərlər də Elbrus Məmmədovun komandasının “qızıl”ı əyri yollarla qazandığını düşünəcəklər.
Nəsibovun yazdıqlarına “ağ-göylər”in çalışdırıcısından münasibət öyrənməyi lazım bildik. Elbrus Məmmədov həmkarının yazdıqlarlarından xəbər tutunca, bunları dedi: “Ola bilməz, inanmıram ki, bu fikirlər Ramin Nəsibova məxsusdu. Nə deyəcəyimi belə bilmirəm. Adamı görəndə qucaqlayıb öpürlər, arxamızca isə görün nə danışırlar? Şərh vermək istəmirəm. Tüpürüm sizin məşqçiliyinizə”.
RƏŞAD
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.