Sizin reklam burada

“Uğur” finala yüksəldi

Title
“Uğur” finala yüksəldi
Sakit Rzayev: “Naxçıvanlı gənclərin inkişafı üçün “Araz Naxçıvan”, heç olmasa, birinci divizionda çıxış etməlidi”
Dünən Binə İdman Kompleksinin meydanında Region Liqasının ilk yarımfinal qarşılaşması keçirilib. “Uğur” – “Araz Naxçıvan” görüşü, gözlənildiyi kimi, sumqayıtlıların qələbəsi ilə başa çatıb – 3:0. Liqanın ötənilki qalibinin heyətində Anar Ağayev, Vüqar Nadirov və Ülvi Quliyev fərqlənib.
Oyun başa çatandan sonra hər iki komandanın baş məşqçilərinin fikirlərini öyrəndik.
Sakit Razayev (Araz Naxçıvan): “Bu görüş bir daha göstərdi ki, oyun təcrübəsinin olması nə qədər böyük əhəmiyyət daşıyır. Bildiyiniz kimi, biz Naxçıvan çempionatında iştirak edirik. Orda isə komandaların sayı elə də çox olmadığından istədiymiz qədər oyun keçirə bilmirik. Gündəlik məşqlər yetərli deyil. 10 məşq bir rəsmi görüşün əvəzini vermir. “Uğur”un oturuşmuş heyəti var. Kollektivdə təcrübəli futbolçuların sayı yetərincədi. Və ən əsası, sumqayıtlılar daha çox oyun təcrübəsinə malikdilər ki, bu gün də meydanda göstərdilər. Bizim komandanın orta yaş həddi də aşağıdı. Heyətdə əsasən 17-20 yaş aralığında oyunçular çıxış edir. Cəmi iki futbolçumuzun 25 yaşı var. Gənclər hələ yetərincə təcrübəyə malik olmadıqlarından “Uğur”un təzyiqinə tab gətirə bilmədilər. Naxçıvanlı gənclərin inkişafı üçün “Araz Naxçıvan”, heç olmasa, birinci divizionda çıxış etməlidi. Bununla bağlı vaxtaşırı söz-söhbətlər yaranır. Ancaq klubların Naxçıvana gəlib-getməsi büdcələrinə müəyyən problemlər yaratdığından hələ ki bu məsələdə irəliləyiş yoxdu. Ölkə kubokunun finalı Naxçıvanda keçiriləcək. Həmin gün AFFA rəhbərliyi də orda olacaq. Ola bilər ki, Muxtar Respublikanın rəhbərliyi ilə AFFA rəsmiləri arasında baş tutacaq görüşdə bu məsələ müzakirə olunsun. Digər yarımfinal görüşünün vaxtı məlum olmadığından, bürünc uğrunda keçiriləcək qarşılaşmanın da vaxtı bilinmir. Buna görə də komanda bu gecə Naxçıvana qayıdır. AFFA nə vaxt desə, onda yenidən Bakıya dönüb 3-cü yer uğrunda matçda meydana çıxacağıq”.
Qəzənfər Abbasov (Uğur): “Matçdan bir gün öncə də sizə açıqlamamda demişdim ki, “Araz Naxçıvan” haqda geniş məlumatımız olmadığından rəqib bizim üçün “sirli qutu”du. Bu üzdən futbolçulara ilk dəqiqələrdə bir qədər ehtiyatlı oynamaq, topu özümüzdə saxlayıb, rəqibi irəli atılmağa məcbur etmək tapşırığı vermişdim. Bir neçə dəqiqədən sonra “Araz Naxçıvan”ın nəyə qadir olduğunu gördük. Bütün futbolçulara yaxşı oyuna görə təşəkkür edirəm. “Araz Naxçıvan” 90 dəqiqə ərzində bir dəfə də olsun, qapımız önündə real qol vəziyyəti yarada bilmədi. Biz isə istədiyimiz nəticəni əldə edib ardıcıl ikinci dəfə finala yüksəldik. Mövsümün əsas qarşılaşmasında rəqibimizin kimliyinin önəmi yoxdu. Çünki həm “FC Baku”, həm də “Şahdağ”la eyni qrupda mübarizə aparmışıq və onların nəyə qadir olduğunu yaxşı bilirik. Bizi narahat edən tək məsələ finalın hansı tarixdə keçirilməsidi. Bununla bağlı qeyri-müəyyənlik olduğundan məşq proqramını qurmaq çətindi. Əsas istəyimiz ikinci dəfə finalda qalib gəlib kuboku Sumqayıta aparmaqdı”.
RƏŞAD
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.