Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayətzadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov və Ramis Kərimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Maraqlıdı ki, bu dəfə prosesdə şahid qismində "Keşlə"nin sabiq prezidenti Rəşad Qasımov ifadə verib. O bildirib ki, 1994-cü ildən Beynəlxalq Bankda çalışıb. Bankın Mühasibat Uçotu və Nəzarət departamentinin direktoru olduğunu deyən şahid söyləyib ki, 2015-ci ilin dekabrında işdən ayrılıb.
Həmçinin Qasımov dindirilən zaman söyləyib ki, keçmiş "İnter" Peşəkar Futbol Klubunun (indiki "Keşlə") bir müddət rəhbəri olub: "Kredit Komitəsinin üzvü olsam da, iclaslarda iştirak etməmişəm. Sonda qərarlara qol çəkmişəm. Vəzifəmlə bağlı işlərim çox idi. Ona görə də iclaslara qatılmırdım".
O qeyd edib ki, "İnter"in rəhbəri olduğu dövrdə Beynəlxalq Bankdan sosial layihə ilə bağlı kredit götürülməyib: "Mən klub prezidenti olan zaman komandanın oyunlarını gedib izləyirdim. Layihələrlə bağlı isə heç bir kredit götürülməyib".
Məhkəmənin növbəti iclası aprelin 29-na təyin olunub.
Xatırladaq ki, uzun müddət indiki “Keşlə”nin prezidenti olmuş C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il, D.Xəlilov 13 il və İ.Hidayətzadə isə 7 il müddətinə azadlıqdan məhrum olunub.