Sizin reklam burada

Sabiq məşqçiləri Təmkinin əməllərini yada saldılar

Title
Sabiq məşqçiləri Təmkinin əməllərini yada saldılar
Ayxan Abbasov: “Bəzən hansısa anlaşılmazlıq olub”
Adil Şükürov: “İnsandı, bəlkə də zamanla dəyişib”
Sənan Qurbanov: “Məşqə gecikmişdi, cərimələnəndən sonra bir də təkrarlanmadı”

“Zirə”dəki parlaq çıxışı sayəsində adından söz etdirən, nəticədə yığmaya cəlb olunan Təmkin Xəlilzadə daha yaxşı şərtlərlə “Qəbələ”yə transfer olunmuşdu. Lakin bölgə təmsilçisində çıxış etdiyi bir il ərzində daha çox aldığı qırmızı vərəqələrlə yadda qaldı. Təkcə “Proqress”lə vacib oyunda komandasını azlıqda qoymasını xatırlamaq kifayətdi.
Daha sonra “Sabah”la razılıq əldə etdi ki, bunu da ailə vəziyyətinə görə karyerasını paytaxtda davam etdirmək istəyi ilə əlaqələndirdi. “Tələbələr”in heyətində də parlaq çıxışla yadda qala bilmədi. Bəzi oyunları zəif keçirdi, bir neçəsini kənardan izlədi, yaxud oyuna sonradan qoşuldu. Nəticədə baş məşqçi və klub rəhbərliyinin qərarı əsasından komandadan kənarlaşdırıldı. Səbəb isə dəfələrlə daxili intizam qaydalarını pozmasıdı.
Deyilənə görə, buna özünü “göylə aparması” və Elşad Əhmədova cavab qaytarması səbəb olub. Lakin nə özü, nə də Əhmədov məsələylə bağlı açıqlama verir, qaranlıq məqamlara aydınlıq gətirir. Biz isə mövzunu başqa cür davam etdirmək istədik. Vaxtilə “Zirə”də və “Qəbələ”də rəhbərliyi altında çıxış etdiyi çalışdırıcılarla əlaqə saxlayıb, “Təmkin Xəlilzadəni necə xatırlayırsız, komandanızda oynayanda intizamsızlıq edirdi” sualına cavab tapmağa çalışdıq.
Ayxan Abbasov: “Məlum qərardan xəbərdaram. Təmkini yaxından tanıyam biriyəm. Vaxtilə rəhbərliyimiz altında çıxış edib. Hətta deyərdim ki, ən yaxşı günləri “Zirə”də keçib, parlayıb, milliyə dəvət alıb. “Zirə”dəki ilk ilində əsas heyətdə düşməkdə çətinlik çəkirdi. Amma sonradan “11-lik”dəki yerini möhkəmləndirə bildi. Bildiyiniz kimi, sonradan komandanın aparıcı fiqurlarından birinə çevrildi. “Zirə”nin 4-cü yeri tutmasında Təmkinin böyük əməyi var idi. Üstəlik, Avroliqada da xoş təsir bağışlamışdı. Belə bir futbolçunun tez-tez klub dəyişməsinə təəssüflənirəm. Və son günlərdə komandadan kənarlaşdırılması ürəkaçan hadisə deyil. Bu nələrdənsə xəbər verir. Bu gün klublar da peşəkar davranmağa çalışırlar. Təmkin oturub yaxşı-yaxşı fikirləşməlidi. Son hadisələri təhlil etməli, nəticə çıxarmalıdı. Açığı, rəhbərliyim altında oynayanda intizamsızlıqla bağlı ciddi problemi olmamışdı. Düzdü, bəzən hansısa anlaşılmazlıq olub. Bu da təkcə Xəlilzadə ilə bağlı deyil, bir çox futbolçularda olur. Yığma üzvüdü, son zamanlar özünü ən yaxşı tərəfdən göstərən oyunçulardandı. Bu cür istedadları itirmək adama pis təsir edir. Məşqçini, ya da klub rəhbərliyini qınamaq olmur. Futbolçular diqqətli olmalıdılar”.
Adil Şükürov: “Məlum qərar öz yerində, açığı, Təmkinin tez-tez klub dəyişməsinin özü mənim üçün gözlənilməz idi. “Zirə”dəki ilk dönəmində rəhbərliyim altında çıxış etdiyindən, tez-tez fərdi söhbətlərimiz olurdu. Və başa salırdıq ki, futbolçu uzun illər bir komandada çıxış edəndə daha hörmətli olur. Münasibətimiz yaxşı idi və buna görə də oturub söhbət edə, yol göstərə bilirdik. Bəzən özü məsləhət alırdı, bəzən biz özümüz ona nələrisə başa salırdıq. Ona görə də bir il ərzində “Zirə”dən “Qəbələ”yə, ordan “Sabah”a keçməsi mənə təəccüblü gəldi. O ki qaldı sualınıza, düzü, ciddi bir intizamsızlığını görməmişəm. Halbuki 3-4 il əvvəl yaşı daha az idi və ərköyünlük etməsi, intizama əməl etməməsi gözlənilən idi. İnsandı, bəlkə də zamanla dəyişib. Bizim dönəmdə intizama riayət edən, özünü normal aparan futbolçulardan idi”.
Sənan Qurbanov: “Təmkin istedadlı futbolçudu. Öz üzərində işləsə, daha da “artıra” bilər, bundan da yaxşı oynayar. Açığı, “Qəbələ”də olduğu müddətdə ciddi intizam pozuntusuna yol verdiyini xatırlamıram. Məşqə gecikmişdi, cərimələnəndən sonra bir də təkrarlanmadı. Roman Qriqorçukun dövründə? Düzü, tam xatırlamıram. Olubsa da, çox güman, oynamamasına görə hansısa narazılıq yaşanıb. Dediyim kimi, ciddi bir şey olmamışdı”.
HƏBİB
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.