Futzal üzrə yüksək liqada ikihəftəlik fasiləyə aprelin 23-də yekun vurulacaq. 26-cı turun görüşləri “Olimpik Star”da baş tutacaq. Bu üzdən hətta mərkəzi oyun – “Araz” – “Neftçi” derbisi də yayınlanmayacaq. Pley-off mərhələsinə 3 tur qalmış “Araz” ən yaxın izləyicisini məğlub etməklə zirvədə yerini bir qədər də möhkəmləndirə bilər. Hacıbala Abdullazadənin komandası da uduzmaq istəmir, əks halda bir pillə geriləyib 3-cü yerə düşəcək. Çünki autsayder “Liman”la qarşılaşacaq “Ekol”un qələbə qazanacağı (hətta böyükhesablı) şübhə doğurmur. “Şirkət təmsilçisi”ni növbəti iki turda “Neftçi” və “Araz”la ölüm-dirim mübarizəsi gözlədiyini də vurğulamaq yerinə düşər. Bu baxımdan ən rahat qrafik “Xəzər Cənub”undu. Bu turda məcburi istirahət edəcək Lənkəran təmsilçisi 27-ci turda “Yasamal” İSK, son turda isə “Liman”ı sınağa çəkəcək. Çərşənbə axşamı böyük ehtimalla autsayderlər mövqeyində də yerdəyişmə baş verəcək. Çünki “Yasamal” İSK çempionatdan kənarlaşdırılan “Yasamal” MFK-ya görə texniki qələbə ilə xallarını 9-a çatdıracaq və beləliklə, “zirzəmi”dən qurtularaq 6-cı yerə yüksəlmək şansı əldə edəcək.
Araz – Neftçi
Hakimlər: Azər Əsgərov, Hikmət Qafarlı, Kənan Məlikov.
23 aprel. Olimpik Star. Saat 14.30
Ekol – Liman
Hakimlər: Rahin Heybətov, Elmir Quluzadə, Elvin Ağayev.
23 aprel. Olimpik Star. Saat 16.30
1. Araz 22 16 4 2 175-49 52
2. Neftçi 21 15 1 5 141-59 46
3. Xəzər Cənub 22 14 3 5 201-68 45
4. Ekol 21 14 3 4 183-57 45
5. Yasamal MFK 21 6 1 14 95-112 19
6. Liman 21 2 0 19 66-293 6
7. Yasamal İSK 22 2 0 20 67-290 6
Bombaridlər: Hadi Rizvan (Xəzər Cənub) – 67, Namiq Məmmədkərimov (Ekol) – 53, Xətai Bağırov (Araz) – 38.