98. Qarabağ (Ağdam) – Keşlə 3:0 (1:0)
13. Vaqner da Silva – 5,5
5. Maksim Medvedev – 5,5
55. Bədavi Hüseynov – 5,5
14. Rəşad Sadıqov (k) – 5,5
30. Abbas Hüseynov – 5,0
6. Simeon Slavçev – 6,0
8. Miçel – 5,5
(2. Qara Qarayev, 78) – qiymətsiz
17. Abdulla Zubir – 5,5
(9. Araz Abdullayev, 75) – 5,0
20. Riçard Almeyda – 5,0
10. Dani Kintana – 5,0
(99. Reynaldo, 80) – qiymətsiz
11. Mahir Mədətov – 5,5
Ehtiyat oyunçular
12. Şahruddin Məhəmmədəliyev
94. Nicat Mehbalıyev
4. Rahil Məmmədov
7. İnnosent Emeqara
18. İsmayıl İbrahimli
21. Hacıağa Hacılı
71. Toral Bayramov
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Simeon Slavçev
16. Şahin Zəkiyev – qiymətsiz
(30. Davud Kərimi, 23) – 4,0
19. Azər Salahlı – 4,0
93. Edvinas Girdvainis – 4,0
3. Denis Silva – 4,5
65. Cabir Əmirli – 4,5
25. Con Kamara – 5,0
8. Seymur Əsədov – 4,0
4. Slavik Alxasov (k) – 4,5
22. Nikola Mitroviç – 4,0
(9. Amil Yunanov, 46) – 4,0
11. Vüsal İsgəndərli - 4,5
14. Andre Klennon – 4,0
(32. Valeri Kutsenko, 46) – 4,0
Ehtiyat oyunçular
2. Sərtan Taşkın
10. Ruslan Nəsirli
18. Ruslan Əmircanov
21. Angelo Pena
24. Fuad Bayramov
33. Tərlan Quliyev
66. Murad Qayalı
Baş məşqçi: Tərlan Əhmədov
Komandanın ən yaxşısı: Con Kamara
Qollar: S.Slavçev, 18 (1:0). R.Almeyda, 59-p. (2:0). A.Zubir, 75 (3:0)
Vərəqələr: C.Kamara, 13 (qeyri-idman hərəkəti). D.Kintana, 29 (qeyri-idman hərəkəti). V.Kutsenko, 67 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: ƏLİYAR AĞAYEV, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev (hamısı Bakı).
Hakim-inspektor: Munis Abdullayev (Bakı).
AFFA nümayəndəsi: Ramiz Mustafayev (Bakı).
18 aprel. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. 500 tamaşaçı (31200 yerlik).
Birinci hissəyə 4, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,0.
“Keşlə”nin “Qarabağ”la öz haqq-hesabı vardı. Dekabrda ölkə kubokunun 1/4 final mərhələsində son 5 ilin çempionu “qırmızılar”ı mübarizədən kənarlarşdırmışdı. Bu azmış kimi, 13-cü turda həmin “Keşlə”nin qapısına 5 dəfə yol tapmaqla rəqibini darmadağın etmişdi. Odu ki, bakılılar yaxın keçmişdəki yenilgilərin qisasını almaqla təsəlli tapa bilərdi. Bilərdi…
Oyun daha iki məqamla əlamətdar idi. Matç günü, yəni aprelin 18-də Araz Abdullayevin doğum günüydü ki, yığma üzvü 27 yaşını tamamlayırdı. Maksim Medvedev isə bütün turnirlər daxil olmaqla illərdi geydiyi formada 400-cü oyuna çıxacaqdı.
“Köhlən atlar” aşkar favorit göstərilsə də, oyun onlar üçün heç də asan keçmədi. “Qırmızılar” ilk dəqiqələrdən pressinq edir, özündən qat-qat güclü rəqibə boşluqlar verməməyə çalışırdı. İnsaf naminə, bu onlarda heç də pis alınmırdı. Qonaqlar meydan sahiblərinə qapıya yaxınlaşmaq imkanı vermirdi deyə, matç əvvəldən sona qədər qol vəziyyətləri sarıdan kasadlığı ilə yadda qaldı. Buraxılan bütün qolları isə ayrı-ayrı futbolçuların boynuna yazmalıyıq. 18-ci dəqiqədə Gidvainis Zubirin asmasına başla toxuna bilməyincə, top Mahirə qismət oldu. Mədətovun qol vurmasını premyer-liqada ilk oyununu keçirən Şahin əngəlləsə də, Slavçev təkrar zərbəylə torun möhkəmliyini yoxladı – 1:0. Hesab açılandan sonra meydan sahibləri təmkini əldən vermir, əsasən topa nəzarəti əlində saxlamağa çalışırdı. İlk yarının sonlarında Slavçev iki dəfə qola yaxın oldu, lakin dubl etməsinə birincidə qeyri-dəqiqliyi, ikincidə Davud mane oldu.
Riskə gedən Tərlan Əhmədov ikinci hissə başlayan kimi daha iki dəyişiklik etməklə əvəzetmə limitini bitirmiş oldu. Lakin qollar yenə çempiondan gəldi. Seymur ləngliyi səbəbindən topu itirdi, bu azmış kimi, Mədətovun ayağına arxadan zərbə endirdi. Epizoda yaxın olan Əliyar dərhal “nöqtə”ni göstərincə, oyunu istənilən səviyyədə keçirməyən Almeyda penaltidən fərqləndi. Matçın ən yaxşılarından olan Zubirin fərqlənməməsi günah olardı. Və çox keçmədən o da istəyinə çatdı. Vurduğu qolda ustalığı hər nə qədər rol oynadısa, Kəriminin səhvi də bir o qədər həlledici oldu. Son 10-15 dəqiqədə “Keşlə”lilər olduqca istəkli görünmələrinə baxmayaraq, təsəlli qolunu belə vurmağa gücləri çatmadı.
“Köhlən atlar” qazandıqları növbəti 3 xalla liderliyi möhkəmlətmiş oldular. “Keşlə” isə “Sumqayıt”ın məğlubiyyətindən yararlanıb sonuncu pillədən qurtulmaq şansını əldən verdi.
Gözdən qaçmadı
* Matçdan əvvəl, futbolçular isinmə hərəkətlərini yerinə yetirərkən “Keşlə”nin Müşahidə Şurasının sədri Zaur Axundov qaçış zolağında göründü. Axundov öncə AFFA-nın İcraiyyə Komitəsindəki masa yoldaşı Qurban Qurbanovla xeyli söhbət etdi, daha sonra Tərlan Əhmədovla nələrisə müzakirə etməklə diqqəti çəkdi.
* Bu, Maksim Medevdev üçün “Qarabağ”ın formasında bütün turnirlərdə keçirdiyi 400-cü oyun kimi yadda qaldı. Odu ki, klub rəsmiləri səbəbkarı təbrik etmək üçün maraqlı addımla yadda qalmışdı. Maksimin xəbəri olmadan xanımına klubdan zəng vurulmuş, üç övladı ilə birgə stadiona gəlməsi xahiş edilmişdi. Futbolçular hakimlərlə meydana çıxan anda Medvedev balaca qızı da daxil olmaqla üç övladının meydana ayaq basdığını görüb şoka düşdü. Uşaqları atalarına arxasına “Medvedev 400” yazılmış futbolka hədiyyə etdilər.
* “Keşlə” ilk qolu buraxandan sonra qonaq azarkeşlər baş məşqçilərinə dəstək nümayiş etdirmək üçün bir neçə dəfə “Tərlan müəllim, üzbəüzdəyik” şüarını səsləndirdilər.
* Bundan bir neçə saniyə sonra Əhmədov texniki zonadan uzaqlaşdırıldı. Buna səbəb baş hakimə etdiyi ardıcıl narazılıqlar idi.
* Yeri gəlmişkən, premyer-liqada debüt edən Şahin Zəkiyevin zədələnməsi ehtiyat qapıçı Davud Kəriminin ürəyincə olmadı. Təcrübəli qapıçı 20 yaşlı həmkarının oyunu davam etdirə bilməyəcəyini eşidincə, əlindəki tərliyi yerə çırpdı, bir neçə dəfə başını yelləməklə heyfsiləndi. Görünür, Davud həmin an öz gəncliyini göz önünə gətiribmiş.
* Matç başa çatandan sonra Denis Silva tribunaya yaxınlaşıb əlindəki qara əlcəkləri çıxardı və azyaşlı azarkeşlərdən birinə verdi.
HƏBİB