Sizin reklam burada

Fariz Nəcəfov kluba yeni sponsorlar cəlb etməyi düşünür

Title
Fariz Nəcəfov kluba yeni sponsorlar cəlb etməyi düşünür
“Stiven o hərəkəti qəsdən etsəydi, bu gün nə "Qəbələ"də, nə də Azərbaycanda qala bilərdi”
Ötən həftə "Qəbələ"nin prezidenti postundan ayrılan Tale Heydərovun istefası gündəm olmuşdu. Post cəmi bir həftə vakant qaldı. Vitse-prezident Fariz Nəcəfov sponsorların xeyir-duası ilə Heydərovun kreslosuna əyləşdi. Ancaq hələ də klubun taleyi, gələcəyi qeyri-müəyyəndi. Bir çox suallar qaranlıq qalır. Dünən "Zirə" ilə oyunun fasiləsində Fariz bəyə yaxınlaşıb təyinatı və gələcək planlar ətrafında söhbətləşdik.
- Əvvəlcə təyinatınız münasibəti ilə təbrik edirik. Tale Heydərovla görüşmək üçün həftəiçi Londonda getmişdiz və bundan sonra prosesə aydınlıq gəldi. Mümkünsə, təyinatın detallarını bizimlə bölüşərdiz.
- Bu haqda klub tərəfindən açıqlama verilib. Çox güman, Tale müəllim tərəfindən namizədliyim tövsiyə olunmuşdu. Təsiscilərdən təklif gəldi. Təbii ki, imtina edə bilməzdim. İllərdi klubdayam, uğur qazanmaq üçün çalışırıq. Beləliklə, təsdiqləndim. Uğurun davamını gətirmək üçün bundan sonra da əlimdən nə gəlirsə, edəcəm.
- Yəqin klubun yaxın və uzaq planlarıni da müzakirə etmisiz.
- Belə deyim, əvvəldən nə plan nəzərdə tutulmuşdusa, ciddi dəyişiklik etmədən yolumuza davam edəcəyik. "Qəbələ"də həmişə bu fikir formalaşıb ki, əlimizdəki imkanlardan maksimum istifadə olunmalıdı. Yəni bəlli imkan çərçivəsində maksimum nəticə əldə etmək olub hədəfimiz. Mövsümün sonuna kimi hər şey bu şəkildə davam edəcək, dəyişiklik olmayacaq. Növbəti mövsüm üçün isə indidən açıqlama verə bilmərəm. Ona qədər hələ vaxtımız var. Gələcəkdə necə olacağı haqda dəqiq açıqlama verməkdə çətinlik çəkirəm.
- Uzaq planlara "Qəbələ"nin mövsümü titulla bitirməsi, Avroliqaya vəsiqə qazanması təsir göstərə bilər?
- Heyətlə bağlı açıqlama vermək istəmirəm. Çünki baş məşqçi ilə bu haqda danışmamışam. Növbəti mövsümlə bağlı iddialara aydınlıq gələndən sonra heyətdəki dəyişiklik də buna əsasən edilə bilər. Hazırda əsas məqsəd Avropa Liqasına vəsiqə əldə etməkdi. Vəsiqə qazanaq, sonra bu barədə danışarıq. Müəyyən fikirlər var, amma açıqlaya bilmirəm.
- Bəs struktur dəyişikliyi necə, olacaq? Məsələn, siz prezident təyin olunandan sonra vitse-prezident postu boş qalıb.
- Sözsüz ki, dəyişiklik olacaq. Ancaq ciddi dəyişiklik gözlənilmir. Kadr islahatı, yerdəyişmə ola bilər. Konkret vitse-prezident ştatının bundan sonra qalıb-qalmayacağına qərar verilməyib. Toplantımız olacaq, bu kimi suallara orda aydınlıq gələcək.
- Büdcə azaldılacaq?
- Hələ ki hər şey əvvəlki kimi qalır. İstər akademiya, istərsə də əsas komanda ilə bağlı planlarımız dəyişməyib. Növbəti mövsüm üçün nəsə deyə bilmərəm. Büdcə müzakirələri olmalıdı və yalnız bundan sonra planlar açıqlanacaq. Sponsorlarımızdan biri yenə "Gilan Holdinq" olaraq qalır. Amma əlavə maliyyə mənbələri axtarmağı düşünürük. Sponsorlar cəlb etmək istəyirik. Bununla bağlı işlər davam etdirilir.
- Ötən turda Bakıdakı oyunda xeyli sayda azarkeş komandanı dəstəkləyirdi. Bu gün isə həmin mənzərənin əksinə şahid olduq.
- Həqiqətən də "Keşlə" ilə oyunda kifayət qədər azarkeşimiz var idi. Paytaxtda yaşayan bir neçə qəbələli var, onlar təbliğat aparmışdılar. Bundan başqa, dəstəkləyənlər arasında holdinqimizin işçiləri də var idi. Bu gün bəlkə yenə çox adam gələrdi, fikrimcə, yağış mane oldu. Hava şəraiti əlverişli deyildi.
- "Qəbələ"nin oyunu sizi qane edir? Bu komandanın "Qarabağ"ı mübarizədən kənarlaşdırıb finala çıxması nə dərəcədə realdı?
- Desəm ki heyətimiz genişdi, düzgün olmaz. Əksinə, səviyyəli oyunçulardan söhbət gedirsə, ciddi qıtlıq var. Belə heyətlə üç gündən bir oynamaq üçün potensialımiz zəifdi, bunu etiraf etməliyəm. Ancaq çəkinmirik və hesab edirəm ki, gücümüz çatar. Bugünkü oyunda komanda əlindən gələni etməyə çalışır.
- Ötən turda Stiven Jozef-Monrozla bağlı xoşagəlməz olay oldu. Buna münasibətinizi bilmək istərdik.
- Əlbəttə, orda anlaşılmazlıq baş verib. Heç bir futbolçu bilərəkdən elə hərəkətə yol verməz. Stiven o hərəkəti qəsdən etsəydi, bu gün nə "Qəbələ"də, nə də Azərbaycanda qala bilərdi. Mümkün deyil! Arzuolunmaz haldı ki, həmin anda videokamera ora yönəlib, bunu əksəriyyət görüb. Klub tərəfindən lazımi açıqlama verilib. Futbolçu ilə də söhbət aparılıb. Yenə deyirəm, anlaşılmazlıq olub, bunu çox şişirtmək lazım deyil.
- Sonda kubokun finalının Naxçıvana salınmasına münasibətinizi bilmək istərdik. Hava şəraitinə və oyunun günorta saatlarına salınmasına etiraz edənlər var.
- Bu haqda sonra danışarıq. Finala adlayaq, müzakirə edərik.
MİRAGA
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.