Sizin reklam burada

Tale Heydərov “Qəbələ”ni yaxın silahdaşına tapşırdı

Müəllif: football Tarix: 21-04-2019, 12:32 565 Baxış
Tale Heydərov “Qəbələ”ni yaxın silahdaşına tapşırdı
Tale Heydərovun istefasından sonra “Qəbələ”yə kimin rəhbərlik edəcəyi məlum oldu. Uzun illər “qırmızı-qaralar”ın vitse-prezidenti postunu tutan Fariz Nəcəvov bundan sonra fəaliyyətini prezident kimi davam etdirəcək. Bazar ertsəsi sabiq prezidentlə görüşmək üçün ölkə xaricinə yollanan Nəcəvofun məsul posta gələcəyi də həmin görüşdən sonra məlum olub. Yeni prezident təyinatı ilə bağlı klub saytına fikirlərini bölüşüb: “Qəbələ” İdman Klubunun prezidenti olmaq mənim üçün böyük şərəfdi. Mən Tale Heydərovun başladığı və uzun illər ərzində yüksək səviyyəyə qaldırdığı işi layiqli şəkildə davam etdirməyə çalışacam. Tale müəllim hər zaman klubun gələcəyinə böyük diqqət ayırıb və mən də akademiyamızda gələcəyin çempionlarının yetişməsi üçün əlimdən gələni edəcəm. Onun rəhbərliyi altında klubumuz tək futbolda yox, başqa idman növlərində də böyük uğurlar əldə etmişdi”.
Tale Heydərov isə Fariz bəyin təyinatı barədə bunları deyib: “Mənim üçün getmək zamanı gəlmişdi və Fariz Nəcəfovun yeni prezident olmağını açıqlamaqdan məmnunluq duyuram. 2008-ci ildə kluba vitse-prezident vəzifəsinə təyin olunan Nəcəfovun rəhbərliyi altında da klubun məqsədi “Qəbələ” Futbol Akademiyasının inkişafı və Avropa turnirlərində uğurlu çıxış planını davam etdirməkdi. 13 il ərzində klubun inkişafını görmək möhtəşəm idi və buna görə bir daha klubun kollektivinə, futbolçulara və azarkeşlərə təşəkkür edirəm. Bilirəm ki, onlar daha da irəli gedəcəklər".
Sabiq prezident “Qəbələ”ni başqasına vermədi
Tale Heydərovun məlum istefasından sonra idman mediası həyəcan təbili çalaraq, manşetlərinə “Daha bir klubumuz tarixin yaddaşına köçür”, “AFFA “Qəbələ”yə nəzarəti öz əlinə keçirir”, “Heydərovlar klubu satır” sərlövhəli yazılar çıxardı. Klubda çalışan rəsmilərin məsələ ilə bağlı mediaya heç bir açıqlama verməməsi də qeyri-müəyyənlik fonu yaratmışdı. Və belədə ortaya müxtəlif şayiələrin çıxması başadüşülən idi. Lakin çox keçmədən sabiq prezident bütün qaranlıq məqamlara aydınlıq gətirdi. Fariz Nəcəvovla ölkə xaricində görüşən Tale bəy prezident postunu vitse-prezidentə həvalə etməklə bir daha ictimaiyyətə “Qəbələ”ni heç kimə verməyəcəyini, klubun əvvəlki kimi “Gilan Holdinq” tərəfindən maliyyələşəcəyini göstərmiş oldu. Bu həm də daha bir klubun assosiasiyanın boyunduruğu altına keçməyəcəyi anlamına gəlir. Bu gün ölkə futbolunda xüsusi çəkisi, tək-tük müstəqil klublardan olan şimallılar geridə qalan illərdə olduğu kimi, yenə öz yoluna davam edəcək.
Yeni prezidentin gəlişi nə vəd edir?
Yeni posta təyinatından sonra Fariz bəyin açıqlamasıyla tanış olduz. Yeni prezidentin ilk kəlməsindən də başa düşmək olar ki, o Heydərovun yürütdüyü siyasəti davam etdirəcək. Və sabiq prezidentin 13 illik kursuna sadiq qalacaq. Bəs Nəcəfov bunu bacarcaqmı? Bu suala cavab verməmiş Fariz bəyin funksioner fəaliyyətinə diqqət yetirmək yerinə düşər. 2008-ci ildən “qırmızı-qaralar”ın vitse-prezidenti postunu tutan Nəcəfovun geridə qalan illərdə yetərincə təcrübə topladığını vurğulamaq lazımdı. Özü idmançı olan yeni prezident idman aləminin incəliklərini, idmançılarla necə münasibət qurmağın sirlərini çox gözəl bilir. Bəlkə də 7-8 il əvvəl Fariz bəyin futboldan o qədər də anlayışlı olmadığını düşünmək olardısa, indi bu sözləri demək çətindi. Çünki geridə qalan 11 ildə Nəcəfov Toni Adams, Yuri Syomin kimi tanınmış simalarla işləyib, idarəçilik baxımından yetərincə təcrübə toplayıb. Klubun bu səviyyəyə çatmasında müəyyən xidməti olan Nəcəfovun “Qəbələ”nin öz “şinelindən çıxması” ona dividend qazandıran əsas məqamlardan biridi. O istər əsas komandanın, istərsə də akademiyanın bütün dərd-sərini bilir, başqa idman növlərində yaşananlardan xəbərdardı. İnfrastrukturu tanımaq, ətrafında yeni kadrlar formalaşdırmaq kimi problemi yoxdu. Bu da əlavə vaxt itkisinin olmayacağı deməkdi. Yeni prezidentin adının qalmaqallarda, hansısa maliyyə yeyintisində hallanmaması da xüsusi vurğulanmalıdı. Bütün bu nüansları bir yerə topladıqda Nəcəfovun təyinatı ilə bağlı yalnız bunları demək olar: Tale Heydərov çox düzgün seçimi etməklə klubun gələcəyini əmin əllərə tapşırdı.
Daha bir özəl məqam odu ki, Fariz bəy lazım gələndə AFFA-nın yersiz addımlarına da etiraz edib, ölkə futbolu ilə bağlı məsələlərdə daim klubun müstəqil mövqeyini ortaya qoyub. Ümid edirik ki, klub prezidenti kimi də o bu xəttə sadiq qalacaq.
RƏŞAD
SON XƏBƏRLƏR