Sizin reklam burada

Tarixi uğurun memarı hədəfini açıqladı

Title
Tarixi uğurun memarı hədəfini açıqladı
Ruslan Həsənov: “Hətta yarımfinala yüksələndə belə, nə baş verdiyini tam dərk etmirdim”
Polşanın Torun şəhərində keçirilən yeniyetmə və gənclərin dünya birinciliyində çıxış edən şpaqaçılarımız vətənə qayıdıb. Mundialda bürünc medal qazanmaqla müstəqillik tariximizdə analoji yarışda ilk dəfə mükafatçılar sırasında yer almağı bacaran Ruslan Həsənov Heydər Əliyev beynəlxalq hava limanında böyük coşqu ilə qarşılanıb.
Ruslan tarixi uğuru haqda bunları deyib: “Belə bir nəticəyə imza atmaq mənim üçün gözlənilməz olsa da, buna ümid edirdim. Hətta yarımfinala yüksələndə belə, nə baş verdiyini tam dərk etmirdim. Bu nəticənin qeydə alınmasında əməyi olan hər kəsə təşəkkür edirəm. Ən çətin döyüşlərim 1/16 və yarımfinala yüksəlmək uğrunda rumıniyalı və macarıstanlı şpaqaçılarla keçirdiyim görüşlər oldu. Növbəti hədəfim nəticəmi yaxşılaşdırmaqdı. Qarşıda bizi 23 yaşadək qılıncoynadanların Avropa çempionatı gözləyir. Çalışacam həmin yarışda da yaxşı çıxış edim”.
Yığmanın baş məşqçisi Çingiz Mustafayev də fikirlərini bölüşüb: “Bu nəticəyə doğru irəliləyirdik. Qarşıda qələbələrimizin sayı daha çox olacaq. Ruslanın dünya birinciliyində bürünc medal qazanması hamımızın qələbəsidi. Bu qələbə komanda zəhmətinin nəticəsidi”.
AQF-nin baş katibi Vasif Məmmədov isə bu uğurların davamlı olacağına ümid etdiyini bildirib: “Federasiya olaraq qarşımıza böyük hədəflər qoymuşuq. Yolumuz məsuliyyətli və mürəkkəb olsa da, şərəfəlidi. Ruslanın nəticəsinin ənənə halına çevriləcəyinə inanırıq”.
Qeyd edək ki, aprelin 6-14-ü aralığında keçirilən mundialda ölkəmizi 6 idmançı təmsil edib.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.