Sizin reklam burada

Tahir Süleymanov İK-nın qərarını gülünc sayır

Müəllif: football Tarix: 19-04-2019, 13:24 493 Baxış
Tahir Süleymanov İK-nın qərarını gülünc sayır
“Peşəkar futbol uşaq baxçası deyil ki, kluba tərbiyə ilə bağlı tövsiyələr edilsin”
Stiven Jozef-Monrozun “Keşlə” ilə oyunda etdiyi hərəkət hələ də gündəmdədi. Xatırladaq ki, fransız futbolçu ağ şortun altından qara lasin geyindiyindən hakim onun dəyişdirilməsini istəmişdi. Stiven də lasini çıxardıqdan sonra 4-cü hakim tərəfindən yenidən yoxlanışa məruz qalarkən şortunu yuxarı qaldırdıqda cinsiyyət orqanı oyunu canlı yayınlayan “CBC Sport”un kameralarının obyektivinə tuş gəldi. Onun bu addımı mühafizəkar (bu söz bəlkə də indiki zamanda heç yerinə düşmür) Azərbaycan cəmiyyətində heç də yaxşı qarşılanmadı. Demək olar ki, 7-dən 77-yə hər kəs fransız futbolçunu tərbiyəsizlikdə ittiham edib, onun cəzalanmasını tələb etdi (içi mən qarışıq). Lakin yaşananlarla bağlı ötən sayımıza açıqlama verən Jozef-Monroz onu tərbiyəsizlikdə ittiham edənlərə cavab olaraq “4-cü hakim həmin an bir neçə dəfə şortumu yuxarı qaldırmağımı istədi. O elə bilirdi ki, mən lasini çıxarmamışam, sadəcə, yuxarı yığmışam. O hər dəfə israr etdikcə, mən şortu bir qədər də yuxarı qaldırdım. Özüm də istəmədən xoşagəlməz olayla üz-üzə qaldım. Hamı bilsin ki, orda mənim hansısa pis niyyətim olmayıb” deyib, Azərbaycan xalqından yaşananlara görə üzr istəmişdi.
Srağagün İntizam Komitəsinin toplantısında da fransalı futbolçunun hərəkəti müzakirə mövzusu olmayıb və Stivenə heç bir cəza verilməyib. Buna baxmayaraq, futbol ictimaiyyəti arasında “Qəbələ”nin legionerinin cəzalanmasının vacib olduğunu vurğulayan yetərincə tanınmış adlar var. Agent Erkin İbrahimov “feysbuk” sosial şəbəkəsindəki şəxsi profilində bunları qeyd edib: “Futbol hakimlərimizə qiyməti “Qəbələ”nin fransalı legioneri Stiven Jozef-Monroz özünəməxsus şəkildə verib. Hakimliyimiz nə qədər bərbad olsa da, bu cür eksqibisionizm qəbul olunmazdı! “Qəbələ”də anarxiya hökm sürür, Sənan Qurbanovu sayan yoxdu, bu bəlli. Komandanın əməlli yiyəsi, baş məşqçisi olsaydı, futbolçu da özünü bu cür aparmazdı. Bu olaydan sonra komandadan ya futbolçu, ya da baş məşqçi getməli idi! Ümid qalır AFFA-nın İntizam Komitəsinə. İnanıram ki, Jozef-Monroz haqq etdiyi cəzanı alacaq. Bu hərəkətin bədəli azı 15 oyundu. Açığı, gözləyirdim futbolçu bu hərəkətinə görə “Qəbələ”dən uzaqlaşdırılacaq. Necə ki, vaxtilə Paskal Numa analoji davranışına görə “Beşiktaş”dan qovuldu. Amma “Qəbələ” tərəfi hələ Jozef-Monrozu az qala "prav" çıxarır. Nə bilim, bəlkə də bu “Qəbələ”nin Azərbaycan futboluna subliminal mesajıdı...”.
“Neftçi”nin sabiq vitse-prezidenti, beynəlxalq dərəcəli referi Tahir Süleymanov isə İntizam Komitəsinin toplantısından sonra bu statusu paylaşıb: “Futbolçu Azərbaycan xalqından üzr istədi, cavabdehlər isə təhrikçiləri növbəti turla mükafatlandırdı... Bu durumda daha çox kimdi günahkar? Belə münasibətlə Azərbaycan futbolunda hələ çox şeylər olacaq, göstəriləcək...”.
Erkin bəy İntizam Komitəsinin toplantısından öncə status paylaşıbsa, çiynində illərin təcrübəsi olan Süleymanov komitənin iclasından sonra fikirlərini bölüşüb. Və onun yazdıqlarından belə çıxır ki, Stiven cəzalanmalıydısa, onu bu addıma sövq edən 4-cü hakim də cəzadan kənarda qalmamalıydı. Çünki məhz o Stiveni “cinayət”ə məcbur edir. Ancaq Rövşən Rəcəbova nəinki “gözün üstə qaşın var” deyən oldu, əksinə, gənc, fransız futbolçunun cinsiyyət orqanını açıq-aşkar nümayiş etdirməyə sövq edən hakim komitə tərəfindən “mükafatlandırldı”. Rəcəbov 25-ci tur çərçivəsində baş tutacaq “Sabah” – “Neftçi” matçına baş hakim kimi təyinat alıb.
Statuslardan da göründüyü kimi, Erkin bəy yaşananlara İntizam Komitəsinin toplantısından öncə, Süleymanov isə sonra münasibət bildirib. Bu məqamı nəzərə alaraq Tahir bəydən fikirlərini əsaslandırmasını istədik: “Son matçlarda hiss olunur, hakimlər meydanda futbolçularla cəllad kimi davranırlar. Hakim ciddiliyini, nüfuzunu kobud davranışla səhv salırlar. Futbolçulara belə münasibət qəbuledilməzdi. Jozef-Monrozun özündən çıxmasının səbəblərindən biri də budu. İstənilən halda, belə hərəkət, "çılpaqlıq" futbolçuya haqq qazandıra bilməz. Ən əcaibi isə futbolçunun jestindən sonra hakim(lər)in susması, ona qırmızı vərəqənin göstərilməməsi idi. Olaydan, oyundan sonra dərhal "Qəbələ" rəsmiləri və sonradan futbolçunun özü yalnız futbol içtimaiyyətindən yox, Azərbaycan xalqından üzr istədi. Əks tərəf – AFFA və Hakimlər Komitəsi isə susdu. Avstriyadan bir ətək pulun qarşılığında gətirilən Frits Stuxlik hakimlərə belə yol göstərir, hakimlik sirlərini öyrədir?! İlk növbədə Stuxlikin özü çıxıb xalqdan üzr istəməliydi. Günah onda deyil, günah ona bu şəraiti yaradan "sapı özümüzdən olan baltalardı". AFFA İntizam Komitəsinin çıxardığı qərar isə gülüncdü. Peşəkar futbol uşaq baxçası deyil ki, kluba tərbiyə ilə bağlı tövsiyələr edilsin. Bunun bir adı var - öz səhvlərini, hakim səhlənkarlığını gözəl dərk edirlər və ona görə də fransız futbolçuya qarşı ciddi sanksiyalar tətbiq etməkdən çəkindilər. Bu azmış kimi, Hakimlər Komitəsi gənc referini mükafatlandırıb, növbəti turda meydana çıxaracaq. Bununla da Stuxlik və havadarları öz səhvlərini qəbul etməmək üçün “Qəbələ”nin futbolçusunun hərəkətini qəbul etmiş oldular. Bu o deməkdi ki, istənilən futbolçu belə addım ata bilər, hakimlər də istədikləri kimi oyun idarə edə bilərlər. AFFA hər iki tərəfə qarşı çox ciddi qərar qəbul etməliydi. Azərbaycan futbolu belə idarə olunduğuna görə gündən-günə tənəzzülə uğrayır”.
RƏŞAD
SON XƏBƏRLƏR