Firuz Abdulla: “Bu səviyyədə yarışların keçirilməsinə dövlət özü də zəmanət verir”
Avroliqanın Bakıda keçiriləcək finalına bir aydan bir qədər çox vaxt qalıb. Artıq bu gün yarımfinalçıların adlarına aydınlıq gələcək. Hazırda turnirin favoritlərindən olan “Arsenal”ın da növbəti mərhələyə adlamaq şansı xeyli yüksəkdi. Özü də “topçular”ın ölkəmizdə azarkeşləri yetərincədi. Elə London təmsilçisinin qrup mərhələsi çərçivəsində “Qarabağ”la Bakıdakı matçında da bunun şahidi olduq. Onlar bir daha “Arsenal”ı Bakıda görməyi arzulayır. Təbii, İngiltərənin adlı-sanlı, top-klublarından birinin yenidən Bakıya səfər etməsi heç də pis olmaz. Lakin burda bir məqam var ki, daim ciddi müzakirə olunur. Söhbət İngiltərə klubunun erməni futbolçusu Henrix Mxitaryandan gedir. “Topçular” finala çıxacağı halda adı çəkilən yarımmüdafiəçinin ölkəmizə gəlib-gəlməyəcəyi sual doğurur. Artıq UEFA da bu məsələ ilə bağlı mövqeyini ortaya qoyub.
Belə ki, “Arsenal” Avroliqanın finalına vəsiqə qazansa, qitə futbol qurumu londonluların erməni futbolçusunun Bakıya səfəri üçün əlindən gələni edəcək. Belə bir iddianı ESPN nəşri yayıb. Məlumatda bildirilir ki, UEFA Mxitaryanın Azərbaycana viza alması üçün “topçular”a istənilən dəstəyi verməyə hazır olduğunu bildirib. Bu üzdən də “Arsenal”ın düşərgəsində 30 yaşlı futbolçunun mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək həlledici qarşılaşmada iştirakı yolunda hansısa problem olmayacağını düşünürlər. Məsələ ilə bağlı UEFA-nın da mövqeyi öyrənilib: “Bu, UEFA üçün standart prosedurdu ki, futbolçuların qurumun bayrağı altında keçirilən oyunlarda iştirakını təmin etmək üçün assosiasiyalara, klublara və ya səfirliklərə məktub göndərilir".
Avroliqanın 1/4 final mərhələsinin ilk oyununda Londonda "Napoli"ni 2:0 hesabıyla məğlub edən "Arsenal" bu gün cavab görüşünə çıxacaq. "Topçular" mərhələni keçsələr, yarımfinalda "Vilyarreal" - "Valensiya" cütünün qalibi ilə qarşılaşacaqlar. Xatırladaq ki, Mxitaryan bundan əvvəl 2 dəfə - 2015-ci ildə hələ Dortmund "Borussiya"sında çıxış edərkən "Qəbələ", ötən il isə "Qarabağ"la oyunlar üçün Bakıya gələ bilərdi. Ancaq hər iki halda Almaniya və İngiltərə klubları Azərbaycanla Ermənistan arasındakı münaqişə ilə bağlı həmin futbolçunu ölkəmizə gətirməməyə qərar vermişdi. Təbii, qrup mərhələsində klublar məsələnin həssas olduğunu nəzərə alaraq, belə addım atmışdı. Lakin final başqadı və çətin ki, “Arsenal” qitənin ikinci dərəcəli klub turnirinin qalibi olmaq şansı yarandığı vaxt siyasi məsələləri nəzərə alaraq yarımmüdafiəçini gətirməkdən imtina etsin. İngilislər finala çıxsa, çox güman, UEFA-nın da dəstəyi ilə əlindən gələni edəcək ki, Henrix həlledici matçda oynasın.
Doğrudu, əvvəllər də ölkəmizə erməni idmançılar gəlib. Ancaq Mxitaryanın məsələsinin bu qədər müzakirə olunması boşuna deyil. Torpaqlarımızı işğal edən ölkədən olmasından əlavə, bu futbolçu həm də Dağlıq Qarabağa dəfələrlə səfər edib. Bilirsiz ki, Azərbaycan qanunvericiliyinə görə, dövlət qurumlarımız tərəfindən verilən viza və ya xüsusi icazə əldə etmədən işğal olunan Dağlıq Qarabağa, eləcə də yaxın rayonlara səfər edənlər Azərbaycanın viza və miqrasiya qanunlarını, ölkənin suverenliyini və ərazi bütövlüyünü pozmuş hesab olunur. Bu ərazilərə qeyri-qanuni daxil olan hər hansı vətəndaşın adı avtomatik Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) tərtib etdiyi “arzuolunmaz şəxs”lərin siyahısına - "qara siyahı"ya daxil edilir. Bəs görəsən, “Arsenal” finala çıxarsa, bütün sadaladıqlarımıza rəğmən, Mxitaryan BOS-da keçiriləcək həlledici görüşdə iştirak edə biləcəkmi? Ümumiyyətlə, AFFA-nın bu məsələdə mövqeyi necədi? Federasiya bu durumun hansı yolla tənzimlənəcəyini düşünür?
Bütün bunlarla bağlı AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla ilə danışdıq: “Bu məsələni konkret şəxslər üzrə dəyərləndirmək düzgün deyil. Onu deyim ki, beynəlxalq tədbiri ölkəndə keçirməyi qərara alırsansa, bununla bağlı namizədliyini verirsənsə və müsbət cavablandırırlarsa, həmin tədbirin iştirakçısı olacaq şəxslərin hər birinin iştirakı ilə bağlı da öhdəlik götürmüş olursan. İndiyə qədər tanınmamış ölkələrin vətəndaşları da hər hansı idman tədbiri üçün ölkəmizə səfər ediblər və bununla bağlı heç bir problem yaradılmayıb. Tutaq ki, Kosovo vətəndaşı olan ayrı-ayrı idmançılar, eləcə də bu ölkənin milli komandaları da Bakıda keçirilən hansısa yarışa qatılıblar. Yenə deyirəm, konkret Mxitaryanın üzərindən danışmaq istəmirəm. Məndə elə bir məlumat yoxdu ki, bu məsələ XİN-lə müzakirə olunub, ya yox. Çünki hələ turnir 1/4 final mərhələsindədi. İndidən heç kim müəyyənləşdirə bilməz ki, mütləq “Arsenal” finala çıxacaq. Bu komanda finala yüksəlsə və onun Bakıya gəlmək məsələsi yaransa, onda yəqin ki, müzakirə olar. Lakin dediyim kimi, belə bir tədbiri keçirməyi öhdəmizə götürmüşük. Bu öhdəlik həm də ondan ibarətdi ki, iştirakçı komandaların heyətində olan futbolçular, inzibati heyət və sair həmin tədbirdə iştirak edə bilər. Ümumiyyətlə, bu səviyyədə yarışların keçirilməsinə dövlət özü də zəmanət verir. Avroliqanın finalının Bakıda keçirilməsi ilə bağlı dövlət səviyyəsində UEFA qarşısında zəmanətimiz var. Azərbaycan dövləti özü bu oyunu yüksək səviyyədə keçirməyə zəmanət verib. Məsələnin bu tərəfi də var. UEFA özü də dövlət səviyyəsində zəmanət olmasa, hansısa ölkədə belə böyük yarışın keçirilməsinə razılaşmaz. UEFA-ya sifariş kitabı təqdim olunanda, Prezidentin özünün orda zəmanət məktubu olub”.
FARİZ