AFFA-nın baş katibi Elxan Məmmədov ölkəmizin qərb bölgəsinə, konkret Tovuz rayonuna və Gəncə şəhərinə səfər edib. Həmişə demişik ki, Gəncə və Tovuz da daxil olmaqla bütövlükdə qərb zonası Azərbaycanın futbol xəritəsində mühüm yer tutur. Bu sıraya Şəmkiri də, Qazaxla Ağstafanı da, elə Mingəçevirlə Yevlaxı da əlavə etmək olar. Hər birinə ayrı-ayrılıqda, həssas yanaşmaq, problemlərini öyrənmək və çıxış yollarını tapmaq vacibdi. Bir halda ki, hamı ölkə başçısının siyasətinə dəstək verdiyini, bunun üçün çalışdığını deyir. Yerlərdəki icra başçıları da Prezidentin ordakı təmsilçiləridi. Deməli, elə onların da bir nömrəli vəzifəsidi ki, ölkə başçısının idmana verdiyi dəstəyi, Azərbaycanı idman ölkəsinə çevirmək planını öz rayonlarında davam etdirsinlər. O cümlədən də idmanın şahı olan futbol da bölgələrdə bilavasitə elə icra başçıları tərəfindən dəstəklənməli, xüsusilə də uşaq komandaları yaradılmalıdı. AFFA da Azərbaycanda futbol siyasətinin həyata keçirilməsinin, top oyununun kütləviliyinin artırılmasının təşkilində aparıcı qüvvə rolunu öz üzərinə götürməli, rayon rəhbərləri ilə sıx əlaqədə olmalıdı.
Amma vəziyyət hazırda tam fərqlidi. AFFA özünü bir qədər inhisarçı, bir qədər də küsəyən uşaqlar kimi aparır. Elə fikirləşirlər ki, icra başçıları özləri Bakıya gəlib, AFFA-nın Nobel prospektindəki boz binasının qapısını döyməli, “biz sizin əmrinizə müntəzirik” deməlidi. Ya da ki, AFFA rəsmiləri bölgələrə yollananda onların keçdiyi küçələrə qırmızı xalılar sərməli, pişvazlarına gül-çiçəklə çıxmalıdılar. Görünən odu ki, nə yerli hakimiyyət orqanları AFFA-ya tərəf, nə də AFFA-da oturanlar onlara doğru bir addım da atmaq fikrində deyillər. Elxan Məmmədovun Gəncəylə Tovuza sonuncu səfəri də bunun bariz nümunəsidi. Bakıda özünü padşah kimi aparan baş katibin qarşısına qərb rayonlarında yüksək vəzifəli şəxslərdən heç kim çıxmayıb. Məşhur filmdə deyildiyi kimi, axı adam gərək qonağa süfrə aça. Bizim qəhrəmanımız baş katibin üzünə baxan olmayıb. O da əli ətəyindən uzun şəkildə paytaxta qayıdıb. Onun səfər proqramı stadionlara baş çəkməkdən, həvəskarlar arasında turnirin püşkatma mərasiminə qatılmaqdan ibarət olub. Başqa heç nə. Nə “Turan Tovuz”un, nə də “Kəpəz”in gələcək taleyi, elitaya yüksəlib-yüksəlməyəcəyi ilə bağlı konkret bir fikir, addım və ya əməl yoxdu. AFFA yerli hakimiyyət orqanlarından tərpəniş gözləyir, onlar isə AFFA-nın “top-top oyunu”nda rol almaq, artıq xərcə düşmək fikrində deyillər.
Gözümüzün önündə Qazaxıstan nümunəsi var. Xəzərin o tayında çempionatın elitasında 12 klub mübarizə aparır. Hərəsi də bir şəhərin təmsilçisidi. Nə paytaxtın, nə də Almatının iki təmsilçisinə rast gəlinir. Əvəzində az qala bütün böyük şəhərlərin Qazaxıstan çempionatında komandası var. Bu da bölgələrin futbolla nəfəs almasına, yeniyetmələrin futbola maraq göstərməsinə, rəqabətin artmasına böyük təkan verir. Özü də bu 12 klubun heç birini yerli federasiya maliyyələşdirmir. Klubların sponsorları şəhərin icra orqanları və o əyalətlərdə yerləşən iri zavodlar, fabriklərdi. Bu təcrübəni öyrənmək, Azərbaycanda tətbiq etmək bu qədərmi çətindi? Azı 7-8 ildi ki, mən Qazaxıstanı AFFA üçün nümunə göstərirəm. Amma heç bir faydası yoxdu. Sanki AFFA-nın özü bu işdə maraqlı deyil. Günahı da başqalarının üzərinə atırlar. Dağ sizə tərəf gəlmirsə, siz dağa tərəf gedin. Ay ərzində iki-üç dəfə Avropaya baş çəkən Elxan bəy nə üçün rayonların yolunu tutmur? Tutanda da bu cür başdansovdu səfərə gedir. Əvvəlcədən heç bir planlaşdırma, icra hakimiyyətləri ilə əvvəlcədən görüş üçün razılaşdırmalar olmur, səfər istirahət gününə təyin olunur. Yetər ki, AFFA-nın özünün keçirdiyi həvəskar səviyyəli mini-futbol turnirinin püşkatması şouya çevrilsin. Böyük futbol, “Kəpəz”in taleyi arxa planda qalsa da, olar.
Bəli, Mikayıl Nərimanoğlunun əməllərinin üstü açılandan sonra baş katib “Kəpəz”ə qarşı laqeyddi. Gəncəlilərin qüruru indi taleyin ümidinə buraxılmış vəziyyətdədi. AFFA əvvəlki kimi pul ayırmır, şəhərin icra orqanları və yerli iş adamları da Bakıdan idarə olunan kluba ögey münasibət bəsləyirlər. Amma bir vaxtlar “Kəpəz” cənab Məmmədov üçün doğma sayılırdı. O qədər doğma idi ki, 2012-ci ilin mayında Xanlar Fətiyevlə birlikdə Fransaya yollanmış, “Kəpəz”i “Oser”lə qardaşlaşdırmışdılar. Bu qardaşlığı rəsmiləşdirən müqaviləyə şəxsən cənab Məmmədovun özü imza atmışdı. İndi “Oser”in qardaşını urvatsız bölgə komandasına çevriblər. İşdi birdən fransızlar UEFA-nın tədbirlərinin birində baş katiblə qarşılaşsalar, “bizim Azərbaycandakı qardaşımızın vəziyyəti necədi” soruşsalar, onlara nə cavab verəcək?! Olmaya 7 il əvvəl rəsmiləşən qardaşlıq Elxan bəyin yadından çıxıb? Mənim borcum xatırlatmaq idi, onu da etdim. Buyurun, heç olmasa, fransızların xətrinə “Kəpəz”ə diqqəti artırın. Oserli qardaşlarımızdan ayıbdı axı…