Sizin reklam burada

İkinci oyunda uduzdular

Baxış Sayı:465

İkinci oyunda uduzdular
Beynəlxalq yoldaşlıq oyunu
Serbiya – Azərbaycan 7:5 (4:0)

Serbiya: 12. Aleksa Antoniç, 2. Strahina Petrov, 4. Stefan Rakiç, 5. Vladan Vesiç, 11. Miloş Simiç (k); 23. Vladan Kolayiç, 3. Nikola Matiyeviç, 6. Milan Mutavciç, 7. Pavle Peşiç, 8. Aleksandr Pavloviç, 9. Yovan Lazareviç, 10. Verolyub Vukadinoviç, 14. Ninoslav Aleksiç, 15. Lazar Marinkoviç.
Baş məşqçi: Qoran İvançiç.
Azərbaycan: 1. Emin Kürdov, 3. Tyaqo Teles, 5. Fineo de Araujo, 7. Ramiz Çovdarov, 16. Conatan Luis; 12. Rövşən Hüseynli (k), 2. Samir Həmzəyev, 8. Rizvan Fərzəliyev, 9. Oktay Rüstəmli, 10. Nihad İsmayılov, 11. Xətai Bağırov, 13. Everton Kardoso, 14 Vitali Borisov, 17. İsa Atayev.
Baş məşqçi: Joze Alesio da Silva.
Qollar: S.Petrov, 1 (1:0). S.Petrov, 13 (2:0). S.Rakiç, 17 (3:0). V.Vukadinoviç, 18 (4:0). Tyaqo, 21 (4:1). V.Vesiç, 22 (5:1). V.Vesiç, 23 (6:1). A.Antoniç, 24 (7:1). İ.Atayev, 30 (7:2). Tyaqo, 32 (7:3). Fineo, 35 (7:4). R.Çovdarov, 37 (7:5).
Vərəqələr: Fineo, 13. E.Kürdov, 17. N.Aleksiç, 20. N.İsmayılov, 38 - sarı.
Hakimlər: Vladan Raduloviç, Bojan Antoniç, Vladimir Yovanoviç.
16 aprel. Pozarevats. İdman Mərkəzi.
Futzal yığmamız çərşənbə axşamı Serbiya ilə yenidən üz-üzə gəlib. Bəribaşdan qeyd edək ki, qarşılaşmadan əvvəl “Ekonomaç” klubunun prezidenti və baş məşqçisi vaxtilə bu komandanın formasını geyən millimizin üzvü Vitali Borisova xatirə hədiyyəsi təqdim edib. 2016-18-ci illərdə Borisov "Ekonomaç"la 2 dəfər Serbiya çempionu olub, bir o qədər də ölkə kubokunu qazanıb. Ancaq millimizin üzvü serblərlə oyunda komandaya kömək edə bilməyib. Aprelin 15-də rəqibini 2:1 hesabıyla məğlub edən Joze Alesionun komandasında Vitali Borisov və Everton Kardoso zədələndiyi üçün ikinci dueldə meydana çıxmayıb. Rizvan Fərzəliyev isə hələ Latviyada xəsarət aldığına görə serblərlə ikinci qarşılaşmanı da sona qədər ehtiyat oyunçular skamyasından izləyib. Belədə kapitan sarğısını Rövşən Hüseynli qoluna taxıb. Hərçənd o da ehtiyatda qalıb. Belə ki, Alesio bu dəfə start heyətində əsaslı dəyişiklik edib. Yığma oyuna Emin – Ramiz – Tyaqo – Fineo - Conatan “5-liy”i ilə çıxıb.
İlk yarı komandamız üçün acınacaqlı alınıb. Belə ki, serblər fasiləyə 4 cavabsız qolla üstün yollanıblar. İkinci hissənin əvvəlində Tyaqo fərqi azaltsa da, meydan sahibləri 24-cü dəqiqəyə kimi hesabı 7:1-ə çatdırıblar. Bundan sonra Alesio ənənəvi “5-in 4-ə” taktikasına keçib. Ramiz “qapıçı-meydan oyunçusu” funksiyasını icra edib və bu dəyişiklik yetərincə effektli olub. Belə ki, bizimkilər 8 dəqiqə ərzində 4 qol vurublar. Tyaqo dublunu rəsmiləşdirib, digər qollara İsa, Fineo və Ramiz imza atıb. Bununla belə, məğlubiyyətdən qurtulmaq mümkün olmayıb – 5:7.
Beləliklə, turne çərçivəsində 4 oyun keçirən yığma vətənə 2 qələbə, 1 heç-heçə və 1 məğlubiyyət ilə dönüb.
MİRAĞA

Oxşar xəbərlər
SON XƏBƏRLƏR