Sizin reklam burada

İntizam Komitəsi Jozef-Monrozu bağışladı, Rıbkaya güzəşt etdi

Title
İntizam Komitəsi Jozef-Monrozu bağışladı, Rıbkaya güzəşt etdi
Aprelin 16-da AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib. Toplantı premyer-liqada 24-cü, birinci divizionda isə 22-ci turda yaşanan qayda pozuntularının müzakirəsinə həsr olunub. Həmçinin divizionda 21-ci turdan unudulmuş bir oyuna yenidən baxılıb.
Heç şübhəsiz, əsas maraq doğuran məsələ İntizam Komitəsinin “Qəbələ”nin üzvü Stiven Jozef-Monroza hansı cəzanı verəcəyi idi. Futbolçunun “Keşlə” ilə matçın gedişində yol verdiyi ədəbsiz hərəkətlə bağlı “Qəbələ”nin nümayəndəsi İntizam Komitəsinin iclasına dəvət olunub, məsələ ilə bağlı tərbiyəvi işin aparılması barədə tövsiyə verilib. Vəssalam... Əvəzində matçın 88-ci dəqiqəsində hakimə qarşı kəskin etiraz etdiyinə görə texniki zonadan kənarlaşdırılan “Qəbələ”nin məşqçisi Elmar Baxşıyev 1 oyunluq cəzalanıb, klub 800 manat cərimə olunub. “Sabah"la oyunda “Qarabağ”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalanıb ki, bu da 800 manat cərimə deməkdi. “Səbail” – “Neftçi” matçı hər iki tərəfə baha başa gəlib. Qonaqlar vərəqə sayının çoxluğuna görə 800 manat "tərləyəcək". "Səbail" isə bunun ikiqatını ödəyəcək. Oyun başa çatandan sonra Aleksandr Rıbka ikinci sarı vərəqə aldıqdan sonra hakimə qarşı təhqiramiz ifadələr işlədib. İntizam Komitəsi ukraynalı qapıçını 3 oyunluq diskvalifikasiya edib və 1600 manat cərimələyib. Ancaq 3 oyunluq cəzanın ikisi şərti cəza kimi tətbiq ediləcək və 6 ay sınaq müddəti veriləcək. Sınaq müddəti ərzində futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın qalan hissəsi qüvvəyə minəcək.
Diviziona gəlincə, 21-ci tur çərçivəsində baş tutan MOİK – “Qarabağ” matçında "hərbçilər"in 5 futbolçusu sarı vərəqə alıb ki, bu da 80 manat deməkdi. Oyun bitəndən sonra isə “Qarabağ-2"nin futbolçusu Məmməd Hüseynov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klub 160 manat cərimələnib. "Qarabağ-2” 22-ci turda “Neftçi-2” ilə qarşılaşıb və bu matçda da bir oyuncusunu itirib. 90+8-ci dəqiqədə Toral Bayramov ikinci xəbərdarlıqdan sonra "qırmızı" görüb. O, canını 1 oyun cəza və 20 manat cərimə ilə qurtara bilib.
İki divizion təmsilçisi xərəkdaşıyanların güdazına gedib. “Səbail-2” – “Qaradağ Lökbatan” və “Sumqayıt-2” – “Sabah-2” qarşılaşmalarında xərəkdaşıyan şəxslərin sayı əsasnaməyə uyğun olmadığı üçün meydan sahibləri hərəyə 80 manat cərimələniblər.
“Şüvəlan” – “Kəpəz” matçında meydan sahibləri, MOİK – “Keşlə-2” oyununda isə qonaqlar vərəqə "planını doldurub". Nəticədə hər ikisi 80 manat "tərləyəcək". Ancaq “Keşlə-2” əlavə 20 manat da ödəyəcək. Bu, oyunun 86-cı dəqiqəsində komandanı azlıqda qoyan Orxan Fərəcovun ikinci sarı vərəqədən sonra meydandan qovulmasına görədi. Futbolçu həmçinin srağagün "Zirə-2" ilə matçı da buraxmalı olub.
Beləliklə, komitə klublara 4600 manatlıq cərimə kəsib. Nəticədə mövsümün əvvəlindən cərimə sanksiyaları üzrə nəzərdə tutulan məbləğ 129240 manata çatıb.
MİRAĞA
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.