
Fariz Nəcəfov Tale Heydərovla görüşmək üçün ölkəni tərk etdi
Tale Heydərovun istefasından sonra “Qəbələ”nin prezidentinin kim olacağı, kluba kimin rəhbərlik edəcəyi sualı hələ də açıq qalır. Hər gün mətbuatda bununla bağlı müxtəlif fikirlər səslənir, “qırmızı-qaralar” mətbuatda hər gün “əldən-ələ keçir”. Çox maraqlıdı ki, şimallıların rəhbərliyində təmsil olunanlar belə bu mövzuda məlumatsızdılar. Hamı sabiq prezidentin nə qərar verəcəyini, “Qəbələ”ni kimə satacağını və ya kimə həvalə edəcəyini gözləyir. Böyük ehtimalla bu həftənin sonuna kimi bütün qaranlıq məqamlara aydınlıq gələcək, klubun gələcək taleyi müəyyənləşəcək.
“Qırmızı-qaralar”ın vitse-prezidenti Fariz Nəcəfovun da dünən ölkə xaricinə yollanmasının səbəbi budu. Əldə etdiyimiz məlumata əsasən hazırda ölkə xaricində olan Tale bəylə görüşmək üçün Nəcəfov dünən səhər saatlarında vətəni tərk edib. Sabiq prezidentlə vitse-prezident arasında baş tutacaq görüşdən sonra kluba kimin rəhbərlik edəcəyi məlum olacaq.
RƏŞAD