Sizin reklam burada

Jozef-Monroz Azərbaycan xalqından üzr istədi

Müəllif: football Tarix: 17-04-2019, 16:28 433 Baxış
Jozef-Monroz Azərbaycan xalqından üzr istədi
Səbuhi Səfiyarlı: “Yol verdiyi hərəkətə görə futbolçu barədə tədbir görüləcək”
Premyer-liqanın 24-cü turunda azarkeşlər çox maraqlı qarşılaşmalara şahidlik etdilər. Mövsümün əvvəlindən ilk pillədə qərarlaşan “Neftçi”nin “Səbail”lə oyunda xal itirib “taxt-tacı” “Qarabağ”a təhvil verməsini turun diqqəti çəkən olayı kimi dəyərləndirmək olardı. Lakin “Qəbələ”nin üzvü Stiven Jozef-Monrozun “Keşlə” ilə matçın 42-ci dəqiqəsində etdiyi tərbiyəsizlik bu məqamı kölgədə qoydu desək, yaılmarıq. Fransız futbolçu 4-cü hakimin forma ilə bağlı iradına cavabında cinsiyyət orqanını göstərməklə yadda qaldı. Təəssüf ki, onun bu tərbiyəsizliyini təkcə Rövşən Rəcəbov yox, ekran qarşısında əyləşib qarşılaşmanı izləyən onminlərlə futbolsevər də gördü.
Yəqin ki, AFFA İntizam Komitəsinin iclasında bu məsələ müzakirəyə çıxarılacaq və Stiven layiqli cəzasını alacaq. Bəs görəsən, “Qəbələ” rəhbərliyi mövsümün sonunda klubdan ayrılacağı deyilən oyunçunun biabırçı hərəkətini necə qiymətləndirir, tərbiyəsizliyinə görə Jozef-Monroz cəzalanacaqmı? Bu suala cavab tapmaq üçün “qırmızı-qaralar”ın meneceri Səbuhi Səfiyarlı ilə əlaqə saxladıq: “Qaydalara əsasən, lasin şortun rənginə uyğun olmalıdı. İndiyədək komandamız əksər oyunlara qara rəngli şortlarla çıxdığı üçün lasin də qara olub. Amma bu dəfə səfər matçı olduğundan, ağ rəngli formada oynayırdıq. Jozef-Monroz isə qara rəngli lasin geyindiyindən, oyun vaxtı onu əynindən çıxarmaq tələb olundu. O da referinin tələbini yerinə yetirib, sadəcə, dəyişdirməyə macal tapmayıb. Meydana qayıtdığı vaxt dördüncü hakim ondan lasini çıxarıb-çıxarmadığını soruşdu. Stiven "çıxarmışam" desə də, Rəcəbov lasini yığıb gizlətdiyini düşünərək, futbolçumuza qarşı israrlı davrandı. Nəticədə oyunçumuz şortunu tam yuxarı qaldırdı və bu da canlı yayına düşdü. Jozef-Monroz bilərəkdən belə etməyib”.
Səbuhi bəy fransızla bağlı tədbir görüləcəyini də vurğuladı: “İstənilən halda, Stivenin hərəkəti xoşagəlməz haldı və buna görə üzr istəyirik. Yol verdiyi hərəkətə görə futbolçu barədə tədbir görüləcək”.
Yaşananlarla bağlı Jozef-Monrozun özü ilə də danışdıq. Fransalı futbolçu baş verən olaya görə üzüldüyünü və hər kəsdən üzr istədiyini söylədi: “Hakim lasini çıxarmağımı istədi. Mən də vaxt itkisi olmasın deyə, qısa vaxtda kənarda bunu edib yenidən meydana dönmək istəyirdim. 4-cü referi həmin an bir neçə dəfə şortumu yuxarı qaldırmağımı istədi. O elə bilirdi ki, mən lasini çıxarmamışam, sadəcə, yuxarı yığmışam. O hər dəfə israr etdikcə, mən şortu bir qədər də yuxarı qaldırdım. Özüm də istəmədən xoşagəlməz olayla üz-üzə qaldım. Hamı bilsin ki, orda mənim hansısa pis niyyətim olmayıb. Heç vaxt ağlıma gətirməzdim ki, adım belə biabırçılıqda hallanacaq. Ani yaşanan hal idi. Kimsə bunu özünə qarşı tərbiyəsizlik, azarkeşlərə hörmətsizlik kimi qəbul edirsə, bütün Azərbaycandan üzr istəyirəm. Başverənlərə görə çox üzgünəm. Məni tanıyanlar bilir ki, heç vaxt o cür əxlaqsız hərəkətə yol vermərəm. Neçə vaxtdı “Qəbələ”nin şərəfini qoruyuram, Azərbaycan çempionatında çıxış edirəm. Kimsə geridə qalan müddətdə məndən artıq-əskik hərəkət görüb? Ola da bilməz, çünki tərbiyəm buna imkan verməz. Yenə deyirəm, hər şey hakimin dönə-dönə israrı və ani diqqətsizlik üzündən baş verdi”.
RƏŞAD
SON XƏBƏRLƏR