Emil Balayev ən yaxşılardan ibarət "3-lük"də
İspaniya sequndasında 34-cü turun oyunları keçirilib. Eddi İsrafilovun şərəfini qoruduğu “Alkorkon” səfərdə “Saraqosa” ilə qarşılaşıb. Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matça start heyətində başlayan Eddi 90 dəqiqə meydanda olub. O, komandasının ilk qolunda Munyoza məhsuldar ötürmə verib, 36-cı dəqiqədə isə sarı vərəqə ilə cəzalanıb. Qeyd edək ki, 34 oyundan sonra hesabında 47 xal olan “Alkorkon” turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb. Oyunsonrası mətbuat konfransında isə "Saraqosa"nın baş məşqçisi Viktor Fernandes yığmamızın üzvündən narazılığını dilə gətirib. O, "Alkorkon" oyunçularının vaxt aparmaq üçün hər yola əl atdıqlarını deyib: "Rəqibin oyunçuları tez-tez yerə uzanıb vaxt "udurdular". Məsələn, bir epizodda Eddi İsrafilov ölü kimi idi, yerdə uzanıb tibbi yardım istəyirdi. Ancaq 90+2-ci dəqiqədə bütün meydanı əhatə edən sürət yığdı. Biz bunu edə bilmərik və öyrənəcəyimizi də düşünmürəm".
Portuqaliya sequndasında 29-cu turun qarşılaşmaları baş tutub. Renat Dadaşovun formasını geydiyi "Eştoril” səfərdə “Feyrense” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası 1:3 hesablı məğlubiyyətə üzülüb. Dadaşov oyunun iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib. “Eştoril”in 48 xalla 5-ci pillədə olduğunu da qeyd edək.
Çexiyanın Gənclər Liqasının B qrupunda 3-cü turun oyunları keçirilib. Fərid Nəbiyevin çıxış etdiyi "Slaviya" "Pribram"ın qonağı olub. Meydan sahiblərinin 3 cavabsız qolla qalib gəldiyi matçda Fərid 90 dəqiqə mübarizə aparıb. Geridə qalan 3 turda hesabına 4 xal yazdıran "Slaviya" turnir cədvəlində 4-cü yerdədi.
İndi isə qardaş Türkiyənin 1-ci liqasına gələk. Bu yarışın 29-cu turunda Dəniz Yılmazlı “Gənclərbirliyi” doğma meydanda “Balıkəsirspor”la münasibətləri aydınlaşdırıb. Meydan sahibləri minimal fərqlə (1:0) qalib gəlib. Dəniz 67-ci dəqiqədə şans qazanıb. 61 xalı olan “Gənclərbirliyi” turnir cədvəlinin lideridi.
"Tobol"un qapıçısı Emil Balayev Qazaxıstan premyer-liqasının 5-ci turunda "Okjetpes"lə matçın (2:1) ən yaxşı üç futbolçusundan biri olub. Kostanay təmsilçisinin rəsmi saytında həmin görüşdə üç dəfə komandasını real qoldan xilas edən 24 yaşlı qolkiperin "İnStat"ın təhlilinə görə 242 xalla 3-cü olduğu açıqlanıb. Oyunun ən yaxşısı Dmitri Miroşniçenko seçilib (275 xal). İkinci yerdə isə "Qəbələ"nin sabiq legioneri Nika Kvekveskiri 250 xalla qərarlaşıb. Xatırladaq ki, Balayev 3-cü turda “Şaxtyor”la (Karaqanda) görüşün ən yaxşı futbolçusu seçilmişdi.
Vüqar Əsgərov, Elvin Sərkərov və Tural Bayramlının “Dauqavpils”i Latviya çempionatının 6-cı turunda lider RFS-ni qəbul edib. Meydan sahibləri 0:1 hesabı ilə uduzub. Futbolçularımızın üçü də start heyətində meydana çıxıb. Vüqar sonadək oynadığı halda, Bayramlı 51-ci, Sərkərov isə 82-ci dəqiqədə əvəzlənib. “Dauqavpils” hazırda 4 xala malikdi və turnir cdvəlinin 7-ci pilləsindən "boylanır".
FARİZ