Beynəlxalq yoldaşlıq oyunu
Serbiya – Azərbaycan 1:2 (0:1)
Serbiya: 12. Aleksa Antoniç, 3. Nikola Matiyeviç, 4. Stefan Rakiç, 5. Vladan Vesiç, 11. Miloş Simiç (k); 23. Vladan Kolayiç, 2. Strahina Petrov, 6. Milan Mutavdziç, 7. Pavle Peşiç, 8. Aleksandr Pavloviç, 9. Yovan Lazareviç, 10. Verolyub Vukadinoviç, 14. Ninoslav Aleksiç, 15. Lazar Marinkoviç.
Baş məşqçi: Qoran İvançiç.
Azərbaycan: 12. Rövşən Hüseynli, 3. Tyaqo Teles, 5. Fineo de Araujo, 13. Everton Kardosa, 16. Conatan Luis; 1. Emin Kürdov, 2. Samir Həmzəyev, 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev, 9. Oktay Rüstəmli, 10. Nihad İsmayılov, 11. Xətai Bağırov, 14 Vitali Borisov (k), 17. İsa Atayev.
Baş məşqçi: Joze Alesio da Silva.
Qollar: Fineo, 5 (0:1). Conatan, 22 (0:2). V.Vesiç, 22 (1:2).
Vərəqələr: N.Aleksiç, 10. Tyaqo, 16 - sarı.
Hakimlər: Nebojsa Paniç, Vladan Raduloviç, Miloş Cakoviç.
15 aprel. Zrenjanin. Kristal Zal.
Xəbər verdiyimiz kimi, dünən futzal millimiz Serbiyada bu ölkənin yığması ilə yoldaşlıq görüşündə qüvvəsini sınadı. Bəribaşdan qeyd edək ki, Latviyadan sonra növbəti dayanacağı Serbiya olan Joze Alesionun komandası Belqrada oyundan iki gün əvvəl getmişdi. Dünənki oyun üçün milli paytaxtdan təxminən 90 dəqiqəlik avtobusla yol qət etməli olub. Elə Serbiya da komandamızla eyni oteldə məskunlaşdığından analoji durumla qarşılaşıb. Oyunun əyalətdə keçirilməsi isə bölgələrdə futzala marağı artırmaq, kütləviliyə nail olmaq niyyəti güdür. Bizimkilər matçın keçirildiyi arenaya çatanda burda 15-16 yaşlı futzalçılar arasında Serbiya çempionatının oyununun keçirildiyinə şahid olublar.
Xatırladaq ki, Serbiya buna qədər aprelin 10-u və 12-də Braziliya ilə yoldaşlıq oyununda gücünü sınayıb. İlk dueldə dünya nəhəngini üç cavabsız qolla üstələyən serblər ikinci qarşılaşmada 1:5 hesablı yenilgidən qaça bilməyib. Bu görüşdən sonra 6 futzalçını klublarına göndərən baş məşqçi Qoran İvançiç bizimkilərlə görüşdə əsasən ehtiyat qüvvə sayılan futzalçılara şans verib. Yığmamaızda isə Rizvan Fərzəliyevin adı matçın protokoluna daxil edilsə də, zədəli olduğuna görə komanda yoldaşlarını ancaq kənardan dəstəkləyirdi. “Beşlik”də Rövşənlə bərabər Fineo, Tyaqo, Kardoso və Conatan yer almışdı. Kapitan sarğısı isə Borisovun qolunda idi.
Oyunun birinci hissəsi Alesionun yetirmələrinin üstünlüyü şəraitində keçdi. Baxmayaraq ki, ilk təhlükə millimizin qapısı önündə yaşandı. 2-ci dəqiqədə Rakiçin zərbəsindən sonra top qapı dirəyindən döndü. Ancaq bir qədər sonra Fineo hesabı açdı. Braziliyalı aşırma vuruşma ilə topu qapıçının başının üstündən tora atdı. Üstünlüyünü davam etdirən komandamızın baş məşqçisi Joze Alesio hətta oyunun gedişində riskə əl ataraq, qapıçını 5-ci meydan oyunçu ilə əvəzlədi. Bu, komandanın gücünə qənaət edilməsinə hesablanan gediş idi. Beləliklə, ilk yarı bizimkilərin minimal üstünlüyü ilə başa çatdı. İkinci yarı bir dəqiqə beş saniyə idi başlamışdı ki, Conatan fərqi artırdı. Ancaq ikinci qola çox sevinə bilmədik. 38 saniyə sonra Vesiç fərqi yenidən minimuma endirdi. Buraxılan qol sanki özünəinamı da itirdi. Belə ki, təşəbbüs tam meydan sahiblərin tərəfinə keçdi. Əks-hücumlara bel bağlayan yığmamız da ara-sıra fərqlənmək üçün şans əldə edirdi. 30-cu dəqiqədə Kardosonun yaxın məsafədən zərbəsindən sonra top dirəkdən döndü. Alesio son dəqiqələrdə yenidən "5-in 4-ə" taktikasına üstünlük verdi. Serblər 18-ci dəqiqədə az qala boş qapıya qol vuracaqdı. Kardoso ciddi zədə bahasına da olsa, topu başla qapı xəttindən çıxardı. Beləliklə, oyun yığmamızın 2:1 hesablı qələbəsiylə bitdi. Ümumiyyətlə, Latviya ilə oyunlarla müqayisədə milli dünən xeyli yaxşı təsir bağışladı. Alesionun yetirmələri bu dəfə yorğun görünmürdu, əksinə, daha istəkli və hərəkətli idi.
Qeyd edək ki, tərəflər bu gün yenidən üz-üzə gələcək. Budəfəki oyun Pozarevaç şəhərindəki İdman Sarayında keçiriləcək və saat 20.00-da başlayacaq.
Joze Alesio da Silva: "Bu gün yaxşı oynadıq, komandadan razı qaldım. Xüsusilə də intizamlı oynamağımızı qeyd etməliyəm. Çünki mənim üçün ən vacib olan oyun intizamıdı. Latviya ilə görüşlərdə komandadan o qədər də razı qalmamışdım. Göründüyü kimi, hər oyunun öz xarakteristikası var. Yetirmələrim daha güclü rəqibə qarşı yaxşı motivasiya olunmuşdu. Serbiya səviyyəli komandadı, bunu Braziliya ilə bir neçə gün əvvəl keçirdikləri oyunla ortaya qoymuşdular".
MİRAĞA