Xəyal Hacızadə: “Bilirəm ki, bu məlumatları sizə Gəncədən ötürüblər”
Qəzetimizin ötən şənbə sayında AFFA-nın baş katibi Elxan Məmmədovun Gəncəyə səfəri ilə bağlı məlumat vermişdik. Səfər çərçivəsində baş katib Gəncə stadionunun durumu ilə maraqlanacaq, şəhərin icra başçısı Niyazi Bayramovla görüşdə “Kəpəz”in yeni rəhbərliyinin formalaşması ətrafında müzakirələr aparacaqdı. Onu da əlavə etmişdik ki, “sarı-göylər”in icraçı direktoru postuna namizədlərdən biri olan Xəyal Hacızadə vaxtilə çalışdığı Texnologiya Universitetindən və “Təhsil” Respublika İdman Mərkəzinin Gəncə filialının direktoru vəzifəsindən “yeyintiyə” görə uzaqlaşdırılıb. Bu haqda məlumatı bizə Gəncədən ötürmüşdülər.
Dünən redaksiyamızla əlaqə saxlayan Xəyal bəy haqqında deyilənlərin şər və böhtan olduğunu bildirdi. Hacızadə əvvəlcə özü barədə məlumat verməyi lazım bildi: “2000-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi Gəncə şəhər Təhsil İdarəsinin nəzdində olan 1 saylı Uşaq-Gənclər İdman Məktəbində məşqçi-müəllim vəzifəsinə qəbul olmuşam. 2008-də isə Gəncə şəhər Təhsil İdarəsinin nəzdində olan 2 saylı Uşaq-Gənclər İdman Məktəbinin direktoru vəzifəsinə təyin edilmişəm. 3 il sonra Təhsil Nazirliyi “Təhsil” Respublika İdman Mərkəzinin Gəncə filialının direktoru vəzifəsi mənə tapşırılıb. 2015-ci ildə Texnologiya Universitetində inzibati-təsərrüfat işləri üzrə prorektor vəzifəsində çalışmışam. Elə həmin il Baki Qida Sənayesi Kollecində təsərufat işləri üzrə direktor müavini təyin olunmuşam. 1984-cü ildən boksla məşğul oluram, idman ustalığına namizədəm. Azərbaycan Respublikasının əməkdar məşqçisi və Azərbaycan Respublikasının fəxri bədən tərbiyəsi və idman işçisi adlarına layiq görülmuşəm. Bütün bunları sadalamaqda məqsədim odu ki, mən heç də idmana yad biri deyiləm. Futbolu da çox sevirəm. Boksla məşğul olmağıma baxmayaraq, bir müddət “Kəpəz”in əvəzedici heyətində də çıxış etmişəm. “Kəpəz”in 55 illik yubileyi şəxsən mənim təşkilatçılığımla keçirilib. Gəncədə ilk dəfə komandanın oyununa qadın azarkeşləri də mən aparmışam. Şəhərimizin futbol əfsanələrinin adına daim müxtəlif turnirlər təşkil etmişəm. Gəncədə ilk dəfə Xəyal Zeynalovla birgə qapıçılar məktəbi açmışıq. Qadınlardan ibarət komandamız ölkə üçüncüsü olub. Gəncə türməsində də ilk dəfə futbol turnirləri təşkil etmişəm”.
Xəyal bəy sözügedən yazıda barəsində olan ittihamların onu istəməyən qüvvələr tərəfindən mediaya ötürüldüyünü bildirməklə yanaşı, işlədiyi dönəmdə heç vaxt nöqsana yol vermədini vurğuladı: “Qəzetinizin 13 aprel 2019-cu il tarixli sayını oxudum. “Futbol+”ə həmişə böyük ehtiramla yanaşıram, hər nömrəsini sevə-sevə oxuyuram. Ancaq qeyd etdiyim tarixdəki sayında barəmdə gedən məqalə mənə çox pis təsir etdi. Bilirəm ki, bu məlumatları sizə Gəncədən ötürüblər. Haqqımda deyilənlər yalan və şərdi. İşlədiyim dövrlərdə məqsədim xalqıma, vətənimə xidmət etmək olub ki, bu yolda da başım ucadı. Qəzetiniz vasitəsi ilə mənimlə bağlı yalan məlumat ötürənlərə bildirmək istəyirəm ki, işlədiyim kollektivlərin heç birində nöqsanlarım olmayıb və heç bir cəza da almamışam. Əksinə, yaxşı işlərimə görə dövlət tərəfindən əməkdar məşqçi və fəxri bədən tərbiyəsi və idman işcisi adlarına layiq görülmüşəm. Çox təssüflənirəm ki, kimlərsə öz məqsədləri xatirinə iyrənc əməllərə əl atırlar. Unutmayaq ki, elin gözü tərəzidi. Ümid edirəm ki, məni şərləyənlər, barəmdə böhtan yayanlar istəklərinə çata bilməyəcəklər. Nə vaxtsa “Kəpəz”də çalışsam, qədim ənənəsi olan Gəncə futbolu üçün ən yaxşısını etməyə çalışacam”.
RƏŞAD