“Neftçi”nin sadiq azarkeşlərindən biri 1989-90-cı illərdə yazdığı gündəlikləri redaksiyamıza təqdim edib. Həmin dövrün təkcə futbol olaylarını yox, həm də ictimai-siyasi mənzərəsini aydınlatmaq baxımından maraq doğuran gündəlikdən parçaları dəyərli oxucularımıza təqdim etməyi lazım bildik. Demək olar ki, yazılanların nöqtə-vergülünə toxunmadan.
(əvvəli qəzetin ötən saylarında)
29 oktyabr, saat 11.00. Axşam televizorda TTK var. Dünən “Retro”da türk filmi var imiş, baxa bilmədim. Bu gün istirahət günüdü. İndi isə keçək futbol haqqında söhbətə. Ayın 23-də “Spartak” Kiyev “Dinamo”su ilə oynadı. Oyunu “Spartak” uddu. Qələbə topunu 91-ci dəqiqədə Şmarov vurdu. Oyun 1-ci proqramla verildi. Bu qələbədən sonra “Spartak” qalan oyunun nəticəsindən asılı olmadan 1-ci yeri tutdu. Son oyunda “Jalgiris” “Spartak”ı udub – 2:0. Çempionat isə oktyabrın 27-də qurtarıb. Bəs birinci dəstədə vəziyyət necədi? “Neftçi” ayın 25-də növbəti oyununu keçirdi. “Rostselmaş”ı uddu – 4:0. Topları Vəli Qasımov (2), Yunis Hüseynov (1) və Arzu Mirzəyev vurdular. Dünən isə “Fakel”lə növbəti oyun keçirildi. Hesab 1:0 oldu. Topu 72-ci dəqiqədə Yunis Hüseynov vurdu. Ukraynalı Litvinenko “Neftçi”nin penaltisini vermədi. Diktorun dediyinə görə, “Neftçi” bu qələbədən sonra 4-cü yeri tutacaq. Artıq qətiyyətlə demək olar ki, MOİK və “Quriya” güclülər dəstəsinə çıxacaq. “Neftçi” növbəti oyunlarını ayın 2-də “Kuzbass”, 5-də isə MOİK ilə keçirəcək.
3 noyabr, saat 17.30. Axşam televizorda “Dalğa” var. İndi isə keçək futbola. “Neftçi” dünə növbəti oyunda “Kuzbass”a uduzdu – 1:3. Bizdən topu 68-ci dəqiqədə Samir Ələkbərov vurdu. Avropa miqyaslı futbol turnirlərinə gəlincə...
Dinamo (K) – Banik (Çexoslovakiya) evdə 3:0, səfərdə 1:1
Dnepr – Tirol (Avstriya) evdə 2:0, səfərdə 2:2
Spartak – Köln (AFR) evdə 0:0, səfərdə 1:3
Zenit – Ştutqart (AFR) evdə 0:1, səfərdə 0:5
Jalgiris – Srvena Zvezda (Yuqoslaviya) evdə 0:1, səfərdə 1:4
Torpedo (M) – Qrasshoppers (İsveçrə) evdə 1:1, səfərdə 0:3
Ümumi nəticə: 2 qələbə, 6 məğlubiyyət, 4 heç-heçə. Topların fərqi – 11:21. Cəmi iki komanda – “Dnepr” və “Dinamo” (K) mübarizəni davam etdirəcək.
8 noyabr, saat 21.40. İndicə “Bəyin oğurlanması” filmi qurtardı. Çox əla komediyadı. “Zaman”dan sonra Zeynəb Xanlarova oxuyacaq. İndi isə futbol haqqında. “Neftçi” son oyunda da MOİK-ə uduzdu – 2:4. Bizdən topları Vəli Qasımovla (86, penaltidən) Rasim Abışov (87) vurdular. Güclülər dəstəsinə MOİK və “Quriya” çıxdı. 1-ci dəstəni isə “OİK-Rostov”, “OİK-Karpatı” və “Dauqava” tərk etdilər. Bu gün SSRİ ilə Türkiyə arasında oyun olmalıydı. Türkiyə Futbol Federasiyasının xahişi ilə həmin oyun noyabrın 15-də keçiriləcək. Bu həm də ona görə edilib ki, noyabrın 15-də ADR və Avstriya yığmaları da qarşılaşacaq. Oyunlar eyni saatda başlayacaq. Turnir cədvəlində isə vəziyyət belədi: 1. SSRİ – 9, 2. Türkiyə - 7, 3. ADR – 7, 4. Avstriya – 7, 5. İslandiya – 6 xal (bütün oyunlarını keçirib). Bu arada onu da deyim ki, “Neftçi” mövsümü 8-ci yerdə bitirdi.
12 noyabr, saat 18.00. İşıqlar sönüb. İstirahət günüdü. Bu gecə televizorda İlyas Əfəndiyevin “Unuda bilmirəm” tamaşası var. Bundan sonra futbol haqda söhbətlərimiz seyrəkləşəcək, hörmətli Gündəlik! Maraqlı bir fakt. 1-ci dəstədə çempionat başlamamış sinfimizdə sorğu keçirmişdim. Hər kəs “Neftçi”nin neçənci yeri tutacağını deməliydi. Təkcə T.T. “Neftçi”nin 8-ci yeri tutacağını söyləmişdi. 17 nəfər arasından yalnız biri. “Neftçi” 1-ci dəstədə 58 top vurub, öz qapısından isə 48-ni buraxıb. “Neftçi”nin vurduğu qolların əksəriyyəti Vəli Qasımovla Samir Ələkbərovun hesabındadı. “Neftçi”nin gələn mövsüm 1-5-ci yerlərdən birini tutacağına inanıram.
(davamı olacaq)