Oqtay Abdullayev: “Turan Tovuz”un yeni mövsümdə elitaya dönüşü müzakirə olunmadı”
Ötən sayımızda AFFA-nın baş katibi Elxan Məmmədovun şənbə günü Gəncəyə səfər edəcəyini, səfər çərçivəsində şəhərin icra başçısı Niyazi Bayramovla görüşüb növbəti mövsümdən elitada çıxış edəcəyi söylənilən “Kəpəz”in yeni rəhbərliyi barədə müzakirələr aparacağını xəbər vermişdik. Onu da bildirmişdik ki, Elxan bəy Gəncə şəhər stadionunun ərazisində yeni süni örtüklü meydanın salınmasına xeyir-dua verəcək. Gəncədəki mənbəmizdən əldə etdiyimiz bilgiyə əsasən, Məmmədovun ölkənin ikinci böyük şəhərinə səfəri baş tutub. Lakin Elxan bəyin icra başçısı ilə görüşü gerçəkləşməyib. Səbəb isə Niyazi bəyin həmin gün Bakıya çağırılması olub. Baş katib Bayramovla görüşə bilməsə də, stadiona baş çəkib, şəraitlə tanış olub, yeni süni örtüklü meydanla bağlı lazımi tövsiyələrini verib.
Qərb bölgəsinə səfəri zamanı Məmmədov Tovuza da yollanmağı lazım bilib. Artıq bildiyiniz kimi, İcraiyyə Komitəsinin son toplantısında Tovuzda Futbol Akademiyasının yaradılması ilə bağlı qərar qəbul edilmişdi. Məmmədov da Gəncəyə getmişkən Tovuza da baş çəkməyi, “Turan Tovuz”un bazasında yaradılacaq akademiya ilə bağlı görüləcək işlərlə maraqlanmağı lazım bilib. Elxan bəy Tovuzda olduğu müddətdə “Turan Tovuz”un Müşahidə Şurasının sədri Oqtay Abdullayev, klubun və Tovuzun rəsmi şəxsləri ilə görüşüb.
Görüş zamanı nələrin müazkirə olunduğunu bilmək üçün qərb klubunun rəhbəri Oqtay Abdullayevlə əlaqə saxlamağı lazım bildik: “Elxan müəllim səfər ərəfəsində mənimlə əlaqə saxlayıb Tovuza yollanacağını bildirdi. Onu da əlavə etdi ki, akademiyanın yaradılması ilə bağlı şəraitlə tanış olmaq istəyir. Bunlar hamısı qısa vaxtda ortaya çıxdı. Ötən şənbə bu üzdən Tovuza yollandım. Çox səmərəli, qərb bölgəsində futbolun inkişafı yönündə çox faydalı görüş oldu. Tovuzun icra başçısı müəyyən səbəbdən baş katiblə şəxsən görüşə bilməsə də, müavini Elxan müəllimlə bir araya gəldi. Ondan və məndən başqa Tovuzun ziyalıları, rəsmi şəxsləri baş katiblə görüşdü, rayonda yeni akademiyanın açılması barədə fikir mübadiləsi apardı. Bundan başqa, Elxan müəllim əslən Tovuzdan olan və “Turan Tovuz”un ayaqüstə qalmasında əziyyəti keçən Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zenalovla telefonla danışdı. Ramiz müəllim baş katibə yeni akademiya üçün əlindən gələn köməyi edəcəyini bildirdi”.
Qərblilərin Müşahidə Şurasının sədri akademiya və klubun gələcək taleyi ilə bağlı bunları söylədi: “Akademiyanın fəaliyyətə başlayacağı ilə əlaqədar stadionun ərazisində əsas meydanla yanaşı, daha 4 meydança olacaq. Elxan müəllim tribunaya da diqqət yetirdi və lazımi göstərişlərini verdi. O tribunanın altında aşağı yaş qruplarının şərəfini qoruyan uşaqlar və hakimlər üçün paltardəyişmə otaqlarının olmasının vacibliyini qeyd etdi. Bundan başqa, “Turan Tovuz”un mövcud bazasının da əsaslı təmirə ehtiyacı olduğunu vurğuladı. İnşallah, baza demək olar ki, sıfırdan təmir olunacaq və ikimərtəbəli binanın yerində üç mərtəbəli, müasir standartlara cavab verən bina olacaq. Müasir fitnes mərkəzi, uşaq və yeniyetmə futbolçuların inkişafı üçün bütün tələblərə cavab verən otaqlar və zallar istifadəyə veriləcək. Görüş zamanı “Turan Tovuz”un yeni mövsümdə elitaya dönüşü müzakirə olunmadı. Əsas diqqət akademiyaya yönəlib. Qərb bölgəsində fəaliyyətə başlayacaq ilk Futbol Akademiyasında kimlərin çalışacağı iynun əvvəlində məlum olacaq. Hələ ki kadr məsələsi gündəmdə deyil. İndiki zamanda bundan da vacib işlərimiz var. Görüşün sonunda baş katib “Turan Tovuz”un bazasında yaradılacaq akademiyanın ölkədə ən yaxşılardan olacağına inandığını bildirdi. Çalışacağıq ki, biz də etimadı doğruldaq, qərb bölgəsində olan ən yaxşıları sıralarımıza cəlb edək”.
RƏŞAD