Sizin reklam burada

Vitali Borisov 2 metrin söhbətini edir...

Baxış Sayı:449

Vitali Borisov 2 metrin söhbətini edir...
“Serbiyanı təhlil etmək vacib deyil”
Aprelin 11-i və 12-də Latviyada bu ölkənin millisi ilə yoldaşlıq görüşlərində qüvvəsini sınayan futzal yığmamız Serbiyadadı. Joze Alesio da Silvanın kmandası bu gün və sabah serblərlə münasibətlərinə aydınlıq gətirəcək. Tərəflər arasında ilk qarşılaşma bu gün Zrenyanin şəhərindəki “Kristal zal”da, Bakı vaxtı ilə saat 21.00-da başlayacaq. Yeri gəlmişkən, sabahkı oyun başqa məkanda - Pozareviçin İdman Mərkəzində olacaq. Latviyayla ilk oyunda zədələnən və bir gün sonrakı görüşü buraxan kapitan Rizvan Fərzəliyev Belqraddakı ilk məşqə də qatılmayıb. Çox güman, o, bu gün də komandaya kömək edə bilməyəcək.
Bu arada Rizvanın yoxluğunda kapitan sarğısını təhvil alan Vitali Borisov Futzal Federasiyasının rəsmi saytına müsahibə verib. Təcrübəli yığma üzvü komandadakı problemlərdən danışıb.
- Latviya ilə yoldaşlıq görüşlərini necə xarakterizə edərdin?
- Maraqlı, gərgin iki oyun keçirdik. Müqayisə etsək, birinci oyunda daha yaxşı çıxış etdik. İkinci qarşılaşmada zəif təsir bağışlamağımızın səbəbləri var. Bundan başqa, oyunun keçirildiyi meydanın ölçüləri də standartlara uyğun deyildi. Düzdü, hər iki komanda üçün şərait eyni idi. Ancaq meydanın eni 20 metr olmalıdı, burda 22 metr idi. Qarşıdakı günlərdə Serbiyada iki oyun keçirəcəyik və bu qarşılaşmaların da bizim üçün faydalı olacağına əminəm.
- Hər iki oyundan sonra baş məşqçi, eləcə də saytımıza açıqlama verən komanda yoldaşların yorğunluğu qabardıb. Səfər yorğunluğu oyununuza bu qədər təsir etmişdi?
- Ola bilər ki, təsir etsin. Çünki iki təyyarə dəyişmək, hava limanında gözləmək mənfi təsir edə bilər. Məncə, əsas səbəb başqadı. Komanda şəklində çoxdan toplaşmırdıq, məşq etmirdik, “standartlar” üzərində işləmirdik, oyun keçirmirdik. Yol yorğunluğu hər zaman olur. Biz vacib olan “ev tapşırıqları”nı icra edə bilmədik.
- Baş məşqçi Alesionun “standartlar” ilə bağlı tapşırıqlarını daim yerinə yetirirsiz. Hər dəfə yenilik olur?
- Tapşırıqlar dəyişir. Bunu bir məşqdə öyrənmək çətindi. Həm də 4 saniyə ərzində qərar verməli, necə yerinə yetirməli olduğunu düşünməlisən. Bu da çox çətindi.
- Tək “standartlar” ilə bağlı yox, müdafiədən çıxan zaman da çoxsaylı səhvlər edirdik…
- Ötürmələr zamanı hər kəs səhvə yol verə bilər. Futzalda bu qaçılmazdı. Texniki səhvlər hər zaman olur.
- Növbəti oyunlar serblərə qarşı olacaq. İki gün ərzində Braziliya millisi ilə iki ardıcıl görüş keçirmiş və daha yaxşı tanıdığın rəqiblə matçlar haqda nə düşünürsən?
- Serbiya – Braziliya oyunlarını izləyə bilmədim, amma epizodlara baxdım. Braziliya yığması məğlub olduğu ilk matçda rəqib qapısına 25 zərbə endirmişdi. Serblərin qapıçısı əla oynadı. Üçüncü qolu isə boş qapıya vurdular. Bu oyun göstərdi ki, hər kəs futzal oynaya bilir. Hətta rəqibin Braziliya kimi titullu komanda olsa belə, ona qarşı mübarizə apara bilərsən. Serbiya texniki cəhətdən yaxşı komandadı. Oyunçuları atletik baxımdan da seçilirlər. Üstəlik, azarkeşləri də hər zaman oyunları izləmək üçün zallara gəlirlər. Bu dəfə də istisna olmayacaq. Çünki serblər idmanı sevirlər.
- Əsasən nəyə diqqət etməliyik?
- Gərək öz oyunumuzu tutaq. Serbiyanı təhlil etmək vacib deyil. Bizim öz yolumuz var. Məşqçimiz istəyir ki, onun tapşırıqlarını yerinə yetirək. Çünki oktyabrda keçiriləcək rəsmi oyunlara hazırlaşmalıyıq və daha vacib tapşırığımız olacaq. Səhvləri görməli, işləməliyik.
- Hazırkı yığma rəsmi oyunlara nə qədər hazırdı?
- Hardasa 50-60 faiz hazırıq. Ancaq vaxtımız az deyil. Əvvəllər millinin “skeletini” təşkil edənlər “Araz”da oynayırdılar, hər gün məşqlər edir, “standartlar”ı yerinə yetirirdilər. İndi biri İndoneziya çempionatında oynayır, bir başqası “Neftçi”də cəmi bir məşq edib. Ona görə səhvlər qaçılmazdı.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR