Sizin reklam burada

“Səbail” flaqmanı “taxtdan saldı”

Baxış Sayı:687

“Səbail” flaqmanı “taxtdan saldı”
96. Səbail – Neftçi (Bakı) 2:2 (0:0)
1. Aleksandr Rıbka – 4,0
13. Şəhriyar Rəhimov - 5,0
32. Elvin Yunuszadə – 5,0
99. Maudo Jarjue - 5,0
7. Fəhmin Muradbəyli – 5,5
(77. Ədilxan Qarəhmədov, 76) - 5,5
5. Vüqar Bəybalayev - 5,5
27. Emil Martinov – 5,5
10. Ağabala Ramazanov – 6,0
14. Rahid Əmirquliyev (k) – 5,5
(6. Maykl Essyen, 78) - qiymətsiz
28. Kevin Kubemba – 5,5
21. Oke Akpoveta – 5,5
(11. Ruslan Qurbanov, 78) – qiymətsiz
Ehtiyat oyunçular
25. Elxan Əhmədov
50. Fərhad Vəliyev
3. Tamazi Tsetsxladze
4. Enrike Perilyo
9. İmanol İriberri
18. Aqşin Qurbanlı
20. Eltun Yaqublu
26. Kamal Qurbanov
33. Tome Kitanovski
Baş məşqçi: Aftandil Hacıyev
Komandanın ən yaxşısı: Ağabala Ramazanov

1. Səlahət Ağayev – 4,5
5. Anton Krivotsyuk – 5,0
25. Kiril Petrov – 5,0
3. Mamadu Mboc – 5,5
26. Ömər Buludov – 5,5
6. Qoran Paratski – 5,5
(16. Canluka Sansone, 87) - qiymətsiz
36. Mamadu Kane – 4,5
(17. Rəhman Hacıyev, 90+4) - qiymətsiz
9. Baqali Dabo – 5,5
11. Vangelis Platellas – 5,5
7. Namiq Ələsgərov – 6,0
22. Mirabdulla Abbasov – 5,5
(18. Tural Axundov, 73) - 5,0
Ehtiyat oyunçular
30. Aqil Məmmədov
12. Kamran İbrahimov
4. Petru Raku
15. Ruslan Abışov
21. Məhəmməd Mirzəbəyov
33. Turan Vəlizadə
70. Əli Şirinov
Baş məşqçi: Roberto Bordin
Komandanın ən yaxşısı: Namiq Ələsgərov
Qollar: M.Abbasov, 50 (0:1, N.Ələsgərov). Ə.Qarəhmədov, 81 (1:1). A.Ramazanov, 85 (2:1, Ş.Rəhimov). M.Mboc, 90+6 (2:2, T.Axundov).
Vərəqələr: K.Petrov, 22 (qeyri-idman hərəkəti). M.Jarjue, 23 (qeyri-idman hərəkəti). A.Ramazanov, 49 (hakimi aldatmağa cəhd). B.Dabo, 78 (qeyri-idman hərəkəti). A.Məmmədov, 87 (hakimin qərarına etiraz). C.Sansone, 87 (icazəsiz meydana daxil olmaq). A.Rıbka, 90+3 (oyunun bərpasını ləngitmək) - sarı. A.Rıbka (hakimin qərarına etiraz, oyun bitdikdən sonra) - qırmızı.
Hakimlər: SƏBUHİ BAYRAMOV, Knyaz Əmiraslanov, Nahid Əliyev, Kamal Umudlu (hamısı Bakı).
Hakim-inspektor: Rövşən Əhmədov (Mingəçevir).
AFFA nümayəndəsi: Nihad Məmmədov (Bakı).
14 aprel. Bakı. Bayıl Arena. 1600 tamaşaçı (3200 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
Turun bağlanış matçı prinsipiallıq doğururdu. Bir gün əvvəl “Qarabağ”ın rahat qələbə qazanıb vahid liderliyə yiyələnməsi “Neftçi”ni “Bayıl Arena”dakı görüşə ikiqat motivasiya etmişdi. Təbii ki, “Səbail”i yenməyin asan olmayacağı ehtimal olunurdu. Çünki Roberto Bordinin komandası bu rəqibi ilə son dueldə uduzmuşdu. Premyer-liqada sonuncu dəfə “ağ-qaralar”ı məğlub edən komanda məhz Aftandil Hacıyevin yetirmələri olmuşdu. "Səbail" də mübarizəsiz təslim olmayacaqdı. "Qəbələ" bir qədər əvvəl "Keşlə" ilə matçı qalibiyyətlə bitirib Bayıl təmsilçisiylə xal fərqini minimuma endirmişdi.
Flaqmanın heyətində ciddi itki var idi. “Ağ-qaralar” Emin Mahmudovun xidmətindən məhrum idi. Ruslan Abışovun yoxluğunda kapitan sarğısını daşıyan Emin sarı vərəqə cəzasına görə turu buraxırdı. Yeri gəlmişkən, Ruslanın bu oyunda start heyətində yer alacağı gözlənilsə də, Bordin yenə onu ehtiyatda saxlamışdı. "Səbail"ə gəlincə, Aftandil Hacıyev obyektiv və subyektiv səbəblərdən start heyətində bir neçə dəyişiklik etməli olmuşdu. Ən böyük itki isə, heç şübhəsiz, səhhətində problem yaranan Yevgeni Koçuk idi.
"Neftçi" hesabı erkən hesab aça bilərdi. Belə ki, 10-cu dəqiqədə "Səbail" hücuma çıxarkən topu itirdi və əks-hücumda yaxalandı. Namiqin sağ cinahdan cərimə meydançasına ötürməsinə Mirabdulla istədiyi kimi ayaq qoya bilmədi. Gənc hücumçu iki metrdən "çərçivə"yə düşməyi bacarmadı. Hissənin ortalarında Dabonun yaxın məsafədən başla zərbəsini Rıbka dirəyin dibində dəf edərək kornerə çıxardı. 35-ci dəqiqədə "Neftçi"nin bəxti gətirdi. Rəqibin əks-hücumunu dəf edərkən Krivotsyuk az qala avtoqol müəllifi olacaqdı. Onun tərs toxunuşundan sonra top tirə tuş gəldi. 43-cü dəqiqədə Rıbka ardıcıl iki həmlədə komandasını real qoldan xilas etdi. Ukraynalı əvvəlcə Platellasın uzaqdan zərbəsini dəf etdi, top yenə qonaqlarda qaldı. Namiqin qapı önünə ötürməsini isə Mirabdulla "çərçivə"yə yönəltdi ki, Rıbka yaxın məsafədən zərbənin də qarşısını alaraq qolu əngəllədi. Beləliklə, ilk yarı qolsuz başa çatdı.
"Neftçi" arzuladığı qolu ikinci hissənin əvvəlində vurdu. Namiq sağ cinahda Ömərlə paslaşdıqdan sonra rəqibin iki müdafiəçisindən sıyrılıb cərimə meydançasına daxil oldu və dərhal qapı qarşısına ötürmə etdi. Mirabdulla başla topu tora qovuşduraraq, komandasını hesabda önə keçirdi. Qoldan sonra tərəflər daha açıq oynamağa başladı. 59-cu dəqiqədə "Neftçi" inanılmaz imkandan yararlana bilmədi. Namiqin qüvvətli zərbəsindən sonra top dirəkdən döndü və Dabonun önünə düşdü. Çempionatın bombardiri topu, demək olar, boş qalan qapıya göndərə bilmədi. Bir qədər sonra isə "Səbail" Fəhminlə təkbətəkdən yararlana bilmədi. Sürəti hesabına rəqiblərini arxada qoyan yarımmüdafiəçi son anda topu ayağından bir qədər irəli qaçırdı ki, bu da mövqeyini tərk edən Səlahətin təhlükəni uzaqlaşdırması üçün kifayət etdi.
Sona yaxın Aftandil Hacıyev qısa müddətdə üç əvəzetmə həyata keçirdi və oyunun axarını məhz baş məşqçinin bu müdaxiləsi dəyişdi. Nəticədə sonluq dramatik alındı. 81-ci dəqiqədə bərabərlik qolunu məhz 17 yaşlı Ədilxan vurdu. "Neftçi" özünə gəlməmiş Ağabala Şəhriyarın müdafiədən göndərdiyi uzun ötürmə sayəsində qapıçı ilə təkbətək çıxdı və hücumu qolla tamamlayıb komandasını önə keçirdi. "Neftçi" məğlubiyyətdən son saniyədə qurtuldu. Əslində qol vurulanda hakimin matça əlavə etdiyi 5 dəqiqə 14 saniyə əvvəl bitmişdi. Mboc Turalın asmasını başla tora qovuşduran kimi Səbuhi Bayramov fitini səsləndirib oyunu bitirdi. Beləliklə, "Neftçi" çempionluq yolunda ağır zərbə aldı.

Gözdən qaçmadı
* "Səbail"in bugünlərdə "Bayıl Arena"nın adını dəyişib "ASCO Arena" qoyduğu məlumdu. Ad dəyişikliyi arenadakı yeniliklərdən nəzərə çarpırdı. Belə ki, inzibati bina tərəfdəki qapının arxasına üzərinə "ASCO Arena" yazılmış lövhə quraşdırılıb.
* Tribunalarda bu dəfə qələbəlik idi. Həm də azarkeşlərin yarıdan çoxu əvvəllər tərəfdar baxımından əziyyət çəkən "Səbail"i dəstəkləyənlər idi. "Dənizçilər"i xeyli kursant da dəstəkləyirdi ki, onlar böyük ölçüdə Azərbaycan bayrağı ilə "silahlanmışdılar".
* Mirabdulla ikinci hissənin ortalarında əzələsini dartdı. Ona ilk yardımı "Səbail"li Elvin Yunuszadə göstərdi. Buna hazır olmayan "Neftçi" hardasa 4 dəqiqə azlıqda mübarizə aparmalı oldu.
* Sonluq emosiyaların yüksəlməsi ilə yadda qaldı. Beş dəqiqə ərzində iki qol vuran "Səbail"lilərin qol sevinci nə qədər qıcıqlandırıcı idisə, son saniyədə üstünlüyü əldən verməsi meydan sahiblərini özündən çıxardı. Demək olar, komandanın bütün üzvləri hakimin üzərinə hücum çəkdi. Polislər hakimlər briqadasını mühafizə altına almalı oldu. Referi kəskin etiraza görə Aleksandr Rıbkaya qırmızı vərəqə göstərdi. Bu ərəfədə olay yerində azyaşlıların olması diqqəti çəkdi.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR