Aprelin 11-13-ü aralığında İranın futbol çempionatında 25-ci turun oyunları keçirilib. Çempionluq uğrunda mübarizə aparan “Traktorsazi”, təəssüf ki, Rəştdə “Səpidrud”a 1:3 hesabıyla uduzub. Əlbəttə, futbolda daimi qalib anlayışı yoxdu, istənilən komanda uda da bilər, uduza da. Amma turnir cədvəlinin 15-ci pilləsində qərarlaşan rəştlilərin inamlı qələbəsi futbolsevərlərdə müəyyən şübhə doğurub. İş ondadı ki, “Traktorsazi”nin qapıçısı, bu oyunda inanılmaz dərəcədə kobud səhvlər ilə yadda qalan Mehdi Mohammadian əslən Rəştdəndi. Bu üzdən bəziləri belə düşünür ki, qapıçı qəsdən belə oynamaqla “Səpidrud”a elitada qalmaqda yardımçı olmaq istəyib. Gerçəklik budu ki, “Traktorsazi” bu oyunda qalib gəlsəydi, lider “Persepolis”dən cəmi 2 xal geri qalacaqdı. İndi isə fərq artıq 5-ə çatıb və mübarizənin sonuna də cəmi 5 tur qalır. “Persepolis” 54 xalla turnir cədvəlinə başçılıq edirsə, təbrizlilərin 49 xalı var.
Yeri gəlmişkən, hesabat turunda Təbrizin digər təmsilçisi “Maşınsazi” evdə Mazandaran “Nassaji”si ilə heç-heçə edib (0:0) və hazırda 27 xalla 10-cu pillədə qərarlaşıb. Onu da qeyd etməyə dəyər ki, “Traktorsazi” lider “Persepolis”lə mayın 1-də Təbrizdə qarşılaşacaq.