
Gözəl Qurban Qurbanovla görüşdü
Aqolli “Qarabağ”dakı uğurları tortun üstündəki albalıya bənzədir
“Qarabağ”lılar hansısa yarışın həlledici mərhələsinə qədəm qoyanda, ya da uğur qazananda yanlarında klubun prezidentini görürlər. Çempionatın finişə yaxınlaşdığı, üstəgəl, kubokun yarımfinal matçlarına sayılı günlərin qaldığını nəzərə alan Abdulbari Gözəl aprelin 11-də bazaya baş çəkməyi özünə borc bilib. Klubun vitse-prezidenti Tahir Gözəllə birgə “Azərsun Arena”ya təşrif buyuran ata Gözəl baş məşqçi Qurban Qurbanov və baş direktor Əmrah Çəlikəl ilə görüşüblər. Görüş iştirakçıları çempionat və kubokdakı ümumi durumu müzakirə ediblər. Yekunda Abdulbari bəy komandaya inandığını deyərək, məşqçi və futbolçu heyətinə uğurlar arzulayıb.
“Qarabağ”la bağlı daha bir xəbərin səbəbkarı isə Ansi Aqollidi. Ötən ay “köhlən atlar”la vidalaşaraq okeanın o biri tayına yollanan və “Nyu-York Kosmos”la müqavilə bağlayan albaniyalı müdafiəçi klub saytına açıqlama verib. Və növbəti dəfə ölkəmizdə gördüklərindən, fasiləsiz 9 il şərəfini qoruduğu komandadan söz açıb: "Bunu magistraturada oxumaqla müqayisə edərdim. “Qarabağ”da oynamaqla çox şey öyrəndim. Xüsusilə baş məşqçi və kapitandan. "Qarabağ"da biz hər şeyə sıfırdan başladıq, ildən-ilə yüksəldik. Çətin günləri yaxşı xatırlayıram, ona görə ki, adətən, həmin vaxtlarda daha çox öyrənirsən. "Qarabağ"da yaxşı anlar yaşadım. Çempionluq, ilk dəfə Avroliqanın qrupu, həmçinin Çempionlar Liqasında bu mərhələ - bu, tortun üstündə albalı kimidi. "Çelsi" və "Atletiko"ya qarşı oynamaq çox həyəcanlı idi".
HƏBİB