Sizin reklam burada

“Qəbələ”lilər klub prezidentinin istefasına münasibət bildirdi

Baxış Sayı:450

“Qəbələ”lilər klub prezidentinin istefasına münasibət bildirdi
Fariz Məmmədov: “Heydərov qarşısına yüksək hədəflər qoyan əsl vətənpərvərdi”
Tale Heydərovun “Qəbələ”nin prezidenti postundan getdiyini ötən sayımızda xəbər vermişdik. “Qırmızı-qaralar”ın yaranmasında, klub kimi formalaşmasında birbaşa əməyi olan Tale bəyin 13 illik fəaliyyətin ardından, hətta mövsümün başa çatmasını belə gözləmədən postundan ayrılması idman camiəsi üçün aydın səmada şimşək effekti yaratdı desək, yanılmarıq.
“Mövsümün sona çatmasını gözləmədən belə” ifadəsini boş yerə işlətmədik. Hazırda turnir cədvəlində 4-cü pillədə qərarlaşan, ölkə kubokunda yarımfinalında olan klubun prezidentinin bu addımını, uzun illər döyüş qabiliyyəti yüksək olan, bir çox böyük savaşlardan qalib kimi ayrılan, ancaq günlərin bir günü, növbəti döyüşün taleyinin həll olunacağı bir ərəfədə əsgərlərini başsız qoyub, artıq qılıncını divardan asmağı lazım bilən sərkərdənin qərarına bənzətmək olar. Heydərovun “Qəbələ” üçün etdikləri, sıfırdan Avropa səviyyəli klub yaratdığı (bu sözü çəkinmədən demək olar) haqda uzun-uzadı yazmaq istəmirik. Bunu ölkə futbolu ilə maraqlanan hər kəs deyə bilər. Ancaq Tale bəyin prezident kürsüsündən imtinası doğrudan da gözlənilməz oldu. Heç şübhəsiz, prezidentin çempionatın sonuna 5 tur qalmış verdiyi bu qərar şimallıların futbolçularına da təsirsiz ötüşməyib. Bəs görəsən, onlar bu haqda nə düşünürlər, klubun gələcəyini necə görürlər? Bu suallara cavab tapmaq üçün “qırmızı-qaralar”ın bəzi oyunçularının fikirlərini öyrənməyi lazım bildik.
Cavid Hüseynov: “Tale Heydərov “Qəbələ”nin yaradıcısıdı. Ölkə futboluna bu klubu o bəxş edib. “Qəbələ”nin inkişafı, bu zirvəyə çatması birbaşa onun adı ilə bağlıdı. Açığı, Tale müəllimin klub prezidenti postundan istefa verdiyini eşidəndə bütün komanda məyus oldu. Demək olar ki, bütün kollektiv pərişan idi. Ancaq klubdaxili toplantıda bizə deyildi ki, Tale müəllimin istefa verməsinə baxmayaraq, klub fəaliyyətini davam etdirəcək. Sadəcə, onun başqa işləri çox olduğundan “Qəbələ”yə yetərincə vaxt ayıra bilmir. Bəli, onun klubdan ayrılması bizim üçün böyük itkidi, ancaq düşünürəm ki, bu məqam komandanın oyununda əksini tapmamalıdı. Fariz Nəcəfov dünən (srağagün) keçirilən toplantıda bizə yaşananlar barədə ətraflı məlumat verdi. “Qəbələ” əvvəlki kimi qarşıya qoyulan məqsəd uğrunda mübarizəni davam etdirəcək”.
Rasim Ramaldanov: “Vallah, heç bilmirəm bu haqda nə deyim. Hər şey o qədər gözlənilməz oldu ki... Tale Heydərovun prezident postundan getməsini əvvəlcə mətbuatdan oxudum, sonra isə klubdaxili toplantıda bizə bu haqda məlumat verildi. Bundan sonra necə olacağı, “Qəbələ”də kimin prezident postuna oturacağı o qədər də vacib deyil. Postda kimin olacağından asılı olmayaraq, Tale bəyin klub üçün etdikləri göz qabağındadı və bunu heç kim dana bilməz. Ümid edirəm və inanıram ki, “Qəbələ” bundan sonra da fəaliyyətini davam etdirəcək və həmişəki kimi iddialı klublar arasında yer alacaq. Heydərova isə bu günə qədər klub üçün etdiklərinə görə təşəkkür etmək istəyirəm”.
Bildiyiniz kimi, “Qəbələ”də futbolla yanaşı, müxtəlif idman növləri üzrə bölmələr də fəaliyyət göstərir. “Qəbələ” İdman Klubunun cüdo, güləş, boks, karate, taekvondo komandalarının üzvləri eyni zamanda yığmanın da şərəfini qoruyurlar. “Qəbələ" İdman Klubunun boks bölməsinin rəhbəri Fariz Məmmədov da Tale Heydərovun istefasına biganə qalmayıb. Məmmədov şəxsi “feysbuk” səhifəsində klub preizdentinin istefasına münasibət bildirib. Peşəkar boksçular arasında dünya və Avropa çempionu olan Fariz bəy sabiq prezidentin vətənpərvərliyindən, ölkə idmanı üçün etdiklərindən söz açıb, bu şəxsin onun karyerasında da böyük rol oynadığını qeyd edib: "Çoxları artıq bilir ki, Tale Heydərov aprelin 10-da istefa verdi. O, 2005-ci ildən "Qəbələ" futbol klubunun, 2013-dən isə onun bazasında yaradılan idman klubunun prezidenti idi. Klubda futbolla yanaşı, cüdo, boks, MMA, karate, sərbəst və yunan-Roma güləşi, taekvondo, kikboksinq, qol güləşi və atıcılıq kimi başqa idman bölmələri də fəaliyyət göstərir. "Qəbələ" ölkənin ən böyük idman klubudu. Cəmiyyətin reaksiyası özü hər şeydən xəbər verir. O, "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfovla birlikdə kluba uğur qazandırıb. Bu, çox vacib və nadir görülən hadisədi ki, rəhbərlik klubu vətənpərvərlik hissləri və ölkəsi üçün nəsə etmək istəyi ilə idarə edir, yalnız özünü düşünmür. Ən çətin vaxtımda mənə dəstək olub və öz işimi görməyə imkan yaradıb. Həmçinin idmançılarımız dünya və başqa mötəbər yarışlarda mükafatçılar sırasına düşüb, Azərbaycan bayrağını ucaldıblar. Hesab edirəm ki, yaxşı təşkilatlanmış qurum özü yaxşı əməkdaşlar yetişdirir, özü onları yönləndirir. Tale Heydərov da məhz belə insanlardandı. O, hər zaman idmançılara dəstək olub, bir rəhbərin edə biləcəyindən daha çoxunu edib. Onun yerində kimisə təsəvvür etmək çətindi. Heydərov qarşısına yüksək hədəflər qoyan əsl vətənpərvərdi. Son olaraq, bir cümlə ilə "Qəbələ" İK-nın prezidentinin işini xarakterizə etmək istəyirəm: "İnsanları arxanca aparmaq istəyirsənsə, onların önündə get".
Yeri gəlmişkən, çərşənbə günü istefa verən Tale bəyin açıqlaması srağagün klub saytında yer alıb: “Klubun 13 il boyunca inkişaf etməsini görmək möhtəşəm idi və nailiyyətlərimizlə qürur duyuram. Artıq mənim üçün bu vəzifədən getməyin və başqasına bu böyük klubu yeni qələbələrə daşımaq fürsəti verməyin vaxtı çatıb. Klubun əməkdaşlarına, oyunçularına və ən əsası azarkeşlərinə klubu indiki səviyyəyə çatdırdıqları üçün təşəkkür edirəm və bilirəm ki, onlar daha böyük uğurlar qazanacaqlar”.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR