“Neftçi”nin sadiq azarkeşlərindən biri 1989-90-cı illərdə yazdığı gündəlikləri redaksiyamıza təqdim edib. Həmin dövrün təkcə futbol olaylarını yox, həm də ictimai-siyasi mənzərəsini aydınlatmaq baxımından maraq doğuran gündəlikdən parçaları dəyərli oxucularımıza təqdim etməyi lazım bildik. Demək olar ki, yazılanların nöqtə-vergülünə toxunmadan.
(əvvəli qəzetin ötən saylarında)
18 avqust, saat 12.00. Bu gün televizorda “Dalğa” var. Dərslərin başlamasına 13 gün qalır.
“Neftçi” dünən səfərdə qələbə qazandı. “Nistru” üzərində. Hesab 4:2 oldu. Topları “Neftçi”dən Vəli Qasımov (11), Nazim Süleymanov (44), Samir Ələkbərov (72; 85), “Nistru”dan isə İsgəndər Cavadov (53) və Vadim Karatayev (84) vurdular. “Neftçi” növbəti oyununu Novorossiysk şəhərində Abovyanın “Kotayk” komandası ilə keçirəcək. 100 faiz deyə bilərəm ki, oyun 0:0 bitəcək.
Haşiyə: “Nistru” komandasından qolları vuranların ikisi də əvvəllər “Neftçi”də oynayıblar. Diktor Aydın Əliyev Cavadovu yaman təriflədi. Bundan əvvəlki oyunda “Nistru” “Spartak”ı 1:0 udmuşdu. Topu 85-ci dəqiqədə məhz Cavadov vurmuşdu.
27 avqust, saat 14.00. Dərslərin başlamasına da 4 gün qaldı. Axşam televizorda Zeynəb Xanlarovaya həsr olunan veriliş var. İndi isə keçək dərdlərin dərmanı olan futbola. “Neftçi” növbəti oyunu “Kotayk”la keçirdi (neytral meydanda). Hesab 1:1 olub. Qol vuranları bilmirəm. Çünki radio ilə reportaj verilmədi. Srağagün isə “Torpedo” (Kutaisi) ilə oyun keçirildi. Oyun “Neftçi”nin böyük üstünlüyü şəraitində keçdi. Bu məqam hesabda da əksini tapdı. Oyun 2:0 hesabı ilə “Neftçi”nin xeyrinə qurtardı. Topları 2-ci dəqiqədə Vidadi Rzayev, 60-cı dəqiqədə isə Novruz Əzimov vurdu. Bu qələbədən sonra “Neftçi”, yəqin ki, 5-ci yerə qalxacaq.
31 avqust, saat 00.00. Televizorda “Qoşma” ədəbi almanax gedir. Bu gün “Neftçi” səfərdə SKA (Rostov) ilə oynayır. Radio olmadığına görə futbola qulaq asa bilmədim. Yəqin ki, bundan sonra tez-tez görüşəcəyik. Axı sabah dərslər başlayır.
6 sentyabr, saat 17.00. Sabahkı dərsləri hazırlamışam. Bu gün futbol var: Avstriya – SSRİ. SSRİ bu oyunu heç-heçə başa çatdırsa, İtaliyaya vəsiqəni özünə təmin edəcək. Oyun saat 12-də veriləcək. İndi isə “Neftçi” haqda. “Neftçi” 31-də keçirdiyi oyunu 1:1 hesabı ilə başa vurdu. Topları vurdular: Vəli Qasımov, 56 – Popadopulo, 87-p. Çox təəssüf. Sonra isə 0:2 hesabıyla “Metallurq”a uduzdular. “Neftçi” hələlik 6-cı yerdədi. Öz meydanında keçirəcəyi üç oyunda qalib gəlsə, onda 3-cü yerə gələ bilər. Növbəti oyun sentyabrın 9-u, saat 19.00-da olacaq. Həmin gün “Neftçi” “Spartak”la oynayacaq.
11 sentyabr, saat 17.00. Axşam televizorda kino var. Keçək futbola. “Neftçi” “Spartak”ı 5:3 hesabı ilə uddu. Topları bizdən Vəli Qasımov (2), Yunis Hüseynov, Samir Ələkbərov və Novruz Əzimov vurdular. Başqa oyunların nəticələri: Fakel – OMİK 0:0, Kayrat – Kotayk 0:1, Paxtakor – Geoloq 5:1, Quriya – Dauqava 4:0. 1-ci yer: OMİK – 47 xal, 2-ci yer: Quriya – 44 xal, 3-cü yür: Kayrat – 42 xal, 4-cü yer: Dinamo St – 37 xal, 5-ci yer: Fakel – 36 xal, 6-cı yer: Paxtakor – 36 xal, 7-ci yer: Neftçi – 35 xal. Yeri gəlmişkən, Avstriya – SSRİ oyunu 0:0 bitdi.
19 sentyabr, saat 16.55. Axşam televizorda “Çərşənbə axşamı” (gənclər üçün proqram) var. İndi isə keçək futbola. Sentyabrın 17-də “Neftçi” “Kuban”ı 5:0 uddu. Topları vurdular: Yunis Hüseynov, Arzu Mirzəyev, Vladislav Qədirov, Nazim Süleymanov (2). Vəli Qasımov 11 metrlik cərimə zərbəsini boşa verdi. “Neftçi” növbəti oyunu sabah Batumi “Dinamo”su ilə keçirəcək. Oyun televiziya ilə saat 19.00-da veriləcək. Hələlik turnir cədvəlində vəziyyət belədi: 1-ci yer: OMİK – 47 xal, 2-ci yer: Quriya – 45 xal, 3-cü yür: Kayrat – 43 xal, 4-cü yer: Fakel – 38 xal, 5-ci yer: Neftçi – 37 xal.
(davamı olacaq)