Sizin reklam burada

Elxan Məmmədov bu gün Gəncəyə yollanır

Müəllif: football Tarix: 14-04-2019, 20:08 440 Baxış
Elxan Məmmədov bu gün Gəncəyə yollanır
“Kəpəz”in icraçı direktor postuna namizəd “yeyintiyə” görə universitetdən qovulub
Azərbaycanda köklü klubların sayı o qədər də çox deyil. Kimləsə mübahisə etsən, uzağı bir əldəki barmaqların sayından o yana gedə bilməz. Ancaq iki klub var ki, Azərbaycan futbolu dedikdə ilk ağla gələn onlar olur. Yəqin ki, söhbətin “Neftçi” ilə “Kəpəz”dən getdiyini anladız. SSRİ dönəmində cəmi bir dəfə Azərbaycan güclülər dəstəsində iki komanda ilə təmsil olunub ki, onlardan biri “ağ-qaralar”, digəri isə Gəncə (o vaxt Kirovabad) klubudu. “Neftçi” hər zaman ölkənin bir nömrəsi, bütün respublika onun üçün çalışıb. Gəncə klubunun isə taleyi bakılılarla müqayisədə o qədər də xoş olmayıb. “Sarı-göylər” istər SSRİ dönəmində, istərsə də müstəqillik illərində gah piramidanın zirvəsində olub, gah da Misir fironu Tutanhamon kimi ağır daş plitələr altında torpağa basdırılıb. Bütün bunlara baxmayaraq, Gəncədə futbol ölməyib, “Kəpəz” maliyyə durumundan asılı olmayaraq, fəaliyyətini davam etdirib.
Hazırda birinci divizionda çıxış edən, AFFA-nın “bulağından su içən” “sarı-göylər”in növbəti mövsümdən elitada çıxış edəcəyi söylənilir. Kuluarlarda gəzən söz-söhbətə inansaq, assosiasiya rəhbərliyi yeni ot örtüyünə yüzminlərlə vəsait sərf etdiyi “Kəpəz”i 2019/20 “futbol ili”ndə yenidən elitada görmək niyyətindədi. Hətta AFFA-nın baş katibi artıq indidən qollarını çırmalayaraq, “sarı-göylər”ə rəhbərlik edəcək yeni kollektivi qurmağa çalışır. Yeri gəlmişkən, Elxan bəy bu gün Gəncəyə səfər edəcək. Baş katib əvvəlcə şəhərin icra başçısı Niyazi Bayramovla görüşüb klubun gələcəyi ilə bağlı müzakirələr aparacaq. Ardınca isə başçı və baş katib Gəncə şəhər stadionuna yollanacaq, neçə illərdi arenanın həyətində yığılıb qalan süni örtüklü meydanın salınmasında iştirak edəcəklər.
Başçı ilə görüşdə Məmmədov, yuxarıda qeyd etdiyimiz kimi, “Kəpəz”in yeni rəhbərliyi barədə də söhbət edəcək. Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, Elnur Camalxanovun istefasından sonra boş qalan icraçı direktor postuna namizədlərdən birinin adı məlumdu. Bu Xəyal Hacızadə adlı şəxsdi. Vaxtilə Gəncə Texnologiya Universitetində rektorun təsərrüfat işləri üzrə köməkçisi olmuş bu şəxs işdə yol verdiyi nöqsanlara (yeyintiyə) görə vəzifəsini itirib. Bir müddət sonra Hacızadə Təhsil Nazirliyinin nəzdində olan idman məktəblərinin birinə rəhbər vəzifəyə gətirilib. Lakin orda da nəfsinə sahib çıxa bilmədiyindən şəhərin sabiq başçısı Elmar Vəliyev tərəfindən tutduğu postdan uzaqlaşdırılıb. O vaxtdan işsiz qalan Xəyal bəy kimlərinsə sayəsində yeni icra başçısına yol tapıb. Havadarları Niyazi bəydən onu klubun icraçı direktoru təyin etməyi xahiş edib. O da öz növbəsində Hacızadəni AFFA-nın baş katibinin qəbuluna göndərib.
Yəqin ki, Elxan bəyin Gəncə səfərində müzakirə olunacaq mövzulardan biri də Hacızadənin namizədliyi olacaq. Ancaq ümid edirik ki, baş katib bu dəfə “Kəpəz”lə bağlı kadr siyasətində səhvə yol verməyəcək və növbəti dəfə özünü “yandırmayacaq”.
RƏŞAD
SON XƏBƏRLƏR