Sizin reklam burada

Teymurla Şəhriyar Memorialı qələbəsiz başa vurdu

Title
Teymurla Şəhriyar Memorialı qələbəsiz başa vurdu
Karlsen həm 30 min avro, həm də "Ədalətli oyun" mükafatını qazandı
Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess" superturnirinə aprelin 9-da baş tutan oyunlarla yekun vuruldu. Dairəvi sistemlə keçirilən, 100 min avro mükafat fonduna malik Memorialın qalibinin Maqnus Karlsen olduğunu ötən sayımızda xəbər vermişdik. Planetin ən güclü şahmatçısı statusunu qoruyan norveçli 4-cü dəfə Şəmkirdə zirvəni fəth etməklə yanaşı, qalib üçün nəzərdə tutulan 30 min avroya da sahib çıxdı. Karlseni həmkarlarından fərqləndirən, onun uzunmüddətli hegemonluğunu şərtləndirən məqamlardan biri də işinin əsl peşəkarı olmasıdı. Sona bir tur qalmış çempionluğu rəsmiləşdirən başqası 9-cu turun oyununu yola verər, özünü əziyyətə salmadan heç-heçəyə razılaşardı. Maqnus isə son oyunda da mübarizədən qopmadı və turnirdə 5-ci (!) qələbəsini Aleksandr Qrişuku 39-cu gedişdə “ağ bayraq qaldırmağa” məcbur etməklə qazandı.
Yığmamızın üzvlərindən yalnız Teymur Rəcəbov ilk “üçlüy”ə düşmək şansını sona tura daşımışdı. Hədəfə çatmaq üçün son turda reytinqə görə yarışın ən zəifi David Navaranı yenmək tələb olunurdu. Bununla Teymur həm də qələbəsizliyə son qoyacaqdı. Amma qara fiqurlarla oynayan şahmatçımız 40-cı gedişdə rəqibin “sülh” təklifini qəbul etdi. Beləliklə, Rəcəbov Memorialı 9 (!) heç-heşə ilə başa vurdu. Heç bir iddiası qalmayan Şəhriyar Məmmədyarov isə Sergey Karyakinlə görüşdə özünü əziyyətə salmadı. Tərəflər 27-ci gedişdə xal bölgüsünə razılaşdılar. 2016 və 2017-ci ildə Memorialı zirvədə tamamlayan yığmanın liderinin bu dəfə qələbəyə həsrət qalması, iki oyunda uduzması, yekun sıralamada yalnız 1 rəqibini qabaqlaması düşündürücü məqamdı. İnanaq ki, Şəhriyar bu vəziyyətdən çıxmaq üçün “dönüş nöqtələri” tapacaq.
9 günlük mübarizəyə yekun vurulandan sonra Heydər Əliyev Mərkəzində bağlanış mərasimi təşkil olundu. Şəmkir şəhər İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov çıxış edərək, yarış iştirakçılarına təşəkkür etdi. Şəmkir turnirinin dünya mediasının diqqətində olduğunu deyən Məmmədov Vüqar Həşimov Memorialının şahmat xəritəsində özünəməxsus yer tutduğunu vurğuladı. Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov isə ölkəmizdə idmana, xüsusilə şahmata göstərilən qayğıdan danışdı. Nazir müavini Memorialın ölkədə şahmatın təbliğində böyük rolunu vurğuladı, qalib şahmatçını təbrik etdi. Sonra Vüqar Həşimovun qardaşı, "Microsoft"un Azərbaycan nümayəndələyinin rəhbəri Sərxan Həşimov ölkə başçısı İlham Əliyevə təşəkkür etdi. 2014-cü ildən etibarən Vüqar Həşimovun xatirə turnirinin təşkilini dövlət başçısının şahmata qayğısı kimi qiymətləndirdi. FIDE və AŞF-nin vitse-prezidenti, "ShamkirChess2019" turnirinin Təşkilat Komitəsinin rəhbəri Mahir Məmmədov çıxışında yarışın maraqlı partiyalarla zəngin olduğunu qeyd etdi. Oyunların 33 faizində qalib və məğlub tərəfin olduğunu söyləyən Məmmədov Təşkilat Komitəsinin yarışı Vüqar Həşimovun adına layiq şəkildə keçirməyə çalışdığını bildirdi.
Ənənəvi olaraq Vüqar Həşimov Şahmat Akademiyasının təsis etdiyi "Ədalətli oyun" mükafatının sahibi də elan olundu. Turnir zamanı bütün mətbuat konfranslarında iştirak edən, imza və şəkil çəkdirməklə bağlı heç kimə rədd cavabı verməyən, rəqiblərə hörmətlə yanaşan dünya çempionu Maqnus Karlsen təltif olundu. Daha bir mükafat turnirin baş hakimi, AŞF-nin vitse-prezidenti Faiq Həsənova verildi. Həsənov Memorialın keçirilməsində göstərdiyi xidmətlərə görə fərqləndirildi. Hər iki mükafatı Sərxan Həşimov, Karlsenə qalib üçün hazırlanan kuboku isə Mahir Məmmədov təqdim etdi.
Tədbirdə nümayiş etdirilən "Çayçı" rəqsi böyük marağa səbəb oldu. Rəqsin sonunda rəqqas armudu stəkanda Azərbaycan çayını dadmaq üçün Rusiya təmsilçisi, dünya kubokunun qalibi Sergey Karyakinə təqdim etdi. Xalq artisti, beynəlxalq müsabiqələr laureatı Samir Cəfərovun "Azərbaycan" mahnısını üç dildə ifa etməsi gur alqışlarla müşayiət olundu.
9-cu tur
Vişvanatan Anand (Hindistan, 2779) - Veselin Topalov (Bolqarıstan, 2740) 0,5:0,5
David Navara (Çexiya, 2739) - Teymur Rəcəbov (2756) 0,5:0,5
Maqnus Karlsen (Norveç, 2845) - Alekandr Qrişuk (Rusiya, 2771) 1:0
Şəhriyar Məmmədyarov (2793) - Sergey Karyakin (Rusiya, 2753) 0,5:0,5
Dinq Liren (Çin, 2812) - Aniş Giri (Hollandiya, 2797) 0,5:0,5
Yekun sıralama: 1. Karlsen - 7, 2. Liren - 5, 3. Karyakin - 5, 4. Qrişuk - 4,5, 5. Anand - 4,5, 6. Rəcəbov - 4,5, 7. Topalov - 4, 8. Navara - 4, 9. Məmmədyarov - 3,5, Giri - 3.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.