Sizin reklam burada

Lənkəranda biabırçılıq

Müəllif: football Tarix: 12-04-2019, 12:50 435 Baxış
Lənkəranda biabırçılıq
AFFA-nın bayrağı altında keçirilən liqada azarkeşlər meydana çıxdı
“Xəzər Lənkəran”ın əsas komandası fəaliyyətni dayandırdıqdan sonra, deyəsən, cənubli futbolsevərlər bütün diqqətlərini klubun U-17 komandasına yönəldib. Ötən illəri şirin röya kimi xatırlayan lənkəranlılar böyük futbolun qoxusunu yeniyetmələrdən almağa çalışırlar. Ancaq təəssüf ki, lənkəranlı yeniyetmələr birvaxtlar milyonlar hesabına cənuba üz tutan legionerlərin yaratdığı boşluğu doldura bilmirlər. Və bu üzdən də azarkeşlər qəzəblənərək, oyun gedə-gedə meydana çıxmağa cəhd edir, əsəblərini rəqib komandalardan çıxmağa çalışırlar.
U-17 liqası çərçivəsində baş tutan “Xəzər Lənkəran” – “Sumqayıt” oyununda xoşagəlməz insident yaşanıb. Meydan sahiblərinin 0:2 hesabıyla uduzduğu matçdan sonra tribunalara toplaşan təxminən 300-ə yaxın lənkəranlı azarkeş “kimyaçılar”ın oyunçularını cəzalandırmaq həvəsinə düşüblər. Yaşıl meydanda məğlubiyyəti həzm edə bilməyənlər qonaq komandanın hələ 17 yaşı tamam olmayan oyunçularını döymək üçün özlərinə əl qatıblar. Lakin onların bu istəyi nəticəsiz qalıb.
Hazırda “Xəzər Lənkəran”a kimin rəhbərlik etdiyini bilmədiyimizdən, məcbur olub Lənkəran stadionun direktoru Hüseyn Cəbrayıloğlu ilə əlaqə saxladıq. Sabiq həmkarımız bunları dedi: “Qonaq komanda ilk qolu 84-cü dəqiqədə vurdu. Oyunun son saniyələrində də ikinci topu “Xəzər Lənkəran”ın qapısından keçirib qələbəni bayram etdi. Həmin görüşü izləyənlərin əksəriyyəti gənclər idi. “Sumqayıt”ın futbolçularından biri qələbə sevincini bir qədər kobud şəkildə qeyd etdiyindən, bu məqam azarkeşlərin xoşuna gəlmədi. Onlar meydana girmək istəsə də, stadionun mühafizə xidməti azarkeşlərin qarşısını aldı. Düzdü, həmin yeniyetmə hələ peşəkar futbolçu deyil və bu üzdən futbolun bəzi məqamlarından xəbərsizdi. Lakin onun davranışı azarkeşləri özündən çıxardı. Həmin an arenada polislər də var idi. İnsidentin böyüyəcəyindən ehtiyatlanıb, stadiona əlavə asayiş keşikçiləri dəvət etmək istədik. Ancaq sonda buna ehtiyac duyulmadı. Hər şey yaxşı qurtardı”.
“Sumqayıt”ın mətbuat katibi Rəşad Məmmədov isə qalmaqala belə reaksiya verdi: “Lənkəranda yaşananlarla bağlı həm U-17 komandamızın baş məşqçisi Vüqar Quliyev, həm də akademiyanın meneceri Fərhad Həsənov ilə söhbət etmişəm. Biz tərəfdən orda heç nə olmayıb. Komandaları uduzduğu üçün lənkəranlı azarkeşlər bir qədər qəzəblənib. Mühafizə xidməti olmadığı üçün onlardan bəziləri meydana girib. Böyüdüləsi bir məsələ deyil. Ora toplaşan azarkeşlərin əksəriyyəti azyaşlı uşaqlar olub. Hansısa ciddi insidentdən söhbət gedə bilməz. Xırda narazılıq yaranıb, vəssalam. Azarkeşlər dəhlizə tərəf gələn vaxt bizim futbolçular artıq paltardəyişmə otağına keçiblər”.
Rəşad bəylə Lənkəran stadionunun direktorunun açıqlamalarında fərqin olduğunu, yəqin ki, siz də gördüz. Hüseyn bəy gözü qızmış, qonaq komandanın hələ 17 yaşı olmayan üzvlərini döymək həvəsi ilə meydana axışan azarkeşlərinin qarşısını mühafizə xidmətinin əməkdaşlarının aldığını bildirsə də, Məmmədov qoluzorluların bəzilərinin meydana girdiyini bildirdi. Əslində bu məsələdə günah nə meydan sahiblərində, nə də qonaqlardadı. Bütün məsuliyyət AFFA-nın üzərinə düşür. Nəyə görə assosiasiya mühafizənin və asayişin təmin olunmadığı meydanda oyun keçirilməsinə icazə verir? Həmin yeniyetmələrdən biri hansısa dəlisov azarkeş tərəfindən fiziki təzyiqə məruz qalsaydı, kim cavab verəcəkdi? Yaxşı olardı ki, AFFA rəhbərliyi belə nüanslara diqqət ayırsın, təhlükəsizliyi təmin edə bilməyən stadionlarda çempionat oyunlarının keçirilməsinə qadağa qoysun. Vaxtında tədbir görülməsə, belə xoşagəlməz olaylar davamlı şəkildə təkrarlanacaq.
RƏŞAD
SON XƏBƏRLƏR