Sizin reklam burada

KİVDF-nin ədalətsizliyinə qarşı ilk aksiya

Müəllif: football Tarix: 12-04-2019, 12:40 5 721 Baxış
KİVDF-nin ədalətsizliyinə qarşı ilk aksiya
“Futbol+” kollektivinin növbəti addımı ölüm aclığına başlamaq olacaq”
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun aprelin 1-dən maliyyə yardımını dayandırdığı “Futbol+”in kollektivi srağagün ilk etiraz aksiyasını keçirdi (aksiyadan reportaja Meydan TV və Kanal 13-dən baxa bilərsiz). Metronun “Elmlər Akademiyası” stansiyasının önündə toplaşan qəzetin kollektivi ordan KİVDF-nin ofisinin önünə doğru hərəkət erdi. “KİVDF, ədalətsizliyə son qoy!”, “Haqqımızı istəyirik”, “Bizi eşit, Prezident!” plakatlarını qaldıran “Futbol+”çilər “Ədalətsiz KİVDF”, “Saxtakar KİVDF” şüarlarını da səsləndirdilər. Qəzetin baş redaktoru Mahir Rüstəmli aksiyanı işıqlandıran jurnalsitlərin suallarını cavabladı.
- Bu bizim ilk etiraz aksiyamızdı. Təəssüf ki, ölkənin ən populyar idman nəşri maliyyələşmədən kənardadı. Heç bir əsas göstərmirlər. Yalançı bir əsasları var ki, ictimai-siyasi nəşrləri maliyyələşdirirlər. Təbii ki, bu əsas yox, bəhanədi. Ona görə ki, onların maliyyələşdirdiyi “Oxu məni”, “The Business Times”, “Hərbi and” qəzetlərinin ictimai-siyasi nəşrlərə heç bir dəxli yoxdu. Biri hərbi qəzetdi, o biri iqtisadi mövzular üzrə ixtisaslaşıb, digəri - “Oxu məni” isə şou-biznes qəzetidi. Ona görə də, bu, yalnız “Futbol+”in media bazarından sıxışdırılıb çıxarılmasına yönəlmiş, qəzeti çökdürmək üçün atılmış addımdı. Biz də bu ədalətsizliyə, haqsızlığa etiraz edirik. Nə mümkündüsə, edəcəyik ki, haqqımız bərpa olunsun.
- Maliyyə bu ildən ayrılmayıb sizə?
- 2019-cu ilin 2-ci rübündən. 2-ci rüb aprel-iyun aralığını əhatə edir. Maliyyələşəndə belə, yeganə gündəlik qəzet idik ki, bizə hamıdan az pul ayrılırdı. Başqalarına 60 min, 80 min, ən azı 40 min ayrıldığı halda, bizə yarım il ərzində maksimum 30 min manat vəsait ayrılırdı. Təbii ki, onda da haqqımız pozulurdu. Bunun üstündən keçmişik. Çünki başqa qəzetlərdən fərqli bizim oxucumuz var. Buna görə də bizə ayrılan maliyyə kifayət edirdi ki, işimizi quraq, əməkdaşlarımıza məvacib verə bilək. Belə namərd qərarla, ayrı-seçkilik etməklə, Prezidentin media siyasətinə zidd getməklə bizim həm insan, həm də jurnalist hüquqlarımız kobud şəkildə pozulur.
- 2019-cu ilin birinci rübündə maliyyə ayrılıb?
– Bəli. Hər ay 5 min manat olmaqla, toplam 15 min. Lakin indi elə qəzetlərə pul ayırıblar ki, adam qalır belə. Mən bu gün də iddia edirəm ki, “Futbol+” ölkənin qəzet bazarında bütün hallarda ilk “3-lük”dədi. İstənilən yayım şirkətinə yaxınlaşaq, bizim qəzet satışına, tirajına görə ilk “3-lük”dədi. Lakin bizim haqlarımız pozulur.
- Tək sizin qəzetdi kənarda qalan?
– Demək olar ki. 7 qəzet kənarda qalıb, onlardan 4-ü onsuz da fevralın 1-dən fəaliyyətini dayandırmışdı. Burda “Futbol+qol” qəzeti var ki, ümumiyyətlə, divar qəzetinə bənzəyir. Və bunu hər kəs də bilir. Həftədə 3 dəfə çıxmasına baxmayaraq, 40 min – bizdən 10 min daha çox pul alırdı. Maliyyə dayanan kimi onlar da fəaliyyətini dayandırdı. Onlarda kollektiv yoxdu, olsaydı, gəlib bizim kimi etiraz edərdilər. Yəqin onlar KİVDF-yə bağlıydı ki, heç bir etiraz da etmədilər.
- Qəzetinizin tirajı hazırda nə qədərdi?
– Bu gün 2000 və daha yuxarıdı. Ayrı-ayrı sayların fərqi var.
- Bəs satış?
– 60-70 faiz.
- Satış nöqtələri, demək olar ki, sıradan çıxıb. Artıq metrolarda və başqa yerlərdə də satışa imkan verilmir. Bunlar bərpa olunsa, qəzet özünü doğrulda biləcək?
– 2013-cü ildən bəri metroda qəzet satışına qadağa qoyulub. Təbii ki, bu da ədalətsiz qərardı. Ən azı satışa 15-20 faiz mane olan amildi. Çox təəssüf ki, hər şeyi fikirləşirlər, qəzetin pulun kəsməyi düşünürlər, ancaq metroda qəzet satışının bərpasıyla bağlı heç bir qərar verilmir. Bu yöndə çalışmaq istəyən ayrı-ayrı şirkətlər, insanlar var. Ancaq bunların heç birinə icazə verilmir.
- Sizcə, buna səbəb nədi?
– Bunu demək mənə çətindi. Sanki mediaya nəzarət etmək istəyirlər. İstəmirlər azad, güclü media olsun, medianın öz bazarı, tirajı yüksək olsun. İnsanların sıx hərəkət etdiyi yerdə, metroda qəzet satışına qadağa qoyulursa, bunu başqa necə anlayaq?!
- Sizə maliyyə ayrılmamasına səbəb nədi?
– Bir daha deyirəm ki, bizi qəzet bazarından sıxışdırıb çıxarmaq. Bunda da birbaşa KİVDF rəhbərliyi, Vüqar Səfərli və onun ətrafındakılar maraqlıdı. Onlara da göstəriş başqa şəkildə verilib. Deyiblər ki, normal nəşrlərlə, tirajı və satışı olan nəşrlərlə başqaları arasında fərq qoyun. Bunlar isə belə hesab edir ki, “Futbol+”i sıradan çıxarmaq ən asan yoldu. Çünki bizim arxamızda heç kim yoxdu. Nə siyasi bir qüvvəyə, nə də hansısa oliqarxa bağlıyıq. Bu kollektiv özü qəzeti maliyyələşdirir.
- KİVDF neçə il idi sizə maliyyə ayırırdı?
– Bizə son 5 ildə maliyyə ayrılıb. Başqalarına isə 10 ilə yaxındı. Artıq KİVDF-nin 10 yaşı tamam oldu, yeri gəlmişkən, onları bu münasibətlə təbrik etmirik, uğur arzulamırıq. Bizi sıradan çıxarırlarsa, yüksək tirajı, oxucusu olan qəzetə münasibətdə bunu edirlərsə, onlara heç bir uğur arzulamıram.
- Vüqar Səfərli ilə görüşmüsüz?
– Ona rəsmi müraciət etmişik. Rəsmi cavabları budu ki, Müşahidə Şurası belə qərar verib. Lakin qeyri-rəsmi söhbətlərdə də deyilir ki, guya yuxarıdan gələn göstərişdi ki, yalnız ictimai-siyasi nəşrlər maliyyələşdirilsin. Siyahıya yalnız ictimai-siyasi nəşrlərin salınmadığını isə artıq bir az əvvəl dedim.
- Başqa hansı addımlar atmağı düşünürsüz?
- Bundan sonra Prezident Administrasiyasının qarşısına gedəcəyik. Daha sonra ABŞ-ın Azərbaycandakı səfirliyinin qarşısında aksiya planlaşdırırıq. İnsan hüquqlarının və demokratiyanın qorunması ilə məşğul olan müstəqil, qeyri-hökumət təşkilatlarına müraciət edəcəyik. Bunlar da bir bəhrə verməyəcəyi halda, “Futbol+” kollektivinin növbəti addımı ölüm aclığına başlamaq olacaq.
- Kollektiv neçə nəfərdi?
– Texniki işçiləri də nəzərə alsaq, 20-yə yaxın.
- Ölkə başçısına müraciət etmisiz?
– Belə düşünürəm ki, etdiyimiz müraciətlər ölkə başçısına çatdırılmır. Ortada olan adamlar - hansı ki, qarışıqlıq yaranmasını, prezidentin imicinin zədələnməsini istəyirlər - müraciətlərimizin ölkə başçısına çatmasını əngəlləyirlər.
- Hesab edirsiz ki, bu Prezidentə qarşı sabotajdı?
– Bəli. Prezidentin Azərbaycanı idman ölkəsinə çevirmək siyasətinə ziddi. Onun iradəsinin əleyhinədi. Belə həssas məqamlarda, hansı ki, prezident islahatlar aparır, dövlətlə xalq arasında təmaslar var, açıq-aydın sabotajdı. İlk növbədə Prezidentə qarşı sabotajdı. Və ən əsası, “Futbol+”i sıradan çıxarmağa hesablanıb.
- Son müsabiqəyə hansı layihəni təqdim etmisiz?
– “İlham Əliyev: Azərbaycan idmanı üçün uğurun bələdçisi” adlı layihə idi. Və bu layihəni də Prezidentin yanında olan KİVDF qəbul etmədi.
Aksiyanın sonunda Mahir Rüstəmli piketin qətnaməsini oxudu: “Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurası bu il aprelin 1-də verdiyi qərarla “Futbol+” qəzetinə maliyyə yardımını dayandırıb. Heç bir əsası olmayan bu qərarı jurnalist və insani hüquqlarımızın pozulması, medianı tam və bütöv şəkildə görən ölkə Prezidenti İlham Əliyev cənablarının siyasətinin ziddinə olan addım, 22 illik tarixə malik bir qəzetin kollektivinə, eləcə də minlərlə oxucumuza hörmətsizlik kimi qiymətləndiririk. Azərbaycanda KİVDF Müşahidə Şurasının müəyyənləşdirdiyi bütün tələblərə cavab verən iki-üç qəzet varsa, onlardan biri də “Futbol+”di. Digər tərəfdən aprelin 1-dən maliyyə ayrılacaq qəzetlərin sırasında “Oxu məni”, “The Business Times”, “Hərbi and” kimi qəzetlərin olması “ictimai-siyasi” nəşrlər şərtinin qurama olduğunu və istisnasız “Futbol+”in siyahıdan kənarda qalmasına hesablandığını göstərir.
Odu ki, yuxarıda göstərilənləri nəzərə alaraq, KİVDF-nin Müşahidə Şurasının 1 aprel 2019-cu il tarixli qərarına yenidən baxılmasını, “Futbol+” qəzetinə ayrılan aylıq maliyyənin bərpasını tələb edirik”.
Qətnamə KİVDF-nin hüquqşünası Elşad Tağıyevə təqdim olunandan sonra kollektiv üzvləri Prezident Administrasiyasına yollandı. Mahir Rüstəmli, qəzetin reklam direktoru İlqar Əliyev və bəndəniz aparatın qəbul şöbəsinin rəhbəri ilə görüşdük. Yeri gəlmişkən, KİVDF rəhbərliyinin, xüsusilə də qurumun mətbuat katibi Samir Mustafayevin özündənrazı halda “nə istəyirsiz, edin, hara şikayət edirsiz-edin, istəyirsiz özünüzü lap maşının altına atın” deməsinə baxmayaraq, administrasiyada bizi çox gözəl qarşıladılar. Şikayətimiz dinlənildikdən sonra bizə növbəti görüş təyin olundu. Bunun ardından baş redaktor görüşün nəticəsini gözləyən media əhlinin suallarını cavabladı.
- KİVDF-nin ofisinin qarşısından gəlirik. Orda tələblərimizi səsləndirdik. Və belə hesab etdik ki, etirazımızı Prezident Administrasiyasına da çatdırmaq lazımdı. Bir az növbədə gözlədik, ancaq sonra qəbul etdilər. Dərdimizi dedik və dinlədilər. Bildirildi ki, aprelin 11-i, saat 14.00-da burda olun. Bizi qəbul edəcəklər. Ondan sonra növbəti fəaliyyət planımızı müəyyənləşdirəcəyik.
- Sizi kim qəbul edəcək?
- Onu demədilər, sadəcə, aprelin 11-i, saat 2-də burda olmağaımızı istədilər.
- Sizi Əli Orucov qəbul etdi?
- Qəbul şöbəsində qəbul etdilər. Dinlədilər və problemlərlə maraqlandılar.
- Gözləntiləriniz nədi?
- Açığı, KİVDF-nin bugünkü anlaşılmaz addımı, sonra bizi heç qəbul etməməsi onların bizə hörmətsiz münasibətini göstərir. Həm qəzetimizə, həm də jurnalistikaya, jurnalistlərə hörmətsizlik edirlər. Qəbul normal keçdi. Ümid edirəm ki, burda sağlam məntiq qalib gələcək. Ağıllı mövqe qoyacaqlar ortaya və dərdimiz eşidiləcək, bunu gözləyirəm. Ümid edirəm ki, sonunda haqq qazanacaq.
- KİVDF-nin pulu kəsməsiylə sizə konkret nə qədər ziyan dəyib?
- KİVDF-nin ayırdığı 5 min manat aylıq büdcəmizin 38-40 faizini təşkil edir. Özünüz də bilirsiz ki, nə normal reklam, nə normal satış bazarı, nə də metrolarda qəzet satışı var. Satışın olmaması bir yana, bu gün aprelin 9-du, ancaq biz yanvarın pulunu ala bilməmişik. “Futbol+”in satılmış nüsxələrinin belə pulunu ala bilmirik. Təbii ki, KİVDF-nin ayırdığı pul bizim üçün bir nəfəslik idi. Hər ayın 4-5-də köçürülən pul qəzetin fəaliyyətini qismən maliyyələşdirməyə imkan verirdi. Düzdü, borclu qalırdıq – mətbəəyə, başqa xidmətlərə, kommunal xərclərə. Amma gecikmə ilə də olsa, ödəyirdik. Bu gün 5 min manatımızın kəsilməsi büdcənin az qala yarısının itirilməsi deməkdi. Üstəlik, satdığımız qəzetlərin də pulunu ala bilmirik.
RƏŞAD
SON XƏBƏRLƏR