1997/98 mövsümündə “Kəpəz”in, 1998-dən 2005-ci ilə qədər “Şəmkir”in şərəfini qoruyan, 2000-də yığmaya cəlb olunan, futbolçu karyerasını başa vurduqdan sonra “Standard”, “Qəbələ”, “Turan Tovuz” kimi klublarda məşqçi kimi çalışan Badri Kvaratsxeliya bugünlərdə Rusiya mətbuatına müsahibə verib. Veteran futbolçu rus həmkarımıza açılamasında Moskva “Lokomotiv”inin gənc ulduzu olan oğlu Xviça Kvaratsxeliyanın karyerası barədə danışıb: “Azərbaycanda çıxış etdiyim zaman Xviça da orda futbol oynamağa başladı. İlk addımlarını həyətdə uşaqlarla top qovmaqla atıb”.
Kvaratsxeliya “Lokomotiv”in baş məşqçisi Yuri Syominlə şəxsi tanışlığının olmadığını, lakin 2012-13-də Ramiz Məmmədovun köməkçisi olduğu “Qəbələ”də onları məhz rusiyalının əvəzlədiyini xatırladıb: “Yuri Palıç Syomin oğlumun keçidində şəxsən maraqlı idi. O və skautları Xviçanı oyunlar zamanı izləyirdilər. Onunla şəxsi tanışlığım yoxdu. Syomini Azərbaycandan tanıyıram. Elə alındı ki, mən “Qəbələ”də işləyirdim. Bizdən sonra komandanı məhz Syomin qəbul etdi. Şadam ki, Xviça belə güclü mütəxəssislə işləyəcək”.
RƏŞAD hazırladı