“Qayğı görürəm, hiss edirəm ki, öz ölkəmdəyəm və öz bayrağımızı qaldırıram”
“Qəbələ”nin kikboksçusu Alim Nəbiyev klub saytına açıqlama verib. “Glory” kikboksinq liqasında çıxış edən idmançı Fransanın Strasburq şəhərində keçirdiyi son döyüşə hazırlıq haqda danışıb: “Bu döyüşə 2-3 ay hazırlaşmışdım. Toplanışın ilk mərhələsi Taylandda gerçəkləşdi. Asiyada rejimi qaydasına salmağa çalışır, gündə iki dəfə məşq edirdim. Qaçış, fiziki hazırlıq ilə məşğul olur, optimal formamı yığmağa çalışırdım. Sonrakı mərhələdə Hollandiyaya - təlim-məşq bazasına yollandım. Bu, məşhur kikboksçu Riko Verhovenin də məşq etdiyi tanınmış klubdu. Mənim məşqçim Denis də orda çalışır. Burda onun qurduğu ayyarımlıq qrafiklə fiziki və taktiki hazırlıq keçdim. Öncə ilk iki həftə fiziki məşqlər gerçəkləşdirdik. Ardınca taktiki hazırlıq və ikili sparrinqlərlə davam etdik. Yarışa düzgün və peşəkar səviyyədə hazırlaşdım. Bu, çox vacib idi. Çünki rəqibim çox güclü idi”.
Alim hollandiyalı Murtel Qroenhart üzərində qələbə haqda təəssüratını da bölüşüb: “Titul uğrunda mübarizə aparmaq üçün qalib gəlmək lazım idi. Döyüş yaxşı keçdi. Məşqçinin tapşırıqlarını, demək olar ki, 80 faiz yerinə yetirdim. Rəqib çox təhlükəli idi. Çox güclü zərbələr endirirdi, bunlar dəqiq də ola bilərdi. O, irəli atılırdı. Ona görə də rəqibi yana çəkməyə çalışır, onu yerə yıxır, ehtiyatlı davranırdım ki, hollandiyalının cəhdləri alınmasın. İnamlı qələbə qazandım. Düzdü, daha yaxşı, böyük üstünlüklə də qalib gələ bilərdim. Hər üç raundda qələbə qazandığımı düşünürəm. Baxmayaraq ki, hakimlər birinci raundda üstünlüyü rəqibə verdilər. Burda bir hakimin rəyi belə nəticənin qeydə alınmasına səbəb oldu”.
“Glory” liqasının çempionu adı uğrunda döyüşdən sonra ilk sınağına çıxan Nəbiyev həmin məğlubiyyət zamanı yarışa tək getməsini və hakimlərin tam obyektivlik göstərməməsini vurğulayıb: “Bundan əvvəlki döyüşdə uduzmağıma gəlincə, yarışa tək getmişdim. Bu, psixoloji mənada mənə pis təsir göstərdi. Buna baxmayaraq, beş raund döyüşdüm. Sonradan nəticələrə baxdım ki, üç raundda qalib gəlmişəm. Amma hakimlər çempiona üstünlük veriblər. İki titulsuz döyüşçü üz-üzə gəlsəydi, mən beş raunddan üçündə qələbə qazanacaq və titula yiyələnəcəkdim”.
Kikboksçu məğlubiyyətdən sonra baş verən dəyişiklikləri də qeyd edib: “Bu məğlubiyyətdən sonra məşq etdiyim klubu dəyişdim. İndi ən yaxşı kikboksinq klublarından birində hazırlıq keçirəm. Burda peşəkar idmançılar, yaxşı məşqçim var. Son döyüşdə Azərbaycandan, “Qəbələ”dən dəstəkləyənlər, qohum-qardaşlarım da tribunalarda idi. Dəstək var idi, bunun sayəsində də mənəvi hazır olduğumu hiss edirdim. Mənə yalnız rinqə çıxıb bacarığımı göstərmək qalırdı. Uduzduğum döyüşdə məhz belə mənəvi dəstək yox idi. Təkcə təcrübəm hesabına döyüşməli olmuşdum”.
77 kq çəki dərəcəsində “Glory”nin çempionu dəyişib. Kəmərə iddiaçı olan Alim Sedrik Dumbia ilə qarşılaşmalıdı: “Növbəti döyüşüm indiki çempion Sedrik Dumbiaya qarşı olacaq. Bir il əvvəl ona qalib gəlmişəm. Düşünürəm ki, yaxın iki həftədə döyüşün vaxtı dəqiqləşəcək. Bu qarşılaşma yayda, ya da sentyabr-oktyabrdan sonra keçirilə bilər. İndi gözləyirəm, tez qayıtmaq və “Glory” kəməri qazanmaq istəyirəm. Məqsədim qalib olmaq, çempion kəmərini Azərbaycana gətirməkdi. Məqsədimə çatanadək dayanmadan mübarizə aparacam”.
Əvvəllər Ukraynanı təmsil edib, sonradan vətənə dönən kikboksçu bu dəyişikliyin ona təsirini də vurğulayıb: “Azərbaycandakı azarkeşlərimə təşəkkür edirəm. Onların öz döyüşçülərini necə dəstəkləməsi, izləməsi hiss olunur. Mən Ukraynada anadan olub, böyümüşəm və bir müddət orda çıxış etmişəm. İndi azarkeş sevgisindəki fərqi hiss edirəm. Ukraynada çıxış edərkən belə dəstəyim yox idi. Yalnız yaxınlarımdan dəstək görürdüm. İndi vətənim Azərbaycanı təmsil edirəm. Qayğı görürəm, hiss edirəm ki, öz ölkəmdəyəm və öz bayrağımızı qaldırıram. Bunu məmnuniyyətlə edirəm. Çox sevinirəm. Belə dəstəklə yalnız qələbə qazanmaq olar. Tezliklə “Glory”nin çempionu adını da qazanarıq”.
RƏŞAD hazırladı