“Neftçi”nin sadiq azarkeşlərindən biri 1989-90-cı illərdə yazdığı gündəlikləri redaksiyamıza təqdim edib. Həmin dövrün təkcə futbol olaylarını yox, həm də ictimai-siyasi mənzərəsini aydınlatmaq baxımından maraq doğuran gündəlikdən parçaları dəyərli oxucularımıza təqdim etməyi lazım bildik. Demək olar ki, yazılanların nöqtə-vergülünə toxunmadan.
(əvvəli qəzetin ötən saylarında)
20 iyul, gecə saat 1-di. “Neftçi” yenə uduzdu. Bu dəfə “Fakel”ə - 0:2. “Rotor”la kubok oyununun necə qurtardığını bilmirəm. N. bibi öldüyünə görə televizor açmırıq. Bu axşam televizorda “Kənd zəhmətkeşləri, sizin üçün” adlı ədəbi-bədii proqram var.
28 iyul, saat 19.17. Bu axşam televizorda “Dalğa” var (rus dilində). “Neftçi” “Rotor”a 0:3 uduzub, iki oyunun nəticəsinə görə 1/8 finala çıxa bilmədi. “Rotor” həmin mərhələdə MOİK-lə oynayacaq. Bizim komandalar Avropa kuboklarında aşağıdakı rəqiblərlə oynayacaqlar:
Dnepr – Linfild (Şimali İrlandiya)
Atalanta (İtaliya) – Spartak
Torpedo – Kork Siti (İrlandiya)
Jalgiris – Göteborq (İsveçrə)
Zenit – Netsved (Finlandiya)
Dinamo (K) – MTK (Macarıstan)
1 avqust, saat 10.55. Bu gecə televizorda nə olacağını bilmirəm. Dərs ilinin başlamasına 1 ay qalır. “Neftçi” növbəti oyunu avqustin 4-də Lvovun “OİK-Karpatı” komandası ilə keçirəcək. Avqustun 7-də isə “Dauqava” ilə oynayacaqlar. Hər iki oyun Bakıda keçiriləcək. Yəqin ki, heç bir oyuna baxa bilməyəcəyik. Ona görə ki, müsəlmanlar imamın ölümünə görə yas saxlayırlar.
9 avqust, saat 22.00. “Neftçi” hər iki oyunda qalib gəldi. “Neftçi” – “OİK-Karpatı” 3:0 (Nazim Süleymanov, 18. Samir Ələkbərov, 43. Vidadi Rzayev, 67). “Neftçi” – “Dauqava” 2:0 (Yunis Hüseynov, 80. Vəli Qasımov, 85-p.). Televizoru da açmırıq.
16 avqust, saat14.45. Bu axşam televizorda “Görüş yerini dəyişmək olmaz” filminin 4-cü seriyası veriləcək. “Neftçi” bu dəfə səfərdə 1:1 edib. “Tavriya” ilə. Hesabı meydan sahibləri açıblar – 27-ci dəqiqədə. Novruz Əzimov 52-ci dəqiqədə cavab topunu vurub. Komandamız 27 xalla 6-cı yeri tutur. MOİK-in isə 38 xalı var. “Neftçi” növbəti oyunu sabah “Nistru” ilə keçirəcək. Oyun saat 21.30-da “Araz”la veriləcək. Yazının axırında yenə futbola qayıdacam. İndi isə oxuduğum və oxuyacağım kitablar barədə. Oxuduğum kitablar: Nurəddin Babayev. Babam, nənəm, atam, anam və biz. Vladimir Alekseyev. Əlvan qitələr. Rizvan Cəbiyev. Qanadlı dəvə. Rəna Şıxəmirova. Haraya çağırıram. Oxuyacağım kitablar: Firudin Ağayev. Skripkanın sərgüzəşti. C.Rzaquliyev, N.Cabbarov. İtən izlər. Heydər Qasımlı. Ata kölgəsi. Sabir Əliyev. Azərbaycanın şanlı qızları.
Avqust ayının 10-u. Həmin gün məşhur qapıçı Lev Yaşinin 60 illiyi tamam olurdu. Bu münasibətlə Moskvada böyük təntənələr keçirildi. Xaricdən məşhur futbolçular da bayrama dəvət edilmişdilər. Heyətlər çərçivəsində mən həmin oyunçuların adlarını sadalayacam. Əvvəlcə meydana “Dinamo”nun veteranları” ilə “dünya veteranları” çıxdı.
“Dinamo”nun heyəti: Pilquy, Metreveli, Sabo, Kolotov, Qazzayev, Çivadze, Qerşkoviç, Məmmədov, Netto və başqaları.
Dünya veteranları: Şumaher, Eysebio, Bekkenbauer, Platini, Çarlton, Françeskoli, Panenka, Lübanski və başqaları.
“Dinamo”dan qolları Qazzayevlə Çivadze, dünya yığmasından isə Eysebio ilə Çarlton vurdular.
Sonra isə meydana Tbilisi, Kiyev, Minsk və Moskva “dinamoçular”ından ibarət komanda ilə “dünya yığması” (cavanlar) çıxdı. Oyun 2:0 hesabı ilə bizimkilərin xeyrinə qurtardı. Birinci topu Dobrovolski, ikincini isə Kobelev vurdu. Bayram 4 saatdan artıq davam etdi. Lev Yaşin sonda bayramda iştirak edənlərin hər birinə minnətdarlığını çatdırdı.
(davamı olacaq)