Sizin reklam burada

Siyasət Əsgərovu hücum xətti narahat edir

Baxış Sayı:477

Siyasət Əsgərovu hücum xətti narahat edir
“Soyuq duş”la mübarizəyə start verdik”
Məlum olduğu kimi, qadın futbolçulardan ibarət yığmamız ötən həftə Bakıda təlim-məşq toplanışı çərçivəsində iki yoldaşlıq görüşü keçirdi. Uzun fasilədən sonra beynəlxalq oyuna çıxan Siyasət Əsgərovun komandası Estoniya ilə aprelin 3-də baş tutan görüşdə 0:1 uduzdu, şənbə günü isə qolsuz heç-heçə qeydə alındı.
Təbii ki, 2010-cu ildə fəaliyyəti dondurulan və bu ildən yenidən formalaşan komandada problemlərin olması başadüşüləndi. Baş məşqçi Siyasət Əsgərov isə nikbindi: “Bu, bizim ikinci toplanışımız idi. İlk təlim-məşq prosesi seleksiyaya həsr olunmuşdu. Bu dəfə isə iki oyun keçirdik. Problemlərimiz var idi və bu da başadüşüləndi. Əvvəla, “pəncərə” qısa müddəti əhatə etdiyinə görə ölkə xaricində çıxış edən bir çox yığma üzvünü toplanışa cəlb edə bilməmişdik. Bundan başqa, hazırlaşmaq üçün də çox vaxtımız olmadı. Aprelin 1-də yığışdıq, 3-də oyuna çıxdıq. İlk gün bir, ertəsi iki məşq etmişdik. Bununla belə, estonlarla ilk oyunda yaxşı təsir bağışladığımızı deməliyəm. Hətta heç-heçə oynadığımız ikinci oyundan da yaxşı çıxış etmişdik, mən bəyəndim. Qolu hələ heç futbolçular meydanda yerini tutmamış buraxdıq, 40-cı saniyə idi. Başqa sözlə, “soyuq duş”la mübarizəyə start verdik. Amma komanda toparlandı, rəqiblə başabaş oynadı. Problemlər olsa da, bu oyunlar gələcəyə ümidlə baxmağa əsas verdi. Sadəcə, çox işləmək lazımdı. Çatışmayan cəhətləri, boşluqları bilirik, üzərində işləyəcəyik”.
Millinin baş məşqçisi əsasən hücumdan narazı qalıb: “Müdafiə normal idi. İki oyunda 1 qol buraxdıq, onu da qeyd etdiyim kimi, isinməmiş. Hücum xəttindən narazı qaldım. Həm qol vəziyyətinin azlığı, həm də ələ düşən imkanların dəyərləndirilməməsi bizi narahat etdi. Top hücumda çox qalmırdı. Növbəti toplanışlarda bunun üzərində işləyəcəyik”.
Yeri gəlmişkən, milli iki ay sonra yenidən bir araya gələcək. Siyasət Əsgərov komandanın gələcək planları haqda məlumat verdi: “İyunda da təlim-məşq toplanışı keçirməyi planlaşdırırıq. Yenə Bakıda hazırlıq keçəcəyik. Çox güman, yenə bir yoldaşlıq görüşü təşkil olunacaq. Komandanı Avropa çempionatına qədər hazır vəziyyətə gətirməliyik. AÇ-2021-də D qrupunda yer almışıq. İspaniya, Çexiya, Polşa və Moldova milliləri ilə qarşılaşacağıq. İlk oyunumuz oktyabrın 4-də ispanlarla olacaq”.
MİRAĞA

Oxşar xəbərlər
SON XƏBƏRLƏR