“Neftçi”nin sadiq azarkeşlərindən biri 1989-90-cı illərdə yazdığı gündəlikləri redaksiyamıza təqdim edib. Həmin dövrün təkcə futbol olaylarını yox, həm də ictimai-siyasi mənzərəsini aydınlatmaq baxımından maraq doğuran gündəlikdən parçaları dəyərli oxucularımıza təqdim etməyi lazım bildik. Demək olar ki, yazılanların nöqtə-vergülünə toxunmadan.
(əvvəli qəzetin ötən saylarında)
22 iyun, saat 15.15. Günlərim əsasən kitab oxumaq və futbol oynamaq ilə keçir. İndi Salam Qədirzadənin “Başabəla Paşabala” kitabını oxuyuram. Bu gecə televizorda “Gecikmiş görüş” bədii filmi var (Azərbaycan dilində). Futbola keçməzdən əvvəl xatırladım ki, bu gün Böyük Vətən Müharibəsinin başladığı gündü. İndi isə futbol... “Neftçi” səfərdə yenə uduzdu – 0:1. “Şinnik”ə. Topu 14-cü dəqiqədə Aleksandr Romanovski vurub. “Neftçi”nin bu il güclülər dəstəsinə gələcəyinə 1 faiz inanan futbol həvəskarlarına deyirəm ki, qoy onlar son ümidlərini bir “posılka”ya qoyub Araza atsınlar. Bəlkə də cənublu qardaşlarımız bizim dərdimizdən xəbər tutalar.
29 iyun, saat 15.30. Gecə televizorda “Çay dəstgahı” var. “Neftçi” Tümendə “Geoloq”a da uduzdu. Bütün oyun ərzində üstünlük “Neftçi”nin tərəfində olmuşdur. “Geoloq” iki dəfə hücuma keçmiş və ikisi də qol ilə nəticələnmişdir. Hakim də “Neftçi”nin təmiz qolunu saymayıb. Buna adət etmişik. Bu gün Bakıda “Neftçi” ilə “Rotor” SSRİ kubokunun 1/16 final mərhələsində qarşılaşacaqlar. Bu oyun bir də ona görə maraqlıdı ki, “Rotor”un heyətində “Neftçi”nin sabiq müdafiəçisi Andrey Fedorovski də oynayacaq. Oyun televiziya ilə saat 19.00-da veriləcək. “Neftçi” çempionatda hələlik 8-ci yeri tutur. Bu arada SSRİ basketbolçuları Avropa çempionatında 3-cü yeri tutdu. Onlar yarımfinalda yunanlara uduzub (80:81) finala çıxa bilmədilər. 3-cü yür uğrunda oyunda isə italyanları uddular – 104:76. 1-ci yeri Yuqoslaviya tutdu.
29 iyun, saat 21.27. 42 dəqiqədi oyun qurtarıb. Hesab 2:1 “Neftçi”nin xeyrinə. Mənə belə gəlir ki, bu qələbə “Neftçi”yə növbəti mərhələyə çıxmağa imkan verməyəcək. Topları Vəli Qasımov (17; 28) və Stoqov vurdular.
5 iyul, saat 21.30. Sabah futbol var: “Neftçi” – “Quriya”. Oyun saat 19.00-da veriləcək. Axşam televizorda Məmməd Muradın “Təkan” televiziya tamaşası var. İndi isə keçək oyuna. “Dinamo” Stavropol ilə Bakıda hesab 2:0 oldu. “Neftçi”nin xeyrinə. Topları Arif Əsədov (78) və Nazim Süleymanov (90) vurdular. Hər ikisi sonradan meydana çıxmışdı. Nazimin qolu əla alındı.
6 iyul, saat 20.50. İki dəqiqədi oyun qurtarıb. “Neftçi” yenə uddu – 1:0. Topu Samir Ələkbərov (7-ci dəq.) vurdu. Ümumiyyətlə, oyun “Neftçi”nin üstünlüyü şəraitində keçdi. Bu gün televizorda “durğunluq” illərinin qurbanı olan Beyləqan rayon partiya komitəsinin keçmiş birinci katibi Vahid İsmayılova həsr olanan veriliş var.
14 iyul, saat 21.57. “Neftçi” bu gün növbəti oyununu keçirir. Oyun “Araz”la saat 23.00-da veriləcək. “Neftçi”nin acığına reportaja qulaq asmayacam. Əvvəlki oyunda uduzduğuna görə. “Rostselmaş”a 1:2 uduzdular. Bizdən topu 87-ci dəqiqədə Yunis Hüseynov vurub. Qoyun növbəsi sabah bizə çatacaq. Bu axşam televizorda “Dalğa” var.
(davamı olacaq)