Zaur Axundov: “Bu, futzalın dirçəlməsi yönündə önəmli addım olacaq”
UEFA-nın uşaq futbolu üçün ayırdığı 507 min avronu (təxminən 1 milyon manat) istiqaməti üzrə xərcləməkdə davam edən “Sumqayıt” srağagün elita klubları arasında daha bir ilkə imza atmaqla yadda qaldı. “Kimyaçılar”ın rəhbərliyi klubun nəzdində futzal məktəbinin açılışını etdi. Sumqayıt Olimpiya Kompleksinin zalında təşkil olunan tədbirə Futzal Federasiyasının prezidenti Zaur Axundovla yanaşı, futzal millisinin baş məşqçisi Joze Alesio da Silva, yığmanın təcrübəli üzvlərindən Vitali Borisov və Rizvan Fərzəliyev də qatılmışdı.
Tədbirə toplaşanları salamlayan “Sumqayıt”ın prezidenti Riad Rəfiyev klubun uşaq futbolu ilə bağlı müxtəlif layihələrə start verdiyini, futzal məktəbinin həyata keçirilən işlərin tərkib hissəsi olduğunu bildirdi. Uşaqlara gələcək karyeralarında uğurlar arzulayan klub prezidenti futzal komandalarına daim diqqət və qayğı ilə yanaşacaqlarını vurğuladı. Rəfiyevin çıxşından sonra futzal məktəbinin qrupları baş məşqçi Baba Əsgərovun rəhbərliyi altında qonaqlar qarşısında nümunəvi çıxışlar göstərdilər.
Tədbirdən sonra Futzal Federasiyasının prezidenti Zaur Axundovla yeni futzal məktəbin açılışı və bizi maraqlandıran başqa suallar ətrafında söhbətləşdik. Federasiya prezidenti öncə məktəblə bağlı fikirlərini bölüşdü.
- Sumqayıtda yeni futzal məktəbinin açılışı çox əlamətdar hadisədi. Bu gün ölkəmizdə idmana, futbola ölkə başçısı səviyyəsində çox böyük qayğı və diqqətin olduğunu bildirməliyəm. Bunun bariz nümunəsi kimi də bizim idman şəhərimiz olan Sumqayıtda yeni futzal məktəbinin açılışını qeyd etmək olar. Bu məktəbin açılışı belə böyük şəhərdə futzala marağı daha da artıracaq. Hazırda futzal millisində və aparıcı klublarda sumqayıtlı futbolçular çıxış edir. Fikrimcə, gələcəkdə açlışında iştirak etdiyimiz məktəbin yetirmələrinin də səs-sorağını eşidəcəyik. Çox sevindirici haldı ki, ölkədə ilk dəfə belə futzal məktəbi məhz Sumqayıtda açılır.
- Bu məktəbin açılışı “Sumqayıt” rəhbərliyinin uşaq futboluna diqqətinin nəticəsidi. Gələcəkdə bu cür məktəblərin başqa elita təmsilçilərində, eləcə də rəhbəri olduğunuz “Keşlə”də açılması mümkündü?
- Bununla bağlı bizim də müəyyən planlarımız var. Yayda Futzal Federasiyasının İcraiyyə Komitəsinin toplantısı keçiriləcək. Düşünürük ki, növbəti mövsümdə böyük futbolda olduğu kimi, futzalda da müəyyən limit tətbiq olunsun. Bütün klublara göstəriş veriləcək ki, hər birində 19 yaşa qədər futzalçı mütləq şəkildə meydana çıxsın. Bütün elita təmsilçilərinə futzal klubları yaratması da tapşırılacaq. Məncə, bu addım Azərbaycanda futzalın inkişafına təkan olacaq.
- 19 yaşa qədər futzalçılar arasında keçirilən Avropa çempionatının seçmə mərhələ oyunları bir daha göstərdi ki, Azərbaycanda futzalın gələcəyi qaranlıqdı. Belə məktəblərin açılması bu yöndə inkişafa təkan verə bilər?
- U-19 yığmasını qısa vatda formalaşdırdıq. UEFA bu turniri yeni təşkil etdiyindən, istənilən şəkildə hazırlaşmaq üçün yetərincə vaxtımız olmadı. Yığmaya 60-70 gəncin arasından seçim aparıldı. Lakin seçimin dar çərçivədə aparılması istənilən effekti vermədi. Təbii ki, gələcəkdə belə məktəblər nə qədər çox olsa, milli məşqçilərinin də seçim imkanı bir o qədər geniş olacaq. “Sumqayıt” rəhbərliyinin bu addımının futzala yeni nəfəs gətirəcəyinə əminəm.
- Futzalın bölgələrdə inkişafı da istənilən səviyyədə deyil. Bununla bağlı hansı planlarınız var?
- Fikrimiz var ki, növbəti “futbol ili”ndən bölgələrdə də bu sahəyə xüsusi diqqət ayıraq. Artıq bu yöndə müəyyən işlər görülür, bəzi səlahiyyətli şəxslərlə danışıqlar aparılır. Vacib deyil ki, həmin klub hansısa elita və ya birinci divizion təmsilçisinin nəzdində olsun. Müstəqil fəaliyyət göstərmək də olar.
- Sizə elə gəlmir ki, son vaxtlar gənclərimiz futzala o qədər də həvəs göstərmirlər. Sizcə, bu nədən irəli gəlir?
- Bütün dünyada olduğu kimi, Azərbaycanda da futbola maraq böyükdü. Çəkinmədən deyə bilərəm ki, futbol ölkəmizdə bir nömrəli idman növüdü. Bu üzdən ola bilər yeniyetmələr və gənclər daha çox böyük futbola üz tuturlar. Lakin bu o demək deyil ki, futzala maraq göstərənlərin sayı çox azdı. Gündən-günə futzalla məşğul olmaq istəyənlərin sayında artım hiss olunur. Hazırda futzal üzrə ölkə çempionatının müxtəlif liqalarında 50-dən çox komanda mübarizə aparır. Eyni zamanda bölgələrdə də futzal üzrə müxtəlif turnirlər və yarışlar keçirilir. Bu fakt isə onu göstərir ki, Azərbaycanda futzala maraq böyükdü.
- Azərbaycanda futzala marağın böyük olduğunu vurğulasaz da, real durum tam fərqlidi. Hazırda yüksək liqada yerlilərdən çox legionerlər, xüsusilə də iranlılar üstünlük təşkil edir. Bəzən elə oyunlar olur ki, sanki İran çempionatını izləyirsən. Belə kütləvi legionerləşmənin qarşısını almaq üçün hansısa tədbir görməyi planlaşdırırsız?
- Dünya futbolunda və futzalında legionerlərin oynaması təbii haldı. Legionerlərin xidmətindən yararlanmaq geniş yayılmış təcrübədi ki, bizdə də bundan yararlanırlar. Fərqi yoxdu, o hansı ölkəni təmsil edir. Bu sırf klublara aid olan məsələdi. Onlar da qarşılarına müəyyən məqsədlər qoyublar. Legionerlərin xidmətindən yararlanıb avrokuboklara vəsiqə qazanmaq istəyirlər. Ancaq kütləvi legionerləşmə bizi də narahat edir. Bayaq qeyd etdiyim kimi, yayda federasiyanın İcraiyyə Komitəsinin toplantısı olacaq. Orda bu məsələ bir daha müzakirə olunacaq və AFFA-ya müraciət edəcəyik ki, 2019/20 mövsümündən etibarən futzal klublarında legioner və gənc futzalçılarla bağlı limit tətbiq olunsun. Fikrimcə, bu, futzalın dirçəlməsi yönündə önəmli addım olacaq.
RƏŞAD