Qurban Qurbanov: “Mahir oyunu, intizamlı davranışı ilə azarkeşlərin sevgisini qazanmalıdı”
Matçdan sonra hər iki komandanın baş məşqçilərinin iştirakı ilə mətbuat konfransı keçirildi. Əvvəlcə jurnalistlər qarşısına qonaqların çalışdırıcısı Qurban Qurbanov çıxdı. 47 yaşlı mütəxəssis oyunla bağlı fikirlərini bölüşdü.
- Həddən artıq çətin oyun oldu. “Qəbələ” yenə də bizə qarşı yaxşı oyun göstərdi. Futbolçularıma təşəkkür edirəm. Sürət bir o qədər də yüksək deyildi. Bununla yanaşı, bu cür hava şəraitində mübarizə apardılar. Qalib gəlməsəydik belə, futbolçularıma “çox sağ ol” deyəcəkdim. Çünki Qəbələnin yüksəlikdə yerləşməsi oyunçulara təsir edir. Kənardan onların necə əziyyət çəkdiyini görürdüm. “Qəbələ” oyundan-oyuna artırır. Əvvəlcədən də bilirdim ki, qarşıdakı hər oyun bizim üçün çətin keçəcək.
- “Sumqayıt”la qarşılaşmadan fərqli, Almeyda bu gün zəif təsir bağışladı. “Qəbələ” də qolu məhz onun səhvindən sonra vurdu. Onun zəif oyunu da iqlim dəyişikliyi ilə bağlı idi, yoxsa…
- Ola bilər. Bəlkə də rəqib futbolçular ona daha çox diqqət yetirirdilər. Ona görə də istədiyi kimi oynaya bilmədi.
- Araz Abdullayev meydana çıxandan cəmi 4 dəqiqə sonra fərqləndi. Onu meydana buraxmağınızı məşqçi intuisiyası kimi dəyərləndirmək olar?
- Əvəzetmə uğurlu olanda deyirlər məşqçi intuisiyasıdı, əksi olanda məşqçi günahkar çıxır. Arazı təbrik edirəm. Sürəti və təcrübəsi hesabına fərqlənməyi bacardı.
- Ötən tur qeydə alınan böyükhesablı və parlaq qələbədən sonra komandanı bu oyuna kökləmək çətin olmadı?
- Hər məşqdə bunu futbolçulara xatırladırdım. Açığı, hiss etmədim ki, futbolçularda arxayınlıq var idi. Konsentrasiyanı itirməmişdilər.
- “Sumqayıt”la matçdan sonra Mahir Mədətovun atası oğlunun vurduğu qollarla bağlı paylaşım etdi ki, bu da ictimaiyyət arasında heç də yaxşı qəbul olunmadı. Bu məsələyə münasibət bildirməyinizi istərdik.
- Bu cür yazılara artıq fikir verməməyə çalışıram (pauza edir). Dəfələrlə demişəm ki, Mahir oyunu, intizamlı davranışı ilə azarkeşlərin sevgisini qazanmalıdı. Onun fikri tam futbola yönəlməlidi.
Qurban bəyin ardınca mikrofonlar arxasına “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov keçdi. O da həmkarı kimi öncə 90 dəqiqə ilə bağlı danışdı.
- Oyuna yaxşı hazırlaşmışdıq. Rəqibin bütün güclü tərəflərini incləmişdik. Erkən qoldan sonra hesabı bərabərləşdirə bildik. Üzgünük. Son dəqiqələrdə buraxılan qol bizi məyus etdi.
- Adeniyi ilə Monroz heç nəzərə çarpmırdılar...
- Verilən tapşırıqları yerinə yetirməyə çalışırdılar. Əlbəttə, bundan da yaxşı oynaya bilərdilər.
- 23 oyuna 7 qələbə qazanmısız. Öz işinizdən razısız?
- Əlbəttə ki, yox. Ancaq üzərimə düşən işi yerinə yetirirəm. Futbol bir qədər bəxt oyunudu. Müəyyən oyunlarda layiq olmadığımız xallar itirdik.
- “Qəbələ” daha güclü rəqiblərə qarşı daha istəkli oynayır.
- Yalnız “Sabah”la oyun istisnadı. Digər qarşılaşmalarda qış fasiləsindən sonra futbolçulardan, komandamdan razıyam.
RƏŞAD