“Neftçi”nin sadiq azarkeşlərindən biri 1989-90-cı illərdə yazdığı gündəlikləri redaksiyamıza təqdim edib. Həmin dövrün təkcə futbol olaylarını yox, həm də ictimai-siyasi mənzərəsini aydınlatmaq baxımından maraq doğuran gündəlikdən parçaları dəyərli oxucularımıza təqdim etməyi lazım bildik. Demək olar ki, yazılanların nöqtə-vergülünə toxunmadan.
(əvvəli qəzetin ötən saylarında)
29 may, saat 15.15. Rus dilindən imtahandan “5” aldım. Azırbaycan dili imtahanımız sabahdı. Onun biletlərini öyrənirəm. Sabah “Neftçi” SSRİ kubokunun 1/32 finalında “Göyəzən”lə oynayacaq. 31-də isə SSRİ və İslandiya komandaları arasında seçmə oyun olacaq.
31 may, saat 23.25. Televizorda “Zaman” gedir. “Zaman”dan sonra “Nəğməli bağ” musiqi proqramı var. “Neftçi” ilə “Göyəzən”in necə oynadığını bilmirəm. Saatyarım əvvəl futbol qurtardı: SSRİ – İslandiya. İslandiyalılar əla oynadılar. Bizimkilər də pis oynamadı. Oyunun qurtarmasına 4 dəqiqə qalmış rəqib hesabı bərabərləşdirdi. İmtahandan “5” aldım. “Futbol-89” kitabını oxuyuram. Bir də ki əlvida, 6-cı sinif.
2 iyun, saat 23.10. Televizorda “Zaman” gedir. “Zaman”dan sonra “Dalğa” var. “Neftçi” “Göyəzən”i udub – 2:1. Bakılılar SSRİ çempionatının növbəti turunda “Kuban” (Krasnodar) ilə oynayacaq. Oyun “Araz”la saat 19.30-da veriləcək. Hələlik 1-ci yerdə 12 oyuna 19 xal toplayan MOİK gedir. 2 yer – “Nistru”, 15 xal, 12 oyun. 3-cü yer – “Kayrat”, 15 xal, 12 oyun. 4-cü yer – “Neftçi”, 15 xal, 11 oyun. Deməli, itirilməyən xallara görə “Neftçi” 2-ci yeri tutur.
6 iyun, saat 11.10. Dünən kluba getmişdim. Yaxşı kino var idi: “Kapitan Pilliqram”. “Neftçi” də iyunun 4-də uduzdu və getdikcə vəziyyətini pisləşdirir. Düz 9 oyun idi uduzmurdular. “Neftçi” növbəti oyunu sabah özgə meydançasında “Dinamo” (Bt) ilə keçirəcək. Dünən ölkədə Matəm günü idi. Çelyabinskdə qatarın partlaması nəticəsində minlərlə adam ölüb. Həmçinin iyunun 3-də Azərbaycan xalqının qatı düşməni Xomeyni umer, qəbrə cumer.
9 iyun, saat 18.10. Axşam televizorda “Dalğa” var. Xomeyninin əvəzinə Xamenei adlı başqa birisini qoyublar. Erməni vicdansızlar yenə ərazi məsələsi qaldırırlar. Özü də SSRİ xalq deputatlarının qurultayında. Starovoytova, İgityan, Dadamyan, Ambarsumyan (akademik!). Belə pisfikirli “ziyalıların” sayını daha da artırmaq olar. “Neftçi” yenə uduzdu. Batumi “Dinamo”suna – 1:2. Əvvəlcə bizimkilər (belə deməyə dilim gəlmir...) vurublar. Cədvəlin əvvəlinə fikir verin. 1-ci yer: MOİK – 20 xal, 2-ci yer: “Kayrat” – 19 xal, 3-cü yer: “Paxtakor” – 17 xal, 8-ci yer: “Neftçi” – 15 xal. “Neftçi” növbəti oyununu ayın 13-də “Kayrat”la keçirəcək.
16 iyun. Birhəftəlik fasilədən sonra yenə görüşürük. Diqqət yetirirsənsə, son vaxtlar görüşlərimiz çox seyrəkləşib. Buna görə də gərək sənin adın “Gündəlik” olmayaydı. Bu axşam televizorda “Dalğa” var. İndi isə keçək günün əsas məsələsi olan futbola. Görüşmədiyimiz müddətdə iki oyun olub: “Neftçi” – “Kayrat”, “Neftçi” – “Paxtakor”. “Kayrat”la oyun acınacaqlı heç-heçə ilə qurtardı – 1:1. Hesabı 33-cü dəqiqədə Samir Ələkbərov açdı. Sona 4 dəqiqə qalmış isə “Kayrat” vurdu. Bu gün “Paxtakor”la oyun oldu. Haşiyə çıxıb deyim ki, Əhmədov ötən oyunda da, bu oyunda da yaxşı oynadı. Ancaq ikinci hissədə.
...Oyunun 78-ci dəqiqəsi gedir. “Neftçi”nin udacağına olan inam lap azalır. Budu, top Əhmədova ötürülür. Zərbə, qol... 1:0. Zamiqin dediyi proqnoz düz çıxır. Mən isə 2:0 demişdim.
(davamı olacaq)