Sizin reklam burada

FİDE başqanı Şəmkirə gəldi, Karlseni fərqləndirdi

Title
FİDE başqanı Şəmkirə gəldi, Karlseni fərqləndirdi
AŞF qadınlar arasında “Qran-pri”yə iddialıdı
Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Arkadi Dvorkoviç Şəmkirə gəlib. Qonaq Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, FIDE və Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti Mahir Məmmədov ilə görüşüb. Dvorkoviç 5-ci tur çərçivəsində keçirilən Maqnus Karlsen - Şəhriyar Məmmədyarov görüşündə ilk gedişi edib. Ardınca Heydər Əliyev Mərkəziylə tanış olub, xatirə kitabına ürək sözlərini yazıb.
"ShamkirChess2019" turnirinin iştirakçılarının Heydər Əliyev Mərkəzindəki fiqurları ilə də tanış olan Arkadi Dvorkoviç mətbuat konfransı keçirib. FİDE başqanı təşkiltçılığı yüksək qiymətləndirib: "Superturnir yüksək səviyyədə təşkil olunub, şəmkirlilər isə çox qonaqpərvərdi. İştirakçılardan Karlsenin oyunu daha çox maraq doğurur. Əlbəttə, o, dünyanın ən güclü şahmatçısıdı. Burda əsas fərq budu. Onun fərqləndirici xüsusiyyəti partiyalar zamanı diqqətini maksimum dərəcədə öz oyununa kökləməsi və öz üzərində çox işləməsidi".
O, rəhbərlik etdiyi qurumda bir sıra yeniliklər etmək istədiklərini deyib: “Dəyişikliklər hər zaman konfrans yolu ilə təsdiqlənir və qərarlar bu yolla verilir. Verdiyim sözləri yerinə yetirmək üçün güclü komandamız olmalıdı. Bunun üçün bir çox güclü qrossmeysteri komandaya cəlb edirik və şahmatı bütün dünyada daha da sevdirmək üçün əlimizdən gələni edirik. Dünyanın hər yerində şahmat məktəblərinin açılmasını istəyirik. FİDE-nin daxilində rəsmi vəzifələrin ən azı 25 faizini qadın əməkdaşların tutmasını arzulayırıq. Şirkətlərlə müqavilələr imzalayırıq. Hazırda bir proqram üzərində çalışırıq. Bütün məlumatları internet vasitəsi ilə əlçatan olması üşün həmin bazada yerləşdirəcəyik”.
Mahir Məmmədov isə mətbuat konfransında çıxışı zamanı ölkəmizin daha bir beynəlxalq turnirə evsahibliyi etmək istədiyini açıqlayıb: “Yeni turnirlər təsis edilən zaman şahmat təqvimində yer tapmaq çox çətindi. Növbəti ilin təqvimində Azərbaycanda keçirilən mövcud beynəlxalq turnirlər saxlanılacaq. Həmçinin FİDE ilə 2019 və 2020-cu illər üçün qadınlar arasında “Qran-pri”nin bir mərhələsinin Azərbaycanda keçirilməsi ilə bağlı danışıqlara başlamışıq”. Onun sözlərinə görə, AŞF-nin rəsmiləri yenidən formalaşan FİDE-nin müxtəlif strukturlarında yer almaqdadılar: “AŞF nümayəndələri FİDE-nin fəaliyyətində yaxından iştirak edirlər. Bizim mütəxəssislər yeni rəhbərliyin rəğbəti ilə qurumun müxtəlif komissiyalarına təyin olunmağa başlayıblar. Həmçinin iyunun sonlarında Bakıda FİDE Prezident Şurasının iclası keçiriləcək”.
Qeyd edək ki, "ShamkirChess" superturnirdən sonra ölkəmizdə daha üç beynəlxalq yarış təşkil olunacaq. Belə ki, mayda “Naxçıvan Open”, iyulun 24-dən avqustun 1-dək Vüqar Həşimovun xatirəsinə həsr olunan beynəlxalq uşaq turniri, sentyabrın 20-30-u aralığında isə “Baku Open” şahmat festivalı keçiriləcək.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.