Sizin reklam burada

“Araz Naxçıvan”ın çalışdırıcısı kəşfiyyata gəlir

Title
“Araz Naxçıvan”ın çalışdırıcısı kəşfiyyata gəlir
Yarımfinal görüşlərinin vaxtı və məkanı gələn həftə məlum olacaq
Bu gün Region Liqasında ikinci pley-off matçlarının cavab görüşləri keçiriləcək. Məhz bu oyunlardan sonra ikinci dəfə təşkil olunan turnirin yarımfinalçılarının adları məlum olacaq. Xatırladaq ki, yarımfinalda iştirak edəcək komandalardan birinin adı artıq məlumdu. Söhbət “Araz Naxçıvan”dan gedir. Komanda Muxtar Respublikanın daxili çempionatında birinci olduğundan pley-off görüşlərinə qatılmadan birbaşa yarımfinalda iştirak hüquq qazanıb.
Yarımfinal görüşlərinin vaxtı və məkanı haqda bildi almaq üçün Region Liqasının işçi qrupunun üzvü, AFFA-nın Uşaq və Gənclər üzrə yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyevlə əlaqə saxladıq. Yusif bəy hələ bu yöndə konkret qərar verilmədiyini bildirdi: “Yarımfinal matçlarının vaxtı final qarşılaşmasının hansı tarixdə keçiriləcəyindən asılıdı. Bununla bağlı gələn həftə qərar veriləcək və ictimaiyyətə açıqlanacaq. O ki qaldı yarımfinalların harda keçiriləcəyinə, bu da “4-lüy”ə düşəcək komandalardan asılıdı. Məsələn, “FC Baku” yarımfinala adlasa, onun bir oyundan ibarət yarımfinal görüşündə rəqibi Bakıda qəbul etməsi nə dərəcədə dügün olar? Belədə hansısa bölgə təmsilçisinin haqqını yemiş olarıq. Ona görə də ikinci pley-off qarşılaşamalarının nəticələrini gözləyirik. Ola bilər ki, yarımfinallardan biri bölgədə keçirilsin. “Araz Naxçıvan”la yanaşı, qalan 3 komandanın da adı müəyyənləşdikdən sonra matçların harda keçiriləcəyini açıqlayacağıq”.
Yuxarıda qeyd etdiyimiz kimi, yarımfinalda iştirak edəcək 4 komandadan biri “Araz Naxçıvan”dı. Dünən Muxtar Respublika təmilçisinin baş məşqçisi Sakit Rzayevi arayıb, çətin sınaq ərəfəsində komandanın durumu ilə maraqlandıq.
- “Araz Naxçıvan” premyer-liqadan çəkildikdən sonra artıq 5 ildi Muxtar Respublikanın daxili çempionatı təşkil olunur. Mövsümboyu 9 komanda çempionluq uğrunda mübarizə aparır. Əvvəlki illərdə olduğu kimi, bu il də “Araz Naxçıvan” çempion adına yiyələndi. Onu da qeyd edim ki, rəhbərlik etdiyim komanda sona iki tur qalmış çempionluğu rəsmiləşdirdi.
- Heyətdə yalnız gənclər çıxış edir, yoxsa təcrübəli futbolçular da yer alıb?
- Kollektiv əsasən gənclərdən qurulub. Ancaq heyətdə 3-4 təcrübəli oyunçu da var ki, onlar hələ komanda birinci divizionda çıxış edərkən “Araz Naxçıvan”ın şərəfini qoruyublar.
- Rəhbərlik etdiyiniz komandanın finala adlamaq perspektivi var?
- Bu haqda nəsə deməyim düzgün çıxmaz. Bunu yarımfinal qarşılaşması göstərəcək. Ancaq heç bir rəqibdən çəkinmirik. Futbolçularda özünəinam var və uğurlu çıxış edəcəyimizə inanıram. Kollektiv barədə ümumi danışsaq, istənilən komandada olduğu kimi, “Araz Naxçıvan”ın da üstün və zəif cəhətləri var. Məncə, dünyanın heç bir məşqçisi deməz ki, əlimin altında ideal heyət formalaşıb. Çatışmazlıqları da əzmkarlıq hesabına ört-basdır etməyə çalışacağıq.
- Yarımfinalda rəqibiniz olacaq komandaların oyunlarını izləmisiz?
- Sabah (bu gün) bu məqsədlə ilk reyslə Bakıya gələcəm. Sumqayıtda keçiriləcək “Uğur” – “Energetik” qarşılaşmasını canlı izləmək fikrindəyəm. Yarımfinalda bu cütün qalibi ilə qarşılaşacağımızdan mənim üçün əsas bu matçdı.
- Bəs komanda Bakıya nə vaxt gələcək?
- Tarix hələ dəqiqləşməyib. Bizə əvvəlcə deyilmişdi ki, yarımfinal görüşləri aprelin 13-ü və 14-də keçiriləcək. Lakin sonradan bildirdilər ki, vaxt dəqiqləşməyib. Bu məsələ dəqiqləşdikdən sonra “Araz Naxçıvan”ın Bakıya gələcəyi vaxt məlum olacaq.
- “Araz Naxçıvan”ın əsas himayədarı kimdi və paytaxta gələndə harda məskunlaşacaq?
- Komandanın himayədarı Naxçıvan Ali Məclisidi. Ali Məclis rəhbərliyinin tapşırığı ilə Muxtar Respublikanın Maliyyə Nazirliyi tərəfindən “Araz Naxçıvan”a vəsait ayrılır. Bakıda harda məskunlaşacağımız barədə bizə hələ heç nə deyilməyib. Ötən il “Neftçi”nin köhnə bazasında qalmışdıq. Görək bu dəfə AFFA bizə haranı ayıracaq.
RƏŞAD
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.