Sizin reklam burada

Futzal Federasiyası Ağatahir Əzimovla yola davam edəcək

Baxış Sayı:471

Futzal Federasiyası Ağatahir Əzimovla yola davam edəcək
Hacı-Məhərrəmov: “Legioner limitinin və komandalarda bir nəfər 19 yaşlı yerli oyunçunun olmasını planlaşdırırıq”
Martın sonunda uğursuzluğa düçar olan millilərdən biri də 19 yaşadək futzalçılardan ibarət yığma idi. Ağatahir Əzimovun rəhbərlik etdiyi komanda Sloveniyada keçirilən AÇ-nin əsas mərhələsində bərbad çıxışla yadda qaldı. Cənubi Kiprə 1:7, Hollandiyaya 1:6 hesabı ilə uduzan U-19-u meydan sahibləri daha böyük hesabla (9:1) məğlub etdi. Biabırçı çıxışın izahı isə belə oldu ki, bizim futzalçılar rəqiblərindən çox geri qalır. Ancaq komanda üç oyunda darmadağına məruz qalıbsa, rəqib qapılarından keçirdiyi 3 topun qarşılığında 22 qol buraxıbsa, bir sözlə, ortada fiasko varsa, bunun məsuliyyəti də olmalıdı.
Bəs görəsən, rəhbərlik bu haqda nə düşünür? Onlar baş məşqçi ilə yola davam etmək fikrindədilər? Problemi aradan qaldırmaq üçün hansı addımlar atılacaq? Çempionatda heç olmasa, 1 nəfər 19 yaşlının oynaması üçün klublar qarşısında limitlə bağlı hansısa tələb qoyulacaq? Çıxış yolu nədi?
Bu sualları Futzal Federasiyasının əlaqələndiricisi Zaur Hacı-Məhərrəmova ünvanladıq: “Öncə onu deyim ki, baş məşqçini dəyişmək fikrimiz yoxdu. Çünki o, bu “material”la bacardığını edib. Hazırda olanımız budu. Komanda ötən ilin iyulunda yığılıb. Bu uşaqlar heç bir futzal məktəbi görməyiblər. Hamısı böyük futboldan gəliblər. Ağatahir Əzimov onların üzərində çox iş görüb. Ümumilikdə futzalın sirlərini, incəliklərini təzə-təzə öyrətməyə başlayıb. Uşaqlar da dərhal bu komandalar önünə çıxıblar. Sonda da belə uğursuz nəticələr alındı. Gözlənilən idi. Hətta daha pis ola bilərdi. Ancaq uşaqlar çalışdılar, vuruşdular. Son aylarda öyrəndiklərini meydanda qoymağa çalışdılar. Amma əlbəttə, bu yetərli deyil. Növbəti illər, tsikllər üçün yeni nəsillər olacaq. Əlsində planlar böyükdü. Biz artıq rəhbərliklə də danışmışıq. Bəli, limitə də salacağıq. Söhbət təkcə 19 yaşlı futzalçı ilə bağlı tələbin qoyulmasından getmir. Həmçinin növbəti mövsümdən legioner limiti də olacaq. Sayla bağlı hələ heç nə deyə bilmərəm. Çünki qərarlar hələ yoxdu. Yayda bu məsələ İcraiyyə Komitəsində müzakirə olunacaq və müəyyən qərarlar veriləcək. Hər halda, legioner limiti və bir nəfər 19 yaşlı yerli oyunçunun olmasını planlaşdırırıq. Görək necə olur. Qeyd etdiyim kimi, Əzimov da bacardığını edib. Bilirsiz ki, U-19 futzal üzrə birinci liqada oynayır. Komanda həmin yarışda çıxışını davam etdirəcək. Artıq Ağatahir müəllim növbəti yaş qrupunu komandaya cəlb edə bilər. Əsasnaməyə görə U-19-da “transfer pəncərəsi” söhbəti yoxdu. Hansısa uşaq tapıldısa, mütləq yığmaya cəlb olunacaq. Həm cari, həm də gələn mövsüm komandada çıxış edə biləcək. Biz U-19-u birinci liqaya saldıq və daha çox futzal oynadılar. Oyunlar gördülər, rəqiblərlə mübarizə apardılar. Geridə qalan AÇ-nin əsas mərhələsində də bacardıqlarını etdilər. Ama dediyim kimi, bu yetərli deyil. Növbəti mövsüm üçün komandanı daha da gücləndirməyi və daha çox işləməyi düşünürük”.
Zaur bəy yığmadakı futzalçılarla bağlı bunları dedi: “İstənilən halda, növbəti, eləcə də ondan sonrakı mövsüm üçün bu yaşda sırf futzalçılar yoxdu. Yenə də böyük futboldan götürüləcək. Bu məcburiyyətdi. Bildiyiniz kimi, Sumqayıtda da futzal məktəbi açılır. Bundan başqa da bəzi planlar var. Klublarda futzal məktəbinin olması başlanğıc mərhələsindədi. Bu cür planlar mövcuddu. Ola bilər, növbəti mövsüm üçün klub olaraq yaratdıq. Düzdü, komanda olaraq birinci liqada mübarizə aparır. Amma mümkündü ki, bunu peşəkar futzal klubu kimi yaradaq. Növbəti mövsüm ancaq U-19-un uşaqları bu klubda oynasın. Klubun öz adı da olacaq. Belə bir ideya da var. Fikirlər müxtəlifdi. Çalışacağıq ki, hamısını həyata keçirək. Həmçinin büdcəyə uyğun hərəkət edəcəyik. Dəfələrlə demişdim ki, bu mövsüm test xarakterlidi. Artıq testi gördük və gələn mövsüm üçün planlar çoxdu. Və onları addım-addım həyata keçirmək fikrimiz var. Sumqayıtdan başlayır, ancaq daha çox akademiya olmalıdı. Uşaq yaşlarından futzalla məşğul olmalıdılar. Çünki böyük futboldan gəlib futzalın incəliklərini öyrənmək çox çətindi”.
FARİZ

Oxşar xəbərlər
SON XƏBƏRLƏR