“Təməlini qoyduğum fanklubu tam tərk etsəm, hamı məni qınayar”

Futbol+Tv / Foto

“Təməlini qoyduğum fanklubu tam tərk etsəm, hamı məni qınayar”
Adil dayı “Xəmsə”yə idarə heyətinin rəhbərlik etməsinin tərəfdarıdı
Ötən sayımızda “Xəmsə”nin yaradıcısı Adil Məmmədovun fanklubdan ayrıldığını xəbər vermişdik. Daha doğrusu, o, bundan sonra həmin azarkeş qrupuna rəhbərlik etməyəcək. Məlum olduğu kimi, stajlı futbol azarkeşi xeyli müddətdi səhhətindəki problemdən əziyyət çəkir. Adil dayının yaradıcısı olduğu fanklubun rəhbəri olmaqdan imtinasının səbəbi də məhz xəstəliklə bağlıdı. Təbii, bu baxımdan Məmmədovun qərarına hörmətlə yanaşmalıyıq. Bəlkə də səhhətindəki nasazlığın əsas səbəblərindən biri qışın soyuğunda, qarında, yayın istisində tribunada olmasıdı. Fiziki çətinliklər bir yana, komandanın son illərdəki enişli-yoxuşlu çıxışı da onu az yormadı. Nəticədə belə bir qərar verdi.
Dünən Adil Məmmədovla əlaqə saxlayıb, qərarı ilə bağlı fikirlərini öyrəndik, fanklubun bundan sonrakı taleyi haqda soruşduq: “Əslində fanklubun rəhbəri postundan getməyim 2 ilə yaxındı daxili müzakirə mövzusu idi. “Xəmsə” üzvləri ilə görüşəndə uşaqlarla bu haqda söbətim olurdu, hər dəfə də qalmağımı təkidlə istədiklərini bildirir, məni razı salmağı bacarırdılar. İstefamı “feysbuk” səhifəmdən açıqlamağımın səbəbi də bu idi ki, bilirdim, getdiyimi desəm, bunu onlarla müzakirə etsəm, yenə məni razı sala bilərdilər. Demək olar, bir növ hamıya sürpiriz etmiş oldum. Orda da qeyd etdiyim kimi, istefa səhhətimdə yaranan ciddi problemlərlə bağlıdı. İndiyə kimi 27 seans şüa-terapiya, 8 kurs kimya-terapiya, 4 əməliyyat keçirməyimə baxmayaraq, elə də ürəkaçan irəliləyiş yoxdu. Ona görə də rəhbər vəzifədən istefa verməyi fikirləşdim və etdim. Qeyd edim ki, mən "Xəmsə"dən getməmişəm, sadəcə, tutduğum vəzifədən məlum səbəblərə görə istefa vermişəm. Düşünürəm ki, təməlini qoyduğum fanklubu tam tərk etsəm, hamı məni qınayar. Axı "Xəmsə" mənim ikinci ailəmdi. İmkan daxilində oyunlarda fanklubla birgə olmağa çalışacam. O ki qaldı fanklubun idarəçiliyinə, böyük ehtimalla idarə heyəti bu məsuliyyəti tam olaraq öz üzərinə götürüb, ölkədə ilkə imza atacaq”.
FARİZ

Yorumlar (0)