“Neftçi”nin sadiq azarkeşlərindən biri 1989-90-cı illərdə yazdığı gündəlikləri redaksiyamıza təqdim edib. Həmin dövrün təkcə futbol olaylarını yox, həm də ictimai-siyasi mənzərəsini aydınlatmaq baxımından maraq doğuran gündəlikdən parçaları dəyərli oxucularımıza təqdim etməyi lazım bildik. Demək olar ki, yazılanların nöqtə-vergülünə toxunmadan.
(əvvəli qəzetin ötən saylarında)
28 aprel, saat 22.20. Azərbaycanda sovet hakimiyyətinin qurulmasının 69-cu ildönümüdü. Futbol həvəskarları üçün isə bundan da əhəmiyyətli bir bayram - “Neftçi”nin qələbəsi günüdü. 25 dəqiqədi oyun qurtarıb. Sağ olsun “Neftçi”, 3:1 hesabı ilə “Nistru”nu uddu. Topların ikisini Vəli Qasımov, birini isə Samir Ələkbərov vurdu. Samir bu gün yaxşı oynadı. “Neftçi” 2-ci yerdədi. Sabahkı dərslərimin də hamısını öyrənmişəm. Necə deyərlər, kefim kök, damağım çağ.
3 may, saat 17.20. 4 günlük fasilədən sonra görüşürük. Televizorda “Qayıtma” tamaşası var. “Neftçi” növbəti oyunu mayın 9-da “Kotayk”la (Abovyan) keçirəcək. Bu gün çox sönük keçir.
6 may, saat 9.50. Televizorda “Çay dəstgahı” və “Retro” var. “Neftçi” də bu gün oynayır. İndi ikinci dərs gedir. Uşaqlar səs salırlar. Müəllim yazı dəftərlərini yoxlayır. Mən “5” almışam. Xatırladıram ki, “Neftçi”nin oyunu saat 21.30-da “Araz”la veriləcək.
9 may, saat 15.52. “Neftçi” bu gün səfərdə “Torpedo” (Kt) ilə oynayır. Oyunun vaxtını bilmirəm. “Neftçi” hələlik 3-cü yerdədi. “Kotayk”la oyun 0:0 qurtardı. 100 faiz deyə bilərəm ki, komandalar razılaşmışdılar. Sabahkı dərslərimi öyrənirəm.
İndi saat 22.10 dəqiqədi. “Neftçi” ilə “Torpedo”nun oyunu 1:1 hesabı ilə qurtardı. Bizdən topu Arzu Mirzəyev 60-cı dəqiqədə vurub. Onlar cavab topunu 74-cü dəqiqədə vurublar. Heyf qələbədən. “Zaman”dan sonra televizorda “Uzaq sahillərdə” filmi var.
16 may, saat 22.10. Televizorda “Zaman” gedir. Həmişəki kimi Qorbaçov danışır. “Zaman”dan sonra Çingiz Hüseynova həsr olunmuş veriliş var. Dərslər adi qaydasınca gedir. Azərbaycan dilindən bütün biletlərin cavabını, rus dilindən isə 5 biletin cavabını yazmışam. “Neftçi” dünən heç-heçə elədi. Məncə, bunu məğlubiyyətə bərabər qəbul etmək olar. Bizim komandadan topu Yunis Hüseynov vurdu. “Neftçi” növbəti oyunu mayın 18-də Bakıda “Metallurq”la keçirəcək. Birhəftəlik fasilədən sonrakı görüşümüz də belə qurtardı.
19 may, saat 9.45. Məktəbdəyəm. Rus dili dərsi gedir. Uşaqlar səs-küy salırlar. Bu gecə televizorda “Dalğa” var. İmtahanlarımız 27-si və 30-du. Hər ikisindən biletlərin cavabını yazmışam. “Neftçi” dünən uddu. Ax, nə maraqlı oyun idi. Bizdən topları Nazim Süleymanov, Vəli Qasımov və Sergey Başkirov (öz qapısına) vurdu. Ümumi hesab 3:2. Şad xəbər: Əhmədov komandaya qayıdır.
26 may, saat 11.15. Sabah imtahanımız olacaq. 7 günlük fasilədən sonra yenə görüşürük. Dünən “Neftçi” oynadı. Nəyə görəsə özgə meydançasında “Spartak”la. Hesab 1:1 oldu. Bizdən topu Vidadi Rzayev vurdu. Sonra meydança sahibləri cavab topunu vurdular. Mayın 21-də isə Kolatana getmişdik. 7:3 hesabı ilə asan qələbə qazandıq. İndi rus dilindən biletlərə cavabları öyrənirəm. Dünən məktəbdə “son zəng” oldu. Açığını deyim ki, çox sönük keçdi. İmtahandan sonra görüşənədək.
(davamı olacaq)