Sizin reklam burada

Yığmamızın üzvü Lireni Karlsenin əsas rəqibi sayır

Title
Yığmamızın üzvü Lireni Karlsenin əsas rəqibi sayır
Naydiç: “Milli komandada birgə çıxış etdiyim həmkarlarıma inanmaq lazımdı”
"ShamkirChess 2019" superturnirində partiyaları ingilis dilində şərh edən yığmamızın üzvü Arkadi Naydiç yarışın rəsmi saytına müsahibə verib. Avropa çempionu millidəki komanda yoldaşlarının şanslarını da dəyərləndirib.
- İlk turları necə qiymətləndirirsiz?
- İlk növbədə unudulmaz şahmatçı Vüqarın xatirəsinə belə yarışın keçirilməsini qeyd etməliyəm. Təşkilatçılar "ShamkirChess2019" yarışını onun adına layiq keçirməyə nail olublar. İlk turda maraqlı partiyalar izlədik. Məsələn, Maqnus Karlsen çətinlik yaşadı. Teymur Rəcəbov ona qarşı üstünlük qazanmışdı. Sadəcə, bunu inkişaf etdirmək mümkün olmadı. Rəcəbovun dünya çempionundan 1 xal almağa real şansı var idi. İkinci turda Anand Maqnusa uduzsa belə, pis oynamadı. Partiyanın taleyi 10 gedişə həll olundu. Karyakinin inamlı oyununu söyləməliyəm. Ümumilikdə ilk turlarda Karlsenin hegemonluğu aşkar görünmür.
- Burda 3 dəfə Karlsen qalib gəlib. Sizcə, dünya çempionunu kim dayandıra bilər?
- FİDE reytinqində birinci pillənin sahibidi. İstənilən yarışda qələbə qazanmaqla bacarığını göstərir. Sözsüz ki, layiqli rəqiblər var. Amma onlar çox ehtiyatlı davranırlar. Sanki Karlsen hamını tilsimləyir. Yarışın yekunuyla bağlı 6 turdan sonra danışmaq olar.
- Lireni Karlsenin əsasi rəqib sayırlar. Çox sabit oyun nümayiş etdirir...
- Sizinlə tam razıyam. Liren bəlkə də dünyada hazırda ən sabit şahmatçıdı. Onun üçün iki nəticə var - qələbə və ya heç-heçə. Məğlubedilməz kimi tanınıb. Partiyada istənilən dönüşü etməyi bacarır. Maqnusla duelini maraqla gözləyirik. Gəlin unutmayaq, Şəmkir turniri 9 turdan ibarətdi, hər turda lider dəyişə bilər.
- Məmmədyarovla Rəcəbovun şansları necədi?
- Milli komandada birgə çıxış etdiyim həmkarlarıma inanmaq lazımdı. Şəhriyar iki dəfə burda qələbə qazanıb. Yenə çempionluq uğrunda yarışacaq. Rəcəbova gəlincə, o yəqin ilk “üçlük”də qərarlaşmağı hədəf seçib. Unutmaq olmaz ki, Şəmkirdə Karyakin, Topalov, Qrişuk kimi şahmatçılar var. Onların hər biriylə hesablaşmaq vacibdi.
- Son vaxtlar şahmatda heç-heçələr tənqid olunur. Razısızmı, heç-heçələr şahmatı maraqsız edir.
- Heç-heçələr fərqli olur. Futbolda bərabərlik olur – 0:0 və ya 4:4. Hər ikisi fərqlidi. 4:4 bitən matçda məhsuldarlıq var. Maraqsız heç-heçələr darıxdırıcı olur. Amma bəzən heç-heçəyə maraqsız demək olmur. Çempionluq matçında - Maqnus Karlsen - Fabiano Karuana duelində çoxlu sayda bərabərliklər qeydə alındı. Lakin hamısında maraqlı mübarizə izlədik. Partiya şahmatçılardan asılıdı, onlar mümkün qədər fəal oynaya bilər.
- İlin sonunda yığmalar arasında Avropa çempionatı keçiriləcək. Millimiz son yarışda qızıl medal qazanıb. Deməli, növbəti çempionatda da yalnız çempionluq yaxşı nəticə hesab olunacaq...
- Azərbaycanda ancaq ən yüksək nəticəni tələb edirlər. Biz şahmatçılar bunu başa düşürük. Azərbaycan millisi ən güclülər sırasındadı. Fikrimcə, yenidən qalib gəlmək şansımız çoxdu. Sadəcə, son qitə birinciliyində olduğu kimi, vahid komanda şəklində yarışmaq lazımdı. Millidə mehriban ab-hava var. Ona görə rəqiblərə çətinlik yaradacaq gücdəyik.
- "ShamkirChess2019" saytında partiyaları ingilis dilində şərh edirsiz. Bu sizin üçün ilkdi?
- Karyeramda ilk dəfə şərhçi kimi çalışıram. Çox maraqlıdı. Canlı yayında sanki təcrübəmi bölüşürəm, dərs keçirəm. Bütün oyunları təhlil edirəm, öz variantlarımı söyləyirəm. Canlı yayında tamaşaçıların şərhləri müsbətdi. Bu, məni çox sevindirir.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.