Sizin reklam burada

U-19-un üzvləri gücsüzlüklərini etiraf etdilər

Baxış Sayı:373

U-19-un üzvləri gücsüzlüklərini etiraf etdilər
Ağatahir Əzimov: “Təsəvvür edin, “Renc Rover” sürürsüz, mən isə Şumaherəm, amma altımda “Zaporojets”di”
Əsas futzal yığmasının reytinqinə görə Avropa çempionatına əsas seçmə mərhələdən başlayan 19 yaşlılardan ibarət milli Sloveniyada özünü güldürməkdən başqa heç nə bacarmadı. Rəqiblər “divlər” olsaydı, dərdyarı. Lakin mübarizəyə ilkin mərhələdən qoşulan komandalar önündə kürəyi bu şəkildə yerə qoymaq Azərbaycan futzalı adına faciə idi.
Sloveniyaya 1:9, Cənu Kiprə 1:7, Hollandiyaya 1:6 hesabı ilə uduzan U-19 üç oyunda qapısında 22 top gördü ki, buna nə hansısa əsas göstərmək mümkündü, nə də səbəb. Əslində belə olacağını hələ Gürcüstan və Türkiyə ilə yoldaşlıq görüşlərində qeydə alınan nəticələrdən hiss etmək olardı. Sadəcə, nisbətən yaxşısına ümid edirdik ki, o da alınmadı.
Baş məşqçi Ağatahir Əzimov qəzetimizə hər açıqlamasında sərəncamında olan futzalçıların bacarıqsızlığını önə çəkir, indiki anda 7-8 aydı yaranan yığmadan nəsə gözləməyi artıq hesab edirdi. Bu nəticələrdən sonra nə deyəcəyini maraqla gözləsək də, əsas səbəbkar Sloveniya biabırçılığından sonra danışmaq istəmədiyini bildirdi. Susmasının səbəbini isə bununla əsaslandırdı: “Jurnalistlərə böyük hörmətim var. Amma daha müsahibə, açıqlama vermək istəmirəm. Danışıram, sonra futzaldan başı çıxanlar da, çıxmayanlar da elə münasibət bildirirlər və əsəbləşirəm. Uduzmuşuq, çünki zəif idik. Mən bunu qəbul və etiraf edirəm. Bu insanlar ordakı komandaları görməyiblər deyə, nə gəldi danışırlar. Ünvanıma “Ağatahir məşqçiliyi bilmir” deyirlər. 14 il əsas yığmada oynamışam, necə oyunçu olduğumu da hamı bilir. İndi də komandama nə lazımdısa, öyrədirəm, başa salıram. Nümunə göstərim. Təsəvvür edin, adi adamsız, amma “Renc Rover” sürürsüz. Mən isə Şumaherəm, amma altımda “Zaporojets”di. Şumaher nə etsə də, “Renc Rover”i ötə bilməz, çünki maşınının mühərrik gücü zəifdi. Bugünkü vəziyyətimiz budu. Uşaqlar qələbə istəyir, can yandırır, amma gücləri çatmır. 7-8 ay məşq edib nəticə qazanmaq mümkün deyil. Bunun üçün illər lazımdı, prosesə davam etməliyik”.
Təbii, Əzimovla söhbətdə ayrı-ayrı məqamlara toxunmaq istəyirdik. Lakin müsahibə verməkdə maraqlı olmadığını görüncə, başqa yol seçməli olduq. Səbəbkarlara – acı məğlubiyyətlər zamanı top dalınca qaçanlara tribuna verməli olduq. Bəziləri müxtəlif bəhanələrlə danışmaqdan boyun qaçırsalar da, aralarında cəsarətlilər də tapıldı.
Kənan Əsədli: “Əhval-ruhiyyəmiz, təbii ki, xoş deyil. Amma bunu faciəyə çevirməyin də tərəfdarı deyiləm. Belə məqamlarda reallığı unutmamalıyıq. Yarışda həmin komandalardan zəif idik və buna görə də məğlub olduq. Xırdalıqlara varsaq, əsas çatışmazlıq kimi fiziki hazırlıqsızlığı göstərə bilərəm. Rəqib komandalarda top qovanlar sırf futzal uşaqlarıdı. İllərdi futzalla məşğul olurlar, incəlikləri bilirlər. Fiziki cəhətdən də dözümlüdülər. Biz isə 7 aydı başlamışıq. Məsələn, özümdən götürək. “Keşlə”nin U-19 komandasında futbol oynayıram. 7 ayın içində futboldan futzala keçmək və nəticə vermək asan deyil. Tək mən deyiləm, mənim kimi bir neçə nəfər də var. Birdən-birə futzala alışmaq çətinlik yaradır. Futzal oynayan digər uşaqlar isə məhəllə futzalı oynayıblar, peşəkar futzal oynamayıblar. Ən böyük bəlamız məktəbimizin olmamasıdı. Bir az tənbəlik, canımıza əziyyət verməyi xoşlamırıq. Ağatahir müəllimin bizi günahlandırması normaldı. Çünki lazım olanları başa salır, öyrədir. Meydanda ortaya qoya bilmiriksə, deməli, günah bizdədi. Belə olması isə gücsüzlüyə görədi. Futzala hədsiz həvəsim var. Davam etdirmək fikrindəyəm. Futbolda alınmasa, yəqin ki, karyeramı futzalda davam etdirəcəm... Zaur Axundov hələ ki bizimlə görüşməyib. Gözləyirik, nə vaxt çağırsalar, görüşəcəyik”.
Tofiq Hüseynov: “Nə bacarırdıqsa, ortaya qoymağa çalışırdıq. Xarakter göstərdik, meydanda var gücümüzlə oynadıq, xeyri olmadı. Çünki fiziki cəhətdən rəqiblərdən açıq-aşkar geri qalırdıq. Gücsüzlüyün müxtəlif səbəbləri var. Futzal elədi ki, əvəzetmə ilə oynayırlar. Lakin Sloveniyaya 12 nəfər aparılsa da, heç də hamı oynaya bilmədi. Çünki aramızda təcrübəsizlər vardı. Belədə yük nisbətən təcrübəlilərin üzərinə düşür ki, fiziki cəhətdən çatdırmamağımız normaldı. Rəqib komandalardakı futzalçılar uşaqlıqdan trenajor, təlim-məşq toplanışı görmüş uşaqlardı. Biz isə indi-indi başlayırıq. 18 yaşım var, trenajora hələ indi gedirəm, ilk dəfə təlim-məşq toplanışında olurdum. Ona görə də gücümüz yoxdu, ayaqlaşa bilmirik. Güc olmayandan sonra taktiki cəhətdən nə qədər hazır olursan-ol, xeyri yoxdu. Oyunun əvvəlində bir-iki taktiki tapşırığı yerinə yetiririk, üçüncüyə gücümüz çatmır. Sağ olsunlar, son zamanlar diqqət ayırmağa başlayıblar. Toplanışlar təşkil olunur, trenajora gedirik, məşqlər keçilir. Ağatahir müəllim sağ olsun, nə lazımdısa, deyir, başa salır. Biz çatdırmırıqsa, onun günahı yoxdu. Mən də “Keşlə”nin futbolçusuyam. Yığmaya kömək etmək üçün U-19-a cəlb olunmuşdum. Açığı, futzal xoşuma gəlir, həm də mənə uyğundu. İkisini də davam etdirəcəm. Görsəm ki, futbolda alınmır, karyeramı futzalda davam etdirəcəm. Ümid edirəm ki, bundan sonra futzaldakı gənclərə daha çox diqqət ayrılacaq”.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR