Türkiyənin birinci liqasında 27-ci turun oyunları keçirilib. Yığmanın sabiq hücumçusu Dəniz Yılmazın formasını geydiyi “Gənclərbirliyi” millinin digər keçmiş üzvü Ufuk Budakın şərəfini qoruduğu “Boluspor”u qəbul edib. Hesabı ilk yarıda paytaxt təmsilçisi açsa da, Bolu təmsilçisi fasilədən sonra məğlubiyyətdən qaçmağı bacarıb. Qarşılaşma 1:1 hesabıyla başa çatıb. Yılmaz bu matçın iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb. Ufuk isə start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. 27 oyuna 55 xal toplayan “Gənclərbirliyi” hazırda 55 xalla zirvədə qərarlaşıbsa, “Boluspor” 39 xalla doqquzuncudu.
Almaniyanın 2-ci bundesliqasında 27-ci turun oyunları baş tutub. Millinin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geydiyi “Ertsgebirge” də növbəti matçına çıxıb. Sözügedən klub doğma meydanda Drezden “Dinamo”su ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlub ayrılıb - 1:3. Nazarov da bu görüşün iştirakçısı olub. O, 83-cü dəqiqədə meydana çıxıb. “Ertsgebirge” hazırda 32 xalla 18 komanda arasında 13-cü pillədə qərarlaşıb.
Hollandiyanın ikinci liqasında isə 32-ci turun oyunları keçirilib. U-21-ə cəlb olunan Ziya Əzizovun formasını geydiyi “Neymegen” səfərdə “Alkmaar”ın əvəzediciləri ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyunda böyükhesablı məğlubiyyətə üzülüb – 0:4. Ziyanın adı qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib. “Neymegen” 42 xalla 20 komanda arasında 14-cü yerdədi.
Çexiyanın gənclər liqasında əsas mərhələnin ilk turunun oyunları keçirilib. U-21-in üzvü Arzuman Rizvanovun “Bohemians”ı doğma meydanda “Mlada Boleslav” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 3:1. 46-cı dəqiqədədə meydana çıxan Rizvanov 56-cı dəqiqədə rəqib qapısına yol tapıb. Bu həm də onun bu ilin yanvarında transfer olunduğu “Bohemians”da ilk qoludu. Futbolçumuzun komandası 3 xalla liderlər qrupunda qərarlaşıb.
Rusiya premyer-liqasında "Krılya Sovetov" dünən 16-cı turdan təxirə salınan oyunda səfərdə “Orenburq”a uduzub - 1:3. Qonaqların yeganə qolunun müəllifi 12-ci dəqiqədə penaltidən fərqlənən Ramil Şeydayev olub. Start heyətində meydana çıxan yığmamızın hüçumçusu 82-ci dəqiqədə əvəzlənib. Bu, Ramilin premyer-liqada 4-cü qoludu. “Krılya Sovetov” 24 xalla 11-ci pilləsində qərarlaşıb.