Yavaş-yavaş çempionatın sonuna yaxınlaşırıq. Finişə cəmi 6 tur qalıb. Ancaq bir çox suallara aydınlıq gəlməyib. Tutaq ki, hansı komandanın elitanı tərk edəcəyi ilə bağlı əmin fikir söyləmək olmur. Çünki son iki pillədə qərarlaşan “Keşlə” ilə “Sumqayıt”ı cəmi 2 xal ayırır. Heç “Sabah” ilə “Zirə” də bu baxımdan arxayınlaşa bilməz. Odu ki, həm yüksək dəstədə yerini qorumaq, həm də avrokuboklara vəsiqə qazanmaq uğrunda son 6 tur ölüm-qalım mübarizəsi vəd edir. Bundan başqa, kubokun qalibi məsələsi də var. Turnir cədvəlinin aşağı pilələlərində qərarlaşan “Zirə” və “Sumqayıt” da bu şansdan maksimum yararlanmaq istəyir. Eləcə də üçüncülük şansı “Səbail”dən xeyli az olan “Qəbələ” ilə bağlı da eyni sözləri demək olar. Dəqiqləşən məqamlar isə “Qarabağ”ın artıq avrokuboklara vəsiqə qazanması, ağdamlılardan başqa cəmi iki2 komandanın – “Neftçi” ilə “Səbail”in çempionluq şansının qalmasıdı. Qalan bütün suallara isə qarşıdakı təxminən 1 ay aydınlıq gətirəcək. Təbii ki, əsas məsələ premyer-liqanın qalibinin kim olacağıdı. Məhz bu sualın cavabı ətrafında baş sındırmağın, hansı amillərin həlledici ola biləcəyini nəzərdən keçirməyin vaxıtdı.
Şəxsi oyunlar
Aydın olsun deyə, qeyd edək ki, sonda “Neftçi” ilə “Qarabağ”ın xalları eyni olarsa, qalib bu göstəricilərin ardıcıllığı əsasında müəyyənləşəcək: öz aralarındakı oyunların nəticəsi, həmin oyunlarda top fərqi, mövsüm ərzində ən çox qələbə qazanan komanda, bütün oyunlarda vurulan və buraxılan topların fərqi, bütün görüşlərdə vurulan topların sayı, ən az qayda pozuntularına görə (xəbərdarlıq – 1 bal, kənarlaşdırılma – 3 bal) və nəhayət, püşkün nəticəsinə görə. Onu da qeyd edək ki, cari mövsüm şəxsi oyunlarda üstünlük “Neftçi”nin tərəfindədi. “Ağ-qaralar” bir görüşdə qalib gəlibsə (3:1), qalan iki oyun “sülh”lə (hər ikisi 1:1) başa çatıb. Tərəflər premyer-liqanın sonuncu turunda “Bakcell Arena”da üz-üzə gələcək. Deməli, son turdan öncə “Qarabağ” “Neftçi”dən 3 xal geridə olarsa, Qurban Qurbanovun komandası “Bakcell Arena”da “bir daşla iki quş vurmalıdı”. Qalib gəlməklə həm xallar baxımından, həm də şəxsi oyunlarda tarazlıq yaratmalıdı. Özü də “köhlən atlar” ən azı 2 top fərqiylə qələbə qazanmalıdı. Ancaq son tur ərəfəsində durumun məhz dediyimiz kimi olacağı ehtimallardan yalnız biridi.
Kubokun təsiri
Məlum olduğu kimi, “Neftçi” dekabrda kubokla vidalaşdı. “Ağ-qaralar” “Sumqayıt”la yarımfinal matçlarından (0:2, 1:0) üzüağ çıxmağı bacarmadı. Əslində “Neftçi”nin kubokla vidalaşması bir məqam baxımından komandanın işinə yaradı. Belə ki, hazırda paytaxt təmsilçisi yalnız bir “cəbhə”də mübarizə aparır. Bütün diqqət, motivasiya və güc qızıl medal hədəfinə istiqamətlənib. Halbuki “bir əldə iki qarpız tutmaq” cəhdi “ağ-qaralar”a baha başa gələ bilərdi. Bu öz yerində. Ancaq o da var ki, “ikinci cəbhə” ilə vidalaşması komandanın mümkün iki tituldan birindən məhrum olması deməkdi. Halbuki hər iki yarışda yola davam edilməsi ən azı birində uğurlu olmaq şansını saxlayırdı. İndi isə komandanın mövsümü titulsuz bitirmək ehtimalı daha yüksəkdi. İndi belə bir seçim, təsəlli üçün başqa bir variant yoxdu. Bu isə istər-istəməz komanda üzərində təzyiq yaradır. “Qarabağ” üçün isə “o olmasın, bu olsun” prinsipi aktuallığını saxlayır. Düzdü, “köhlən atlar”ın “qızıl dubl” etmək istəyində olduğu da şübhə doğurmur. Sadəcə, ən azı bir “cəbhə”ni qalib bitirmək variantı ağdamlıların çempionluq uğrunda daha rahat mübarizə aparmasına şərait yaradır. Ancaq bunun da başqa bir tərəfi var. “Neftçi”dən fərqli, bölgə təmsilçisi iki “cəbhə”də mübarizə aparacaq ki, bu da təbii ki, komandanın gücünə, hazırlığına təsir edəcək. Bu mənada heyət genişliyi Qurbanovun işinə yaraya bilər. Lakin həm çempionatda, həm də kubokda elə mərhələdi ki, eksperimentə yer yoxdu. Odu ki, kubok mübarziəsinin də komandaların çempionluq yarışına təsir edəcəyi birmənalıdı.
Psixoloji məqam
“Qarabağ”ın “Sumqayıt” üzərində 6:0 hesablı qələbəsi “köhlən atlar”ın əhval-ruhiyyəsinə müsbət təsir etdi. Rəqibin bu cür irəliləməsi isə “Neftçi”nin heç də ürəyincə deyil. Çünki “ağ-qaralar” daha çətin qələbələr qazanır. Necə ki, 3-cü dövrədə komandalar fərqli traektoriya cızdı. Nəticədə “Qarabağ” aradakı xal fərqini əritdi. Ümumiyyətlə, əzəli rəqiblərin bir-birinin qazandığı nəticənin təsirinə düşməsi məsələsi də var. Bu üzdən qalan 6 tur həm də kimin psixoloji cəhətdən daha hazır olduğunu göstərəcək. Söhbət təkcə komandanın meydandakı mübarizəsindən getmir. Çempionluq istəyən tərəf camiə olaraq buna hazır olmalıdı. Futbolçular, məşqçilər, rəhbərlik, azarkeşlər... Artıq “Qarabağ” neçə illərdi ki, qızıl medalları qazanmaqla bu duruma alışıb. Növbəti dəfə bu hədəfi gerçəkləşdirmək baxımından da hansısa psixoloji problem inandırıcı görünmür. Ancaq “Neftçi” boşa verilən bir neçə ilin ardından “qızıl”a köklənib. Paytaxt təmsilçisi bu mərhələdə büdrəməsə, əsas diqqətini nəticəyə yönəltsə, “köhlən atlar”ın seriyasını qıra bilər.
Son döyüş
Hər iki komanda itkisiz irəliləsə, yaxud da son tura qədər komandalar arasında 4 xallıq fərq yaranmasa, “Bakcell Arena”dakı oyunun hansı səviyyədə keçəcəyini təsəvvür etmək çətin deyil. Bəlkə də “meydan sahibi” anlayışı paytaxtda keçirilən duellərdə o qədər də böyük əhəmiyyət daşımır. Lakin söhbət mövsümün oyunundan, çempionluğun taleyinə təsir edən qarşılaşmadan gedirsə, artıq məsələnin mahiyyəti dəyişir. Orda hər xırda detal belə nəticədə rol oynayacaq. Meydan, psixoloji hazırlıq, baş məşqçinin işi, azarkeşlərin dəstəyi, hakimlik... Özü də hadisələrin axarı məhz son tura qədər intriqanın davam edəcəyindən xəbər verir. Belə olan halda “Bakcell Arena”da “qızıl oyun”a bərabər bir duelin şahidi olacağıq. Tribunalaırn dolacağına isə şübhə etməyə dəyməz. Təbii, belə bir qarşılaşmanın baş tutması üçün hansısa komandanın yersiz xal itkiləri olmamalıdı. Ancaq hazırda çempionat elə səviyyədədi ki, hər kəs bir-birindən xal almaq gücündədi. Odu ki, komandalar son döyüşə şanslı girmək istəyirsə, öncə qarşıdakı 5 oyuna taleyüklü matç kimi yanaşmalıdı. Bunun necə olacağını isə məhz zaman göstərəcək. Hər halda, azarkeşləri olduqca maraqlı bir mübarizə gözləyir. Son illərdə həsrətini çəkdiyimiz bir mübarizə...
FARİZ