“Neftçi”nin sadiq azarkeşlərindən biri 1989-90-cı illərdə yazdığı gündəlikləri redaksiyamıza təqdim edib. Həmin dövrün təkcə futbol olaylarını yox, həm də ictimai-siyasi mənzərəsini aydınlatmaq baxımından maraq doğuran gündəlikdən parçaları dəyərli oxucularımıza təqdim etməyi lazım bildik. Demək olar ki, yazılanların nöqtə-vergülünə toxunmadan.
(əvvəli qəzetin ötən saylarında)
10 aprel, saat 20.40. Dünən “Neftçi” uduzdu – 0:3. Topları Masalitin (8; 69) və Korneev (61) vurdular. Məsuliyyətsiz ... (söyüş yazıb) yenə də pis oynadılar. “Neftçi” bu il güclülər dəstəsinə gələ bilməyəcək.
11 aprel, saat 15.30. Yarımsaatdı məktəbdən gəlmişəm. Ayın 15-də məktəbdə dəstələr arasında futbol yarışı keçiriləcək. Bəlkə 1-ci yeri tutarıq. Görək də. “Neftçi” növbəti oyunu Lvovda “OİK-Karpatı” ilə keçirəcək. 4 gündü kəndə qəzet gəlmir. Yəqin bu gün gələr. İndi isə keçək bugünkü hadisələrə. Bu gün bədən tərbiyəsi dərsində futbol oynadıq. Bizim komanda uddu – 3:2. Mən iki top vurdum. Sonra 7-ci siniflə oynadıq. Hesab 5:1 bizim xeyrimizə oldu. Bu axşam televizorda nə olacağını bilmirəm.
15 aprel, saat 14.50. 4 gündü gündəliyə heç nə yazmıram. Bu gün məktəbdə dəstələr arasında futbol yarışı keçirildi. Əvvəlcə bizim dəstə (2-ci dəstə) ilə 3-cü dəstə oynadı. Onlar hesabı açdı. Axırıncı dəqiqədə mən hesabı bərabərləşdirdim. 11 metrlik zərbələr seriyasında isə 2:1 udduq. Ümumi hesab 3:2 bizim xeyrimizə. Sonra 1-ci dəstə bizi 2:0 hesabı ilə uddu. Birinci dəstə ilə üçüncü dəstə arasında oyun yaxın vaxtlarda olacaq. “Neftçi”nin oyunu saat 22.00-da “Araz”la veriləcək. Qulaq asacam.
16 aprel, saat 23.35. Televizorda “Hər şey başqa cür ola bilərdi” filmi gedir. Diqqət, diqqət, şad xəbər: “Neftçi” Lvovda “OİK-Karpatı” ilə oyunda 1:0 hesabı ilə qələbə qazanıb. Topu 70-ci dəqiqədə Samir Ələkbərov vurub. “Neftçi” hələlik 50 faizlik nəticə göstərir.
18 aprel, saat 23.43. Düz 1 saat 28 dəqiqə 35 saniyə əvvəl futbol qurtardı. Sağ ol, “Neftçi”. Əhsən! “Neftçi” yenə səfərdə 1:0 hesabı ilə “Dauqava”nı uddu. Topu 50-ci dəqiqədə Vladislav Qədirov vurub. “Neftçi” hələlik çempionatda 62,5 fazilik nəticə göstərir. Bu gecə televizorda “Qətl günü” tamaşasına həsr olunan veriliş var idi.
19 aprel, saat 22.10. Televizorda Habil Əliyevə həsr olunan veriliş var. “Neftçi” növbəti oyununu ayın 25-də keçirəcək.
24 aprel, saat 10.30. 3-cü dərs, “Rus dili” dərsi gedir. Bu gün televizorda “İşgüzar oyunlar”, “İdman həftəsi” verilişləri, hokkey var – SSRİ – İsveç. SSRİ oyunu heç-heçə və qələbə ilə başa çatdırsa, Avropa çempionu olacaq. İndi evdə olanlar “Futbol icmalı” verilişinə baxırlar. “Neftçi” növbəti oyunu sabah keçirəcək. Oyun saat 18.55-də veriləcək. “Neftçi” hələlik altıncı yerdədi.
25 aprel, saat 14.40. Futbolun başlanmasına 4 saat 15 dəqiqə qalır. SSRİ yığma komandası Avropa çempionu oldu. İsveç komandasını 3:2 udandan sonra. Z. ilə məni Ş. müəllim barışdırdı. Futboldan sonra bir də görüşəcəyik.
26 aprel, saat 22.40. Televizorda “Zaman” gedir. “Zaman”dan sonra isə yazıçı-dramaturq Məhərrəm Əlizadənin yaradıcılığına həsr olunan veriliş var. Sağ olsun “Neftçi”, 3:1 uddu. Topları Vəli Qasımov (12; 33) və Yaşar Vahabzadə vurdular. 1-ci yeri MOİK tutur – 10 xal. 2-ci yerdə “Nistru”du – 8 xal. 3-5-ci yerləri “Neftçi”, “Fakel” və “Metallurq” bölüşür – hərəyə 7 xal. Bu gün SSRİ yığma komandası ADR-i uddu – 3:0. SSRİ qrupda 1-ci yerdədi.
(davamı olacaq)